Məhkəmə qərarları › İş №2(045)-67/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-67/2024

23.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-67/2024 23.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması və cavabdeh tərəfindən apardığı tikinti işlərinə mane olmasına qadağa qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayonunun Səfikürd kəndində yerləşən onun mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Bu barədə olan ünvan 1-üzrə nümayəndəsinin müvafiq arayışını məhkəməyə təqdim edir. Məhkəməyə təqdim etdiyi 07 avqust 2012-cı il tarixli, Seriya MA № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeserinin 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, Goranboy rayonu Safıkürd kəndi ərazisində yerləşən, sahibkarlıq məqsədi ilə verilmiş 0.0075 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Cavabdehlə torpaqları qonşu sahələrdi, yəni qonşudurlar. Lakin, cavabdeh bu hissədə ona yaxşı qonşuluq etmir. Belə ki, mülkiyyətində olan torpaq sahəsinin onunla qonşu olduğu hissədə xeyli hissəsini zəbt etmişdir. Hələ bu azmış kimi, onu mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmağına maneçilik törədir. Deyir ki, “nə olsun ki, bu torpaq sahəsi sənindir, bir az o tərəfdən çəkil tik”. O, cavabdehi heç cürə başa sala bilmir ki, belə olmaz, imkan versin o tikinti işlərinə başlasın. O, isə elə dediyini deyir ki, guya ki, bu torpaq sahəsi ona məxsusdur. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. İndi istəyir ki, cavabdeh onunla qonşu olduğu hissəsdə qeyri qanuni zəbt etdiyi onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi özünə qaytarılsın. Eyni zamanda on cavabdehin qeyri qanuni hərəkətlərinin nəticəsidir ki, bu gün mülkiyətində olan torpaq shəsində tikinti işidə apara bilmir. Ona görə cavabdeh tərəfindən apardığı tikinti işlərinə cavabdeh tərəfindən olunan maneyə qadağa qoyulmasını da istəyir. Cavbdeh onun mülkiyyətində olan və onun tərəfindən zəbt etdiyi torpaq sahəsini könüllü qaytarmır istəmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Səfikürd kəndində yerləşən 0.0075 ha sahibkarlıq fəaliyyti üçün nəzərdə tutulmuş torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2024-cü il tarixli, 3-16-16/1-10/6765 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı hal-hazırda hər hansı torpaq sahəsindən istifadə etmədiyi, Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsinin kontur, koordinat və parametrləri **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrinin MA seryalı, ******* nömrəli çıxarışında göstərilən torpaq sahəsinin planı və ölçüsü ilə eyni deyil, bir hissəsindən istifadə etdiyi və **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrinin MA seryalı, ******* nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 10 kv/m hissəsi ilə Cavabdeh istifadəsindəki torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışla Goranboy rayonu Səfikürd kəndində yerləşən 0.0075 ha sahibkarlıq fəaliyyti üçün nəzərdə tutulmuş torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Lakin hazırkı vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Cavabdehlə aralarında olan narazılığa görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 0.0075 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının torpaq sahəsindən çıxarılma tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və buna dair çıxarış verilmişdir. Buna baxmayaraq, həmin 0.0075 ha torpaq sahəsinin 10 kv/m hissəsi Cavabdeh istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur və iddiaçı cavabdehə qarşı tələbində haqlıdır. Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan 0.0075 ha torpaq sahəsinin 10 kv/m hissəsi cavabdeh tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət və istifadə hüquqları mövcud deyildir. Cavabdeh qeyd olunan ərazidən istifadə edir, yəni həmin torpaq üzərində tikinti işləri aparır və iddiaçıya həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Cavabdeh tərəfindən iddiaçın mülkiyyətinə müdaxilə edilmiş, bu müdaxilə isə qanuni olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmalı və iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia təmin edilməli, Cavabdeh İddiaçı MA seriyalı, ******* nömrəli çıxarışla məxsus olan 0,0075 ha torpaq sahəsinin 10 kv/m hissəsindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəyə əlavə olunmuş sxemə uyğun olaraq çıxarılmalı və həmin torpaq sahəsi iddiaçıya qaytarılmalı, həmçinin ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MA seriyalı, ******* nömrəli çıxarışla məxsus olan 0,0075 ha torpaq sahəsinin 10 kv/m hissəsindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəyə əlavə olunmuş sxemə uyğun olaraq çıxarılsın və həmin torpaq sahəsi iddiaçıya qaytarılsın. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar