Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1091/2025 11.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz istifadə edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, ətrafındakı hasarın və üzərindəki köməkçi tikililərin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qanunsuz istifadə edilən Göyçay şəhərinin 50-ci məhəlləsində yerləşən, RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan, A 192445 saylı torpaq sahəsini planı və ölçüsü sənədində göstərilən 0,05 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin boşaldılmasına, ətrafındakı hasarın və üzərindəki köməkçi tikililərin sökülməsinə, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : Göyçay şəhərinin 50-ci məhəlləsində xüsusi mülkiyyətində 0.05 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 dekabr 2017-ci il tarixdə qeydə alınmışdır. (Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış seriya RX №1105490) Uzun müddət Azərbaycanda yaşamadığı üçün alqısatqı müqaviləsi bağlamaqla əldə etdiyi həmin torpaq sahəsi ilə maraqlanmaq imkanı olmamışdır. Təxminən 3 ay əvvəl əraziyə gedərkən ona məlum oldu ki, Cavabdeh torpaq sahəsini öz torpaq sahəsi ilə birləşdirib ətrafını mişar daşı ilə hasarlamışdır. Mübahisəni aydınlaşdırmaq üçün koordinatların dəqiqləşdirilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş və mütəxəssislər koordinatları müəyyən etdikdən sonra ona məlum oldu ki, torpaq sahəsi həqiqətən cavabdehin qanunsuz istifadəsindədir. Dəfələrlə tələb etsə də cavabdeh torpaq sahəsini boşaltmır. Hətta bu barədə şikayətlə Göyçay rayon Polis Şöbəsinə də müraciət etmişdir. Həmin vaxt cavabdeh polisə izahat verərək ona məxsus torpaq sahəsinə heç bir iddiasının olmadığını bildirsə də 18 mart 2025-ci il tarixdə torpaq sahəsinə gedərkən cavabdeh atası ilə birlikdə onu döymüşdür. Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə edir və bununla da mülkiyyət hüququnu pozur. Yəni o mülkiyyətində olan torpaq sahəsindən istifadə və ona sahiblik edə bilmir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı «qanunsuz istifadə edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, ətrafındakı hasarın və üzərindəki köməkçi tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun tərəfindən qanunsuz istifadə edilən Göyçay şəhərinin 50-ci məhəlləsində yerləşən, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan, A 192445 saylı torpaq sahəsini plan və ölçüsü sənədində göstərilən 0,05 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin boşaldılmasına, ətrafındakı hasarın və üzərindəki köməkçi tikililərin sökülməsinə, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmin iddia ərizəsinə etiraz edir və aşağıda qeyd etdiklərinə əsasən hesab edir ki, İddiaçı ona qarşı «qanunsuz istifadə edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, ətrafındakı hasarın və üzərindəki köməkçi tikililərin sökülməsi» tələbinə dair iddia tələbi əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırır ki, o iddiaçının torpaq sahəsini öz torpaq sahəsi ilə birləşdirib ətrafını mişar daşı ilə hasarlamışdır. Qeyd edir ki, İddiaçı bu dəlilini təsdiq edəcək heç bir sübut iddia ərizəsinə əlavə etməmişdir. Onun iddia ərizəsində yazdıqları sübutlara deyil, daha çox ehtimallara əsaslanır. Məhkəmənin nəzərinə çatdırır ki, o Göyçay rayon Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Göyçay rayon Bələdiyyəsinin ehtiyyat fondu olan prespektiv inkişaf üçün ayrılmış torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,05 ha torpaq sahəsi alqı-satqı qaydasında adına rəsmiləşdirilməsini xahiş etmiş, Göyçay rayon Bələdiyyəsinin sədri tərəfindən ərizənin bələdiyyənin ümumi iclasının müzakirəsinə çıxarılması barədə dərkənar qoyulmuşdur. Göyçay rayon Bələdiyyəsinin 12 may 2003-cü il tarixli, 05 saylı qərarı ilə Göyçay rayon Bələdiyyəsinə ünvanladığı ərizə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müsbət rəyi və cizgisi, torpaq alqı-satqı üçün ödənilmiş vəsaitin qəbzi əsas götürələrək və Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, «Torpaq İslahatı» haqqında qanuna və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 saylı «Torpaqların alqı-satqı qaydaları»-na uyğun olaraq Göyçay rayon Bələdiyyəsinin ehtiyyat fondu olan prespektiv inkişaf üçün ayrılmış torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,05 ha torpaq sahəsi ona (Cavabdeh) alqı-satqı qaydasında satılması qərara alınmışdır. Bundan sonra «Torpaqların alqı-satqısına dair» aktla Göyçay rayon Bələdiyyəsinin mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin dəyəri əvvəlcədən bələdiyyənin hesabına ödənilməklə ona satılmışdır. Alqı-satqı aktını Göyçay rayon Bələdiyyəsinin sədri, alıcı kimi o və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müdiri imzalamışlar və həmin akt 06 avqust 2005-ci il tarixdə “114” nömrə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsində qeydə alınmışdır. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən Göyçay rayon Bələdiyyəsinə rəy təqdim edilərək mülkiyyətində olan torpaq sahəsindən 0,05 ha həyətyanı məqsədi ilə ona alqı-satqı qaydasında satılması məqsədə uyğun hesab edilərək heç bir etriazın olmadığı qeyd edilmişdir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri satıldıqda qiymətlər torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Sözü gedən 0,05 ha torpaq sahəsi ona Göyçay rayon Bələdiyyəsi tərəfindən həyətyanı məqsədi ilə bilavasitə satılmışdır. Göyçay rayon Bələdiyyəsi tərəfindən torpaq sahəsi ona satılarkən qeyd olunan normativ aktların tələblərinə əməl olunmuş, Göyçay rayon Bələdiyyəsinin 12 may 2003-cü il tarixli, 05 saylı qərarı Göyçay bələdiyyəsinin sədri tərəfindən imzalanmış və Göyçay Bələdiyyəsinə məxsus möhür ilə təsdiq edilmiş, torpaq sahəsini Göyçay Bələdiyyəsindən satın alarkən qabaqcadan səlahiyyətli orqanın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müsbət rəyi alınmış, torpaq sahəsinin bələdiyyə tərəfindən müəyyən edilmiş dəyəri olan pul bələdiyyənin hesabına əvvəlcədən ödənilməklə onunla Göyçay Bələdiyyəsi arasında torpaq sahəsinin aqı-satqısı barədə müqavilə (akt) imzalanaraq həmin müqavilə (torpaqların alqı-satqısına dair akt) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsində qeydə alınmış, həmin vaxtdan torpaq sahəsindən təyinatı üzrə istifadə edərək torpaq vergisini bələdiyyənin hesabına ödəmiş və həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüququ Göyçay rayon Göyçay Bələdiyyəsinin 12 may 2003-cü il tarixli, 05 saylı qərarı ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi onun Göyçay rayon Bələdiyyəsi tərəfindən həyətyanı məqsədi ilə satılmış 0,05 ha torpaq sahəsini vicdansız əldə etməyi müəyyən olunmur. İddiaçı iddia ərizəsində mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını qeyd etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, onun sənədi iddiaçının sənədindən əvvəl tərtib olunmuşdur. Başqa sözlə, iddiaçının sənədi qanunsuz olaraq onun sənədinin üzərinə işlənmişdir. Mübahisəli torpaq sahəsində tərəflərindən müxtəlif 30 illik meyvə ağaclar əkilmiş ağaclardır. Bələdiyyə tərəfindən heç kimə alqı-satqı olunmayıb, həmin torpaq sahəsi satılarsa, 30 illik torpaq sahəsinin istifadəçisi kimi ilk əvvəl ona təklif olunmalı idi. Çünki uzun müddətdir ki, həmin torpaq sahəsinə görə torpaq vergisi ödəyir. İş materialları : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay şəhəri, 50-ci məhəllədə yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 11 nömrəli vərəqəsində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Göyçay rayon İHB-nın Potu kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 153 nömrəli arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh Göyçay rayonu Kürd kəndində yaşayır. Torpaqların alqı-satqısına dair aktın təsdiq edilmiş surətindən görünür ki, 12 may 2003-cü il tarixli, 05 saylı qərarı ilə Göyçay rayon Bələdiyyəsinin ehtiyyat fondu olan prespektiv inkişaf üçün ayrılmış torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,05 ha torpaq sahəsi ona Cavabdeh alqı-satqı qaydasında satılması qərara alınmışdır. Azərbaycan Respublikası Göyçay rayon Göyçay bələdiyyəsi sədrinin 12 may 2003-cü il tarixli 05 saylı qərarından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göyçay rayonu Potu kənd sakini Cavabdeh 0,05 hektar Bələdiyyənin ehtiyyat fondu olan prespektiv inkişafı üçün ayrılmış torpaq sahəsindən həyətyanı torpaq sahəsi kimi ayrılması və satılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/6148/2025 saylı məktubundan görünür ki, 2(046)-1091/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin (bundan sonra - Xidmət) mütəxəssisləri cəlb olunmaqla Mərkəzin ekspertlərinə tapşırılmışdır. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 4.0.7-ci bəndinə əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq hüquqlarına malikdir. Bundan əlavə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.38-ci bəndinə əsasən məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsi qurumun vəzifəsi olaraq müəyyən olunmuşdur. Qeyd olunan normativ sənədlərin tələblərindən aydın olur ki, xidmət dövlət orqanı kimi rəy vermək səlahiyyətinə malikdir və həmin rəylər dövlət orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən qərar qəbul edilməsi üçün əsas hesab oluna bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, tədqiqat obyektinə iddiaçı və cavabdehin iştirakı ilə mütəxəssislər tərəfindən baxış keçirilmiş, ölçmə işləri aparılmışdır. Baxış zamanı Cavabdeh faktiki istifadə etdiyini bildirdiyi 0.1986 ha torpaq sahəsinin koordinatları götürülmüşdür. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********06 reyestr nömrəli (RX1105490) çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.05 ha həyətyanı torpaq sahəsinin 0.045 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. **********06 reyestr nömrəli (RX1105490) çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.05 ha həyətyanı torpaq sahəsinin 4 kv.metr hissəsində Cavabdeh istifadəsində olan sanitar qovşaq mövcud olduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. Tərəflərin izahatları: Məhkəmə baxışında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, o vəkil kimi işə yeni qoşulmuşdur. İddiaçı faktiki göstərdiyi torpaq sahəsi ilə çıxarışda göstərilən torpaq sahəsi eyni deyil, bunu həmin torpaq sahəsini ona satan şəxs şahid kimi məhkəmədə təsdiq edə bilər. Bundan başqa 16 saylı Ucar Ərazi İdarəsinə və icra nümayəndəliyinə sorğu göndərilmiş, lakin həmin sorğuların cavabı hələ bügünədək gəlməmişdir. Sorğu onun üçün verilmişdir ki, iddiaçı tərəfin cavabdehdən iddia etdiyi torpaq sahəsi iddiaçıya aid deyil, iddiaçı başqa yerdən torpaq almış, həmin torpaqdan istifadə edərək orada ev tikdirmiş, həmin torpaq və ev iddiaçının istifadəsindədir. İddiaçı bir müqavilə ilə iki yerdən torpaq əldə etmək istəyir. Tərəflərə məxsus torpaq sahəsinin koordinatlarda uyğunsuzluq vardır ki, uyğunsuzluğun aradan qaldırılması ilə bağlı inzibati məhkəmədə iddia qaldırmışlar. O, Şəki İnzibati Məhkəməsinə etdiyi müraciət ilə bağlı sənəd təqdim etmişdir. İnzibati Prosessual Məcəlləsində iddia ərizəsinin dəftərxanaya daxil olduğu gündən icraata götürülmüş hesab olunur. Sərəncam olmasa belə qanunla iddia ərizəsi icraata götürülmüş hesab olunur. Bundan başqa qeyd edir ki, hər iki tərəfə torpağı bələdiyyə satmışdır. Bələdiyyə yaranmamışdan öncə 1998-ci il tarixdən sözügedən torpaq sahəsi cavabdehin istifadəsində olmuş, hasar çəkilərək ev tikilmişdir. Hətta tikililərə gedilərək yerində baxış keçiriləcəyi halda həmin tikililərin köhnə olması məlum olacaqdır. Məhkəmə iclasında 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, onlar iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatlarını götürüb verilmiş suallara uyğun cavab verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı iddiaçı 16 saylı Ucar Ərazi İdarəsinin Göyçay rayon torpaq şöbəsinə müraciət etmiş, mütəxəssislər cavabdehin özünün də iştirakı ilə həmin torpaq sahəsini iddiaçıya tanıtmışlar. Sonra məhkəmə qərardadına əsasən əraziyə gedilmiş və həmin ərazi olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyi təqdim olunmuş çıxarışa əsasən verilmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki halı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Göyçay şəhəri 50-ci məhəllədə yerləşən 0,05 ha torpaq sahəsi xx.xx.2017-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 11 nömrəli vərəqəsində İddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İddiaçı bildirir ki, mülkiyyətində olan torpaq sahəsindən cavabdeh tikililər inşa edərək istifadə edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaçının iddia etdiyi torpaq sahəsində uyğunsuzluq olduğunu, həmin torpaq sahəsinin 1998-ci il tarixdən faktiki olaraq cavabdehin istifadəsində olduğunu bildirir. Hesab edir ki, hal-hazırda Şəki İnzibati Məhkəməsində baxılan məsələ üzrə yekün məhkəmə aktı çıxarılanadək iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 78.1 Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi:
Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndi:
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi
Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndi:
Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndi:
Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndi:
Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.
«Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı:
Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı:
Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Göyçay şəhəri 50-ci məhəllədə yerləşən 0,05 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 11 nömrəli vərəqəsində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.05 ha həyətyanı torpaq sahəsinin 0.045 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçı mübahisəli torpaq sahəsi üzərində özünün mülkiyyət hüququna istinad edərək, həmin torpaq sahəsindən cavabdehin çıxarılmasını və inşa edilmiş tikililərin sökülməsini xahiş etmişdir. Məhkəmə araşdırılması müəyyən edilmişdir ki, cavabdeh 2003-cü il tarixdən həmin torpaqdan faktiki istifadə və ona sahiblik edərək öz vəsaiti hesabına müvafiq tikililər (sanitar qovşaq) inşa etmişdir. Lakin cavabdehin istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcüd deyildir. Əvvəldən tərəflər torpaq sahəsindən istifadəni bələdiyyə tərəfindən verilmiş sənədlər əsasında həyata keçirmişdir. Sonradan torpaq sahəsinin sərhədlərinin və koordinatlarının dəyişməsi nəticəsində tərəflərin istifadə etdiyi sahələrin ölçüləri faktiki olaraq dəyişmişdir. Hazırda mövcud vəziyyətə görə, cavabdeh çıxarışla iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsindən istifadə edir ki, bu da iddiaçının mülkiyyət hüquqlarının pozulması hesab edilir. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, cavabdeh mübahisəli ərazidən uzun müddət ərzində, açıq və fasiləsiz şəkildə, torpaq sahəsinin hüquqi statusunun dəyişdirildiyini bilmədən istifadə etmiş, tikililəri də mübahisə yaranmazdan xeyli əvvəl inşa etmişlər. Cavabdehin hərəkətlərində pis niyyət və ya qəsdli zəbt etmə əlamətləri müəyyən edilmir. Bu baxımdan, iddiaçının torpaq sahəsinin boşaldılması tələbi əsaslı hesab edilsə də, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, tikililər inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya məxsus Cavabdeh tərəfindən Göyçay şəhəri, 50-ci məhəllədə yerləşən İddiaçı məxsus 0.05 ha torpaq sahəsinin 0.045 ha hissəsi boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
Nəticə:
Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən Göyçay şəhəri, 50-ci məhəllədə yerləşən İddiaçı məxsus 0.05 ha torpaq sahəsinin 0.045 ha hissəsi boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin cavabdehə izah edilməlidir ki, torpaq sahəsində inşa edilmiş tikililərin dəyərinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququna malikdir.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun yarısı, yəni 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Göyçay şəhəri, 50-ci məhəllədə yerləşən İddiaçı məxsus 0.05 ha torpaq sahəsinin 0.045 ha hissəsi boşaldılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun yarısı, yəni 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Həmçinin cavabdehə izah edilsin ki, torpaq sahəsində inşa edilmiş tikililərin dəyərinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnaz Qurbanova