Məhkəmə qərarları › İş №2(045)-90/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-90/2023

31.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-90/2023 31.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X8 qızının katibliyi ilə, İddiaçı2 (digər İddiaçı1 nümayəndəsi) və vəkili X2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onlara məxsus olan və Goranboy şəhəri, H. Zərdabi küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 2 saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı2 xx.xx.1971-ci ildə Azərbaycan Respublikasında doğulmuş, hal-hazırda ailəsi ilə ünvan 1 ünvanda yaşayır. İddiaçı1 xx xxxxxxxx 1994-cü ildə Azərbaycan Respublikasında doğulmuş, Sumqayıt şəhərində qeydiyyatdadır və anası Aygün Məmmədova ilə Goranboy şəhərində yerləşən evdə yaşayır. Onlar yəni, iddiaçılar ana-baladır. ünvan 2 ünvanda yerləşən 0, 08 ha torpaq sahəsində yerləşən evdə İddiaçı2 yaşayır və həmin evin 2/3 hissəsi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı2, 1/3 hissəsi İddiaçı1 məxsusdur. Cavabdeh onun vəfat etmiş qardaşı Urxanın oğludur. Cavabdeh onlara məxsus olan evdə rəsmi qeydiyyatdadır, lakin heç vaxt yaşamamışdır. Cavabdehin onların evində qeydiyyatda olması formal xarakter daşıyır. Hazırda evi satmaq istəyir, lakin Cavabdeh razılıq ərizəsi vermədiyindən notariat orqanı evin alqı-satqısını rəsmiləşdirə bilmir. Ona görə hesab edir ki, cavabdeh onların mənzildən istifadə hüququnu çoxdan itirmişdir. Məhkəməyə təqdim etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, həmin evin və torpaq sahəsinin 2/3 hissəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2, 1/3 hissəsi isə İddiaçı1 məxsusdur. Məhkəmə iclasında həm iddiaçı, həm də digər İddiaçı1 nümayəndəsi kimi iştirak edən İddiaçı2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin, bildirdi ki, o, qızı İddiaçı1 ilə birlikdə sözügedən evdə yaşayır. Hazırda evi satmaq istəyir, lakin qardaşı oğlu, yəni Cavabdeh həmin evdə qeydiyyatda olduğu üçün bunu edə bilmir. Cavabdeh uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır. Qeyd edilənləri nəzərə alaraq onlara məxsus Goranboy şəhəri, H. Zərdabi küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 2 saylı evdən Cavabdeh qeydiyyatdan çıxarılmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirdi ki, Cavabdeh tanımır, sadəcə İddiaçı2 qardaşı oğlu olduğunu bilir, onun sözügedən mübahisəli ünvanda yaşadığını heç vaxt görməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirdi ki, 1988-ci ildən həmin küçədə yaşayır, Cavabdeh iddiaçılara məxsus mübahisəli ünvanda yaşadığını heç vaxt görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 saylı mənzil 2/3 hissəsi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı2, 1/3 hissəsi İddiaçı1 xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır; Goranboy şəhər icra nümayəndəliyi tərəfindən verilmiş 184 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən də ünvan 3 ünvanda qeydiyyatda olmaqla 20 ildən artıqdır ki, nümayəndəliyin ərazisində yaşamır; Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş XVİ-ЖГ seriyalı, 446767 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1994-cü ildə Naftalan şəhərində doğulmuş, atası X6, anası İddiaçı2dır. Məhkəmə, iddiaçı və nümayəndənin izahatını, şahid ifadələrini dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin): 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə iclasında işin hər tərəfli araşdırılmasının nəticəsindən məlum oldu ki, Cavabdeh iddiaçıların ümumi paylı mülkiyyətində olan ünvan 1 saylı evdə formal olaraq pasport qeydiyyatındadır və o, həmin ünvanda heç vaxt yaşamayıb və istifadə hüququ olmamışdır. Cavabdehin iddiaçılara məxsus evdə formal qeydiyyatda qalması sonunculara öz mülkiyyətlərindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin evdən qeydiyyatdan çıxarılması üçün isə onun evdən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçılara məxsus evdə formal qeydiyyatda qalması sonunculara öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, yəni mülkiyyət hüquqlarını həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onların mülkiyyət hüquqlarını “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Belə olan halda, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsus Goranboy şəhəri, H. Zərdabi küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 2 saylı evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Goranboy şəhəri H. Zərdabi küçəsi 2 saylı evdən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar