Məhkəmə qərarları › İş №2(045)-96/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-96/2025

14.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-96/2025 14.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpağın qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonunun Təhlə kəndi ərazisində yerləşən ona məxsus 0,86 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin özünə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonunun Təhlə kəndində yaşayır. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün həmkəndliləri X2 0,86 ha pay torpaq sahəsini satın almışdır. Lakin Cavabdeh ona məxsus olan pay torpağını zəbt edib özü üçün taxıl əkir, rayonun və Respublikanın bütün orqanlarına şikayət etmişdir. Torpaq şöbəsinin nümayəndəsinin iştirakı ilə həmin torpaq sahəsi ölçülmüş, onlara məxsus olduğu müəyyən edilmişdir, lakin yenə də heç bir nəticəsi olmamışdır. Cavabdeh onun tələblərini könüllü olaraq qəbul etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, iddiaçıya məxsus torpaq sahəsini bilmədən zəbt etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə etirazı yoxdur və buna dair ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: JN-179, KOD 50900158 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 2.76 hektar torpaq sahəsi Goranboy rayon Xanqərvənd kənd sakinləri X4, X6, Cavabdeh, X1, X5 mülkiyyətinə verilmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Xanqərvənd kəndində yerləşən 0.86 ha kənd təsərrüfstı təyinatlı torpaq sahəsi İddiaçı (tam) xüsusi mülkiyyətinə verilmişdir; Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 10/1940 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı hazırda istifadəsində olan Goranboy rayonunun Xanqərvənd kəndində yerləşən torpaq sahəsinin kontur, koordinat və parametrləri İddiaçı adına olan **********60 reyestr nömrəli Çıxarışa əsasən verilmiş A № 392448 nömrəli "torpaq sahəsinin plan və ölçüsü"ndə göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil etmir. Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi İddiaçı adına olan **********60 reyestr nömrəli çıxarışa əsasən verilmiş A№ 392448 nömrəli “torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsi ilə üst-üstə düşür və bütövlüklə Cavabdeh tərəfindən istifadə edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını nəzərə alaraq iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddiа təmin еdilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışla Goranboy rayonu Xanqərvənd kəndində yerləşən 0.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı (tam) xüsusi mülkiyyətinə verilmişdir. Lakin hazırkı vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Cavabdehlə aralarında olan narazılığa görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 0.86 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul edərək iddiaçıya məxsus torpaq sahəsini zəbt etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Аzərbаycаn Rеspublikаsı Torpaq Məcəlləsinin 84-cü mаddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmənin gəldiyi nəticəyə görə iddia təmin edilməli, Cavabdeh İddiaçı **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla məxsus olan 0,86 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi iddiaçıya qaytarılmalı, həmçinin ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X3, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla məxsus olan 0,86 ha torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi iddiaçıya qaytarılsın. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar