Məhkəmə qərarları › İş №2(046)-1074/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1074/2025

09.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1074/2025 09.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X4 Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinə girişinə qadağa qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət reyestrinin xx.xx.2018 qeydiyyat tarixli ******* seriyalı çıxarışı ilə mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndinin ərazisində yerləşən 0,2068 ha torpaq sahəsindən cavabdehin çıxarılaraq həmin torpaq sahəsinə girişinə qadağa qoyulmasına dair qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Notariat kontorunda xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,2068 ha torpaq sahəsinin reyestr xidmətinin xx.xx.2018 qeydiyyat tarixli ******* seriyalı çıxarışı ilə mülkiyyətçisidir. Respublikada aparılan torpaq sahələrin elektron qeydiyyatı üzrə sərhədlərin təyin edilməsi ilə əlaqədar həmin mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazidə Reyestr xidməti tərəfindən sərhədlər müəyyən edilərkən mülkiyyətində olan 0,2068 ha torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsinin ərazisinə, onun istifadəsində olan həmin ölçüdə torpaq sahəsi qonşusu olan şəxsin ərazisi kimi göstərildiyindən məcbur olaraq həmin ərazini qonşusu olan şəxslə notariat kontorunda bağladığı alqı-satqı müqaviləsinə əsasən mülkiyyətinə keçirtmişdir. Mülkiyyətində olan həmin 0,2068 ha torpaq sahəsi hazırda cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilib, istifadə edilir. Cavabdehlərdən zəbt olunmuş torpağının boşaldılmasını tələb etsə də, cavabdeh onun tələblərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini yəni torpağının qanunsuz zəbtini davam etdirir. Onun qanuni mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz istifadə edilir, yəni cavabdeh tərəfindən zəbt edilmiş mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, ona sahiblik edə bilmir. Tərəfindən cavabdehin qanunsuz hərəkətlərindən Polis şöbəsinə etdiyi şikayət əsasında təhqiqatçı tərəfindən araşdırma aparılmış, cinayət işinin qaldırılmasının rədd edilməsi barədə qərar qəbul edildikdən sonra cavabdeh əmlakına zərər vurmaq məqsədi ilə mülkiyyətində olan torpaq sahəsində əkilmiş bar verən 30 yağın meyvə ağacına od vurmaqla yandırmışdır. Cavabdehin iddiaya qarşı etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, İddiaçı onun 0,2068 ha torpaq sahəsinin onda olduğunu iddia edir. İddiaçı torpaq sahəsinin ucubucağını bilmədən ona iddia qaldırmışdır. Torpaq sahəsində 0,40 ha əlavə yer var və onu başqa şəxs zəbt etmişdir. Xahiş edir ki, reyestr xidməti gəlib torpaq sahəsini ölçsün və onda olan torpaq sahəsi varsa götürsün. Əgər onda onun torpaq sahəsi yoxdursa ona şər atdığı üçün iddia qaldıracaqdır. Həmin bu şəxs Göyçay rayon Çayarxı kəndinə məxsus futbol meydançasını zəbt edib oranın torpağını başqa bir yerə daşıtdırmışdır. Kənd sakinlərinin heç bir etirazına məhəl qoymamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxışında İddiaçı oğlu iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,2068 ha torpaq sahəsi vardır. Keçən il iki nəfər kənd sakini daşınmaz əmlakın mütəxəssisi ilə gələrək onların həmin ərazidə torpaqları olduqlarını bildirdilər. Ölçü işləri aparılan zamanı onunda yerinin göstərilməsini xahiş etmişdir. Həmin vaxt mütəxəssislər ona torpağının bir hissəsinin Cavabdeh torpaq sahəsinə, bir hissəsinin isə digər qonşunun torpaq hissəsinə düşdüyünü bildirdilər. Cavabdehdən ona məxsus torpaq sahəsindən çıxarılmasını tələb etsə də,bunun bir nəticəsi olmamışdır.Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsi başqa adamın istifadəsindədir. Həmin torpaq sahəsini ona başqa adam istifadə etməyə vermişdir.Həmin torpaq sahəsinə hər hansı bir sənədi yoxdur.Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0,2068 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 70 nömrəli vərəqəsində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,2068 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2025-ci il tarixli, 10/4132 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-36/2-1564/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********53 reyestr, ********** saylı qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan 0,2068 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin A№210762 nömrəli ‘Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlara uyğun döngə nöqtələri və **********53 reyeştr nömrəli çıxarışın idarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (Tekuis Azcad) yerləşmə vəziyyətinə uyğun döngə nöqtələrinin koordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. İdarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS- AzCAD) göstərilən, **********53 reyestr nömrəli çıxarışla X1 mülkiyyətində olan 0,2068 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, **********53 reyestr, ********** saylı qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,2068 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı xx.xx.2018-ci tarixli A№210762 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlar sürüşmə vəziyyətində olan kəndin kompleks yerquruluşu islahat layihəsi üzərində tərtib edilmişdir və sözügedən koordinatlar sürüşmə ilə başqa şəxslərə məxsus fərdi yaşayış evləri ilə üst-üstə düşür. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki,aparılmış tədqiqatın dəyəri 50 manatdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin,istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin halları ilə müəyyən olunur ki, ekspert rəyinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,2068 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Odur ki, iddia qaldırmış İddiaçı torpaq sahəsindən çıxarılma tələbini irəli sürmək subyektiv hüquqa malik olmuşdur. Mülki qanunvericiliyin tələbinə görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan 0,2068 ha torpaq sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququ bərpa edilməli,mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, İddiaçı məxsus Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,2068 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi aradan qaldırılmalı, cavabdeh 0,2068 ha torpaq sahəsindən çıxarılmalı, bununla da iddia təmin olunmalıdır. Məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının aparılması üçün 50 manat ekspertiza xərcindən,cəmi 150 manatdan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh 100 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməli, Cavabdeh 50 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,2068 ha torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinə girişinə qadağan olunsun. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 100 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh 50 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar