Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-37/2023 03.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X15 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan, Goranboy rayon Yəhərçi Qazaxlar kəndində yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun bacısıdır. Cavabdeh 1980-ci illərdə yaşadığı Goranboy rayonu Yǝhərçi Qazaxlar kəndində yaşayan X9 ərə gedib və daimi yaşamaq üçün ər evinə köçüb. Ancaq rəsmi nikahları yoxdur. Həmin kənddə yerləşən, atasından miras qalmış ev onun mülkiyyətindədir. Cavabdeh onun Ukrayna Respublikasında olmasıdan istifadə edərək mülkiyyətində olan evin bir otağını açaraq oradan istifadə edir. Hərdən onun evində və bəzi günlərdə isə öz ər evində qalır. Onu da qeyd edir ki, Cavabdeh onun evi olan kənddə, yəni Goranboy rayonu Yəhərçi Qazaxlr kəndində pasport qeydiyyatında olsa da, onun mülkiyyətində olan evdə qeydiyyatda deyildir. Belə ki, o, kənd icra nümayəndəliyində "təsərrüfat başı" kitabında ayrıca təsərrüfat olaraq qeydə alınmış, adına həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri də vardır. Faktiki və daimi yaşadığı yer 1980-ci illərdən Goranboy rayonu Yəhərçi Qazaxlar kəndində Mobil Məmmədovla yaşadığı ünvandır. Ancaq cavabdeh onun razılığı olmadan onun mülkiyyətindən istifadə edir, evdən çıxmayacağını bildirməklə onun mülkiyyət hüquqlarını həyata keçirmǝyǝ mane olur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iş həcminin çox olmasını nəzərə alaraq məhkəmə iclasının iddiaçının və onun iştirakı olmadan keçirlməsini, həmçinin cavabdehin ayrı təsərrüfat olmaqla, öz adına yaşadığı kənddə pay torpağı olmasını, ərə getməsini, yaşaması üçün ər evinin olmasını, yaşadığı kənddə ev kirayəsinin məbləğini nəzərə alaraq 5000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılması barədə qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, qardaşı (iddiaçı) ata mülkündən çıxmaq qarşılığında onun mülkiyyətində olan torpaq sahəsində öz hesabına ev tikib onun mülkiyyətinə verməsi barədə bir neçə dəfə təklif etsə də, o, bu təklifləri qəbul etməmişdir. Çünki mübahisə predmeti olan yaşayış sahəsi onun atasının mülküdür, qardaşı, yəni iddiaçı saxta yollarla həmin atasının evini öz adına keçirdərək onu oradan çıxarmaq istəyir. Onun da həmin yaşayış sahəsinə atasının varisi kimi haqqı çatır, həmin evdə ərindən ayrıldıqdan sonra təxminən 20 (iyirmi) ilə yaxındır ki, yaşayır, məbləğindən asılı olmayaraq nə qədər kompensasiya versələr də, evdən çıxmaq fikri yoxdur. Ona görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirdi ki, iddiaçı dayısı cavabdeh isə xalasıdır. Sözügedən mübahisəli evdən çıxmaq qarşılığında dayısı, yəni İddiaçı cavabdehə ev almağı və ya tikməyi təklif etmiş, lakin sonuncu razılaşmamışdır. Halhazırda dayısını öz evindən istifadə etməsinə imkan vermir, həmçinin həyətyanı torpaq sahəsində olan ağacları yandıraraq bütün təsərrüfatı məhv edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1-İE seriyalı, 503812 nömrəli çıxarışdan görünür ki, X4 ilə X11 arasında nikah xx.xx.1956-cı il tarixdə bağlanmış və bu barədə nikahın akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Daşdəmirova” soyadı verilmişdir; 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, V-784/2020 nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi oğlu - İddiaçı Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 0,49 ha olan torpaq sahəsinin miras qoyan X5 məxsus hissəsindən tam hissədə irs almalıdır; 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən 02 mart 2022-ci il tarixli, V-785/2020 nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi oğlu - İddiaçı Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində yerləşən ümumi sahəsi 102.7 kv/m olan fərdi yaşayış evindən və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan 0.49 ha olan torpaq sahəsinin miras qoyan X2 məxsus hissəsindən tam hissədə irs almalıdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində ümumi paylı mülkiyyətdə olan 0,49 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102,70 m2 olan **********02-10301 reyestr nömrəli daşınmaz əmlak İddiaçı xüsusi müllkiyyətindədir; Goranboy rayon Yəhərçi Qazaxlar kənd icra nümayəndəliyi tərəfindən verilmiş 21 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı bacısı Cavabdeh Goranboy rayon Yəhərçi Qazaxlar kəndində ayrı təsərrüfatdır və onun təsərrüfatı kənd sakinlərinin təsərrüfat kitabında 110 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Yəhərçi Qazaxlar kənd icra nümayəndəliyi tərəfindən verilmiş 24 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı bacısı Cavabdeh mülkiyyətində 1,26 ha torpaq sahəsi vardır; "xxxx" MMC tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli, 0024/23/Mİ nömrəli fərdi yaşayış evinin aylıq kirayə haqqının qiymətləndirilməsinə dair hesabatından görünür ki, Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində 0,49 ha paylı torpaq sahəsi üzərində yerləşən, İddiaçı mülkiyyətində olan, 1 mərtəbəli, 2 otaqlı, 102.7 kv/m, ümumi 60.2 kv/m, yaşayış, 42.5 kv/m, yardımçı sahədən və tikintialtı sahəsi 23.2 kv/m olan təs/damı (liter”), 4,5 kv/m olan ayaqyolu (liter İ), 15.4 kv/m olan çardaq (liter İİ), 130 kv/m olan talvar (liter İİİ), 19.3 kv/m olan talvardan (liter İV), ibarət fərdi yaşayış evinin aylıq kirayə haqqının orta bazar dəyəri 130 (bir yüz otuz) manat təşkil edir; Goranboy rayon Yəhərçi Qazaxlar kənd icra nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 13 nömrəli arayışdan görünür ki, Daşdəmirova X8 rayonu Yəhərçi Qazaxlar kəndində qeyddiyatda durmaqla orada yaşayır və onun adına olan həyətyanı torpaq sahəsində heç bir tikili yoxdur; Goranboy rayon Yəhərçi Qazaxlar kənd icra nümayəndəliyi tərəfindən verilmiş 5-45- 32/2-10/2023 nömrəli, 02 mart 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 1983-cü il tarixdə, hal-hazırda Ukrayna Respublikası vətəndaşı olan X12 ilə qeyri-rəsmi nikahda olmuş və 2000-ci ildən (ayı, günü müəyyən etmək mümkün olmamışdır) tarixdən mərhum atası X1 evində yaşamağa başlamışdır. Cavabdeh ayrıca olaraq nümayəndəliyin 02 saylı ev təsərrüfatlarının uçotu kitabının 20-ci səhifəsində şəxsi hesabı 110 № ilə qeyd edilmişdir; Goranboy rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-75/2- 4692/2023 nömrəli məktubundan görünür ki, Cavabdeh xx.xx.2005-ci il tarixdən Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində qeydiyyatdadır; Məhkəmə, cavabdehin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində 0,49 ha torpaq sahəsi üzərində yerləşən 102,7 m2 ibarət olan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində 0,49 ha torpaq sahəsi üzərində yerləşən 102,7 kv m2 ibarət olan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı ilə Cavabdeh birgə yaşaması qeyri mümkündür. Hal-hazırda cavabdeh iddiaçının mülkiyyətində olan mübahisəli evdə yaşayır. Aralarında olan mübahisələr səbəbindən iddiaçı hal-hazırda mülkiyyətində olan fərdi yaşayış evinə tam sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək hüquqlarını həyata keçirə bilmir. Tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma yoxdur. Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin kirayə haqqının bazar qiyməti 130 (yüz otuz) manat təşkil edir. İddiaçı tərəfindən təklif edilən 5000 (beş min) manat kompensasiya cavabdehin uzun müddətli başqa yaşayış sahəsi ilə təmin olunmasına imkan verir. İşin göstərilən halları tərəflərin izahatları və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 146.2-ci maddəsində qeyd olunur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Göründüyü kimi cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması həmin evin mülkiyyətçi olan iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, habelə “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuş öz mülkiyyətindən dinc istifadə etmək hüquqlarının pozulması ilə nəticələnir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə onun öz evində yaşayış hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi müəyyən edir. Bu müddəa yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə, həmçinin qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli evin bazar qiymətindən asılı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarlarında təsbit olunmuş hüquqi mövqeyə əsasən mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarını rəhbər tutmaqla ödəniləcək kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Bu baxımdan məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən ödəniləcək 5000 (beş min) manat Cavabdeh Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində kirayə haqqı orta bazar qiyməti 130 (yüz otuz) manat olan orta təmirli yaşayış sahəsində üç il və ya ondan artıq müddətdə kirayədə yaşamasını təmin etməklə Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində yerləşən iddiaçıya məxsus evdə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini kompensasiya edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanuni əsası olduğundan iddia təmin edilməli, Cavabdeh İddiaçı tərəfindən 5000 (beş min) manat pul kompensasiyası ödənilməklə onun Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməli və o, həmin evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən 5000 (beş min) manat məbləğində pul kompensasiyası ödənilməklə cavabdehin İddiaçı xüsusi mülkiyyətində olan Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində 0,49 ha torpaq sahəsi üzərində yerləşən 102,7 m2 ibarət olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin və həmin evdən çıxarılsın. Pul kompensasiyasının ödənilməsi ilə Cavabdeh fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-37/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-37/2023
03.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver