Məhkəmə qərarları › İş №2(045)-416/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-416/2023

01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-416/2023 01.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, Ərizəçi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi maraqlı şəxs kimi göstərilməklə) “müharibədə iştirak etmə və müharibə zamanı xəsarət alma” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 44 günlük vətən müharibəsində iştirak etməyi və müharibə zamanı xəsarət almağı faktının təsdiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 153-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmçinin, ərizəçi tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Yəni, Ərizəçi tərəfindən maraqlı şəxsə müraciət olunmasına dair hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Halbuki, MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara və MPM-in 153, 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə Ərizəçi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi maraqlı şəxs kimi göstərilməklə) “müharibədə iştirak etmə və müharibə zamanı xəsarət alma” barədə ərizəsi qəbul edilməkdən imtina edilsin. Qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçiyə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar