Məhkəmə qərarları › İş №2(046)-1068/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1068/2020

15.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1068/2020 15.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkil) Vəkil, cavabdeh Göyçay rayon X7 hüquqi şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayon X7 hüquqi şəxsə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixli 1168-K nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, xx.xx.2020-cü il tarixdə Göyçay rayon Mərkəzi Xəstəxanası ilə müddətsiz bağladığı əmək müqaviləsinə əsasən X4 Yardım Stansiyasına sürücü vəzifəsinə qəbul edilmişdir. İşə qəbul edildikdən sonra ona sanitar avtomobil təhkim edilmiş, işlədiyi müddət ərzində daima işinə vicdanla yanaşaraq, üzərinə düşən öhdəlikləri vaxtında, dəqiq icra etmişdir. 2020-ci ilin fevral ayında Təcili və X5 Stansiyasının kollektivinin əmək haqqının bir hissəsi qeyri-qanuni tutulduğu üçün bir qrup həkim və texniki işçilər bu məsələni aydınlaşdırmaq üçün Göyçay rayon X7 hüquqi şəxsin mühasibatlıq şöbəsinə getmiş, mühasibatlıqdan tutulmaların texniki səhv olduğu, növbəti aylarda tutulan əmək haqlarının geri qaytarılacağı bildirilmişdir. Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə ölkədə karantin rejimi tətbiq edilmişdir. Bir çox sahələrdə olduğu kimi koronavirusla əlaqədar əmək şəraitinin çətinliyinə görə dövlət tibb müəssisələrində də çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə ölkə prezidenti tərəfindən sosialyönümlü Sərəncam verilmişdir. Həmin Sərəncama əsasən dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə müəyyən edilmişdir. Aidiyyəti dövlət qurumlarına mart-iyun ayları ərzində bu tədbirlərdə iştirak edən işçilərin əmək haqları dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına təmin olunması tapşırılmışdır. Sözügedən Sərəncama uyğun olaraq mart ayından onun, eləcə də onunla birgə işləyən Təcili və X5 Stansiyasının əməkdaşlarının əmək haqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavələrin olunmadığını, nəticə etibarı ilə prezident tərəfindən verilən sərəncamın tələblərinin yerinə yetirilmədiyini görüb, TƏBİB-in tabeçiliyində olan Göyçay rayon X7 hüquqi şəxsə müraciət etmişlər. Müraciətləri əsasında Təcili və X5 Stansiyasında iclas təşkil edilərək şikayətləri dinlənilmiş, iclasda Göyçay rayon X7 Hüquqi şəxsin hüquqşünası, mühasibi və direktor müavini bildirmişlər ki, ölkə prezidentinin sözügedən sərəncamı digər şəhər və rayonların səhiyyə müəssisələri tərəfindən icra ediləcəyi halda, onların da əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavələr olunacaq. Bundan sonra, Təcili və X5 Stansiyasının 39 əməkdaşı ölkə prezidentinə müraciət edərək, sanitar avtomobillərin köhnə olması, onların təmiri üçün zəruri ehtiyat hissələrinin, dərman preparatlarının, tibbi avadanlıqların, xüsusi tibbi geyimlərin verilməməsi, eləcə də əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavələrin olunmaması və bunun üçün müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. Etdikləri müraciətdən sonra, problemlərin bir hissəsi qismən həll olunsa da, əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavələr olunmamışdır. Ona təhkim olunmuş sanitar avtomobilin mühərrikinin sıradan çıxması nəticəsində zəruri ehtiyat hissələrinin verilməsi üçün Göyçay rayon X7 Hüquqi şəxsin mühasibatlığına müraciət etmiş, zəruri ehtiyat hissələrinin bir hissəsi verilsə də, qalan ehtiyat hissələri, eləcə də usta xərci verilməmişdir. Bu işləri həyata keçirmək üçün təxminən 600 manat pul vəsaiti tələb olunmuşdur ki, aldığı əmək haqqı bunu qarşılamağa imkan verməmişdir. Usta xərcinin verilməsi üçün dəfələrlə Göyçay rayon X7 Hüquqi şəxsə müraciət etsə də, müraciəti müsbət həll olunmamışdır. Etdiyi müraciətə görə Namin adlı şəxs ona zəng edərək, direktor Elçin Bilalovun onu çağırdığını bildirmiş və direktorun qəbuluna gəlməyini tələb etmişdir. Elçin Bilalovun qəbuluna gələrək, olanlar barədə direktora məlumat vermişdir. Bundan sonra, xx.xx.2020-ci il tarixdə Göyçay rayon X7 hüquqi şəxsin insan resursları şöbəsinin müdiri Tacir Rəfiyev tərəfindən dəvət edilərək, işdən azad olunması barədə əmrin surəti ona təqdim edilmişdir. Mübahisələndirilən əmrin məzmunundan görünür ki, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsasları, eyni zamanda əmək müqaviləsinin ləğv edilməsi qaydasını nəzərdə tutan Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmiş, əmrdə işdən çıxarılmasının səbəbi əsaslandırılmamışdır. Mübahisələndirilən əmrdən fərqli olaraq əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinin ləğv edildiyi göstərilmişdir. Halbu ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində nəzərdə tutulan hər iki halın eyni vaxtda tətbiq edilməsini istisna edir. Yəni işçi ya əmək funksiyasını pozduğuna görə, ya da əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər. İşə götürən ƏM-in 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək müqaviləsini o zaman ləğv edə bilər ki, işçi əmək müqaviləsində nəzərdə tutulmuş və onun tərəfindən yerinə yetirilməli olan işlərin məcmusu üzrə olan işləri (əmək funksiyanın pozulmasına görə) və yaxud əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliyi yerinə yetirməsin. Lakin əmrdə əmək müqaviləsi üzrə hansı öhdəliyi pozması, eləcə də hansı əmək funksiyasını yerinə yetirməməsi göstərilməmiş, yalnız əmrdə, əmrin verilməsinə əsas kimi SİHİ Göyçay rayon Şurasının 07 saylı, xx.xx.2020-ci il tarixli məlumatı, 23 saylı, xx.xx.2020-ci il tarixli protokoldan çıxarış, TTTYS işçiləri tərəfindən tərtib edilmiş Akt və AR ƏM-in 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilmədiyi göstərilmişdir. İşə götürən əmrdə konkret olaraq hansı tarixdə, hansı davranışı ilə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyini əsaslandıra bilməmişdir. Əmrin verilməsinə əsas olmuş Aktdan, eləcə də digər sənədlərdən dolayısı ilə məlum olur ki, işdən çıxarılmağının əsas səbəbi Göyçay rayon X7 hüquqi şəxsin direktoru Elçin Bilalovun özünün və ailəsinin ünvanına guya nalayiq ifadələr işlətməsi olmuşdur. Halbu ki, yuxarıda qeyd etdiyi kimi belə bir hal olmamış, işdən çıxarılmağının əsas səbəbi kimi dövlət orqanlarına müraciət etməsi olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddiaçının göstərdiyi xüsusatları müdafiə etmiş, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Göyçay rayon X7 hüquqi şəxsin nümayəndəsi X9 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmuş, yəni əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş, buna görə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı işdən azad olunması barədə əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Göyçay rayon Mərkəzi Xəstəxanası ilə bağlanmış müddətsiz müqavilə əsasında Göyçay rayon X1 və X10 Yardım Stansiyasına müddətsiz olaraq sürücü vəzifəsinə işə qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon X7 hüquqi şəxsin direktoru Elçin Bilalov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 1168-K nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmiş, Təcili və X10 Yardım Stansiyasının sürücü vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. Məhkəməyə təqdim edilmiş X2 İttifaqının Göyçay Şurasının sədri T.Şükürov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “Ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalovla bağlanmış xx.xx.2020-cü il tarixli müddətsiz əmək müqaviləsinə əsasən Göyçay RMX-nin Təcili və X10 Yardım Stansiyasına sürücü vəzifəsinə təyin edilmişdir. İddiaçı Göyçay rayon X7 hüquqi şəxsin baş direktoru Elçin Bilalovun imzaladığı xx.xx.2020-ci il tarixli əmrə əsasən tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən azad edilmişdir. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsasları, eyni zamanda əmək müqaviləsinin ləğv edilməsi qaydasını nəzərdə tutan Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmiş, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, yalnız əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinin ləğv edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinə əsasən həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 1) müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 2) işçinin adı, atasının adı və soyadı; 3) əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 4) əmək müqaviləsinin ləğv edilməsinin əsası; 5) həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 6) əmək müqaviləsi ləğv edilən gün, ay və il; 7) əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 189-cu maddəsinin 1-ci bəndinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 12-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə baxışı zamanı cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Nümayəndə İddiaçı Göyçay rayon X1 və X5 Stansiyasında sürücü vəzifəsində işlədiyi dövr ərzində Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində nəzərdə tutulmuş əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Nümayəndə İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozması, yəni əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verdiyi, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi barədə göstərdikləri tam əsassızdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasından göründüyü kimi cavabdeh Göyçay rayon X7 hüquqi şəxsin direktoru X8 tərəfindən İddiaçı Göyçay RMX-nin Təcili və X5 Stansiyasında işlədiyi sürücü vəzifəsindən azad edilməsi barədə xx.xx.2020-cü il tarixli 1168-K nömrəli əmri Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələbləri pozulmaqla verildiyindən, həmin əmr qanunsuzdur. Məhkəmə hesab edir ki, İddiaçı, Göyçay rayon X7 hüquqi Şəxsin direktoru X3 imzaladığı 1168-K saylı xx.xx.2020-cü il tarixli əmrin ləğv edilməsi, həmin vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi tələbini irəli sürməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi təmin edilməli, cavabdeh Göyçay rayon X7 hüquqi şəxsin direktoru X3 imzaladığı 1168-K saylı xx.xx.2020-cü il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilməli, İddiaçı sürücü vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 10 manat dövlət rüsumu cavabdeh Göyçay rayon X7 hüquqi şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Göyçay rayon X7 hüquqi şəxsin direktoru X8 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 1168-K saylı əmr ləğv edilsin. İddiaçı Göyçay rayon X7 hüquqi şəxsin Təcili və X5 Stansiyasında sürücü vəzifəsinə bərpa edilsin. xx.xx.2020-ci il tarixdən məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilsin. 10 manat dövlət rüsumu Göyçay rayon X7 hüquqi şəxsdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahimFəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar