Məhkəmə qərarları › İş №2(046)-1122/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1122/2024

25.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1122/2024 25.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 46000 manat ziyanın və ödənilmiş dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ona məxsus Göyçay rayonu Çaxırlı kəndində yerləşən 5,27 ha torpaq sahəsində əkdiyi 2108 ədəd ağac olan meyvə bağını və yonca otunu tamamilə məhv etmişdir. Cavabdeh əmisi olmaqla həmçinin yaxın qonşusudur. Özünə məxsus 5.27 ha torpaq sahəsində 2021-ci il tarixdə 2108 ədəd xurma ağacı və yonca otu əkmişdir. Ağaclara normaya uyğun yüksək səviyyədə aqrotexniki qulluq etmiş, bunun üçün pular xərcləmişdir.Cavabdeh arvadı X2 adına bələdiyyə tərəfindən müqavilə əsasında icarəyə götürdüyü 15 ha torpaq sahəsində göl yaradaraq orada balıq yetişdirməklə məşğul olur. Buna görə əkin sahələrinin, bağların suvarılması üçün nəzərdə tutulan ümumi istifadədə olan su arxının qarşısın Cavabdeh kəsərək suyu balıq gölünə yönəltdiyi üçün uzun müddət meyvə bağını və yonca otunu sulaya bilməmişdir. Nəticədə də ağaclar və yonca otu susuzluqdan quruyaraq məhv olmuşdur. Buna görə qardaşı Samir Əsəgərovun sosial şəbəkədə etdiyi şikayətdən sonra Çaxırlı kənd bələdiyyəsinin sədri Fərhad Mehdiyevin, Göyşay RİHB-nın Çaxırlı kənd İƏD üzrə nümayəndəsinin müavini Xəqani Əzizovun, HGM və SİMNİ-nin baş mühəndisi Yusif Süleymanovun, Göyçay SSİ-nin baş mühəndisi Lətif Əliyevin, Çaxırlı kənd sakini Samir Əsgərovun, Çaxırlı kənd sakini X4, Çaxırlı kənd sakini X3, Göyçay rayonu Çaxırlı SİB-nin tarla agenti Ə.Həşimovun və Çaxırlı kənd sakini Ş.İbrahimovun iştirakı ilə əraziyə baxış keçirilmiş Cavabdeh yaratdığı gölə gedən su arxının torpaqla doldurulması və bir daha oradan su götürülməsinin qadağan edilməsinə dair 24 aprel 2024-cü il tarixdə akt tərtib edilmişdir. Hər il həmin torpaq sahəsində əkdiyi xurma ağaclarına daima qulluq etmişdir. Dövlət tərəfindən əkin sahəsinə görə ona hər il subsidiya ödənilib. Həmçinin həmin 5,27 ha torpaq sahəsində olan meyvə bağında yonca otu əkib hər il 5 dəfə yonca otu biçib kip şəkilində satırdım.Cavabdehin su arxının qarşısını kəsib suyu balıq yetişdiridyi gölə yönəltməsi nəticəsində yonca otuda tamamilə quruyub məhv olmuşdur. Cavabdeh kənd təsərərrüfatı torpaqlarının suvarılması üçün nəzərdə tutulan ümumi istifadədə olan su arxının qarşısını bağlayıb özünə məxsus balıq gölünə yönəltdiyi üçün 5.27 ha bağında olan 2108 ədəd ağacın və yonca otunun tamailə quruyaraq məhv olması nəticəsində ona 46000 manat zərər dəymişdir. iddiaya etiraz: Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hala dair sübut kimi yalnız Çaxırlı kənd bələdiyyəsinin sədri və digər şəxslər tərəfindən tərtib edilmiş (süni gölə gedən su arxının torpaqla doldurulması və s. barədə) akta, eləcə də, iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə istinad etmişdir. Qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir iddia tələbinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və sair) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Qeyd olunan normalara əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərək onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquqpozuntusunun (deliktin) mövcud olması tələb olunur. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:

1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.

2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.

3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.

4. Hüququ pozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülkihüquq pozuntusunun yaranması üçün dörd şərtin mövcud olması vacibdir. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İddiaçı iddia ərizəsində 2021-ci ildə istifadəsində olan torpaq sahəsində ağaclar və yonca əkdiyini, həmin ağacların və yoncanın susuzluqdan quruması və ona ziyan vurulduğunu bildirsə də, ağacların və yoncanın məhz susuzluqdan məhv olmasına, bunun məhz onun əməli (hərəkət və ya hərəkətsizliyim), həmin əməlin hüquqa zidd olub-olmaması, həmçinin təqsirli olub-olmamağıma dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində ümumi istifadədə olan kənd təsərrüfatı topaqlarının suvarılması üçün nəzərdə tutulan su arxının bağlanması nəticəsində ona ziyan vurulduğunu bildirsə də, ümumi istifadədə olan kənd təsərrüfatı topaqlarının suvarılması üçün nəzərdə tutulan su arxından iddiaçı kimi istifadə edən digər şəxslərin torpaq sahələrində hər hansı ağac və bitki qurumamış və məhv olmamışdır. iddiaçının iddia ərizəsində qeyd etdiyi arxın önünü mən kəsməmişdir. Ərazidə olan hidrotexniki qurğu və su anbarları, bəndlər, magistral sunəqledici kəmərlər, suburaxıcı, suqəbuledici, suötürücü kanal və kollektorların, mühəndis texniki qurğuların heç birinə müdaxilə edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan süni gölə gələn su arxının torpaqla doldurulmasına dair aktın tərtib edilməsi ilə bağlı bildirir ki, həmin arxın torpaqla doldurulması onun tərəfindən həmin arxın qazılması, iddiaçının sahəsinə gedən suyun önünün kəsilməsi, yaxud tərəfindən kəsilməsi anlamına gəlmir. Heç kimin su arxının önünü kəsməmiş, süni göl AzmelSutəsərrüfat tərəfindən su ilə təchiz edilmişdir və təqdim edilən su həcmlərinə görə rəsmi şəkildə ödəniş edir. İddiaçı iddia ərizəsində su arxının qarşısının onun tərəfindən kəsildiyini bildirsə də, bunun nə vaxt baş verdiyini göstərməmişdir. İddiaçı yalnız bağ sahəsinin 2021 -ci ildə salındığını bildirmişdir. İddiaçı su arxının önünün onun tərəfindən kəsildiyini bildirsə də, bununla bağlı sübutları toplamaqla heç bir orqana müraciət etməmiş, su arxının önünün açılması tələbinə dair iddia ərizəsi verməmiş, hüquq-mühafizə orqanlarına ərizə verməmiş, ümumiyyətlə heç bir əməli tədbir görməmişdir. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları:

İddiaçı İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə oğlu iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək, iddiaya etirazda göstərdiyi xüsusatları müdafiə edərək iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. mülki işdə olan sənədlər: İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış **********92 reyestr nömrəli xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış çıxarışından görünür ki, Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2.37 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış **********81 reyestr nömrəli xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış çıxarışından görünür ki, Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2.90 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respubliksı Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respubliksının “Torpaq məccəlləsi”nə, “ Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanununa, eləcədə “Torpaq məcəlləsi”nin 10-cu maddəsinin 4-cü bəndinə müvafiq olaraq bələdiyyənin kənd təsərrüfatına yararsız bataqlıq, qamışlıq, sucaq olmaqla icarə predmeti olan ərazisindən 15 hektarının quşçuluqğun (ördək, qaz) və balıqçılığın inkişafı məqsədi ilə X7ma uzun müddəti icarəyə verilmişdir. 27 dekabr 2006-cı il tarixli 21 saylı torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləsinin surətindən görünür ki, Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı iclas protokoluna əsasən Bələdiyyə ilə həyat yoldaşım X5 arasında 99 il müddətinə icarə müqaviləsi bağlanmış, 15 hektar torpaq sahəsi həyat yoldaşıma icarəyə verilmişdir. İllik icarə haqqı 450 manat təyin edilmişdir. Çaxırlı kənd bələdiyyəsinin sədri Fərhad Mehdiyevin, Göyçay RİHB-nın Çaxırlı kənd İƏD üzrə nümayəndəsinin müvaini Xəqani Əzizovun, HGM və SİMNİ-nin baş mühəndisi Yusif Süleymanovun, Göyçay SSİ-nin baş mühəndisi Lətif Əliyevin, Çaxırlı kənd sakini Samir Əsgərovun, Çaxırlı kənd sakini X4, Çaxırlı kənd sakini X3, Göyçay rayonu Çaxırlı SİB-nin tarla agenti Ə.Həşimovun və Çaxırlı kənd sakini Ş.İbrahimovun iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Göyçay rayon Çaxırlı kənd sakini X1 şəbəkələrdə paylaşdığı məlumat şikayətçinin iştiraki ilə yeridə araşdırıldı. Araşdırma zamanı məlumat oldu ki, X2 adına bələdiyyə tərəfindən xx.xx.2006-cı il tarixli №21 saylı müqaviləyə əsasən verilmiş 15 ha ərazidə quşçuluq və balıqçılıq məqsədi ilə yaradılmış gölə onun həyat yoldaşı Cavabdeh ilə birlikdə baxış keçirildi. Baxış zamanı yaradılmış gölün sahəsi müyyən edilmədi.Məlum oldu ki, gölə gedən su bərəsi tamamı ilə düzlənmiş və gölə su axmır. Göllərin fəaliyyətinə nəzarət edən Cavabdeh xəbarlıq edildi ki, gölə suyun verilməsi üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatın ASC-yə müraciət etməlidir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatın ASC-dən suyun götürülməsi üçün razılıq sənədi alman qədər su götürülməsi qanunla qadağan edilmişdir. tətbiq edilən hüquq normaları: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir» Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində yerləşən 5,27 ha torpaq sahəsində əkdiyi 2108 ədəd meyvə ağacının və yonca otununun suvarılması üçün nəzərdə tutulmuş ümumi istifadə olan sur arxının cavabdeh tərəfindən kəsildiyi, nəticəsində ona 46000 manat maddi ziyan dəydiyini iddia edir və həmin ziyanın cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hala dair sübut kimi yalnız Çaxırlı kənd bələdiyyəsinin sədri və digər şəxslər tərəfindən tərtib edilmiş (süni gölə gedən su arxının torpaqla doldurulması və s. barədə) akta, eləcə də, iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə istinad etmişdir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və yaqanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquqpozuntusunun (deliktin) mövcud olması tələb olunur. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir: 1.Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır. 2.Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.

3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.

5. Hüququ pozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülkihüquq pozuntusunun yaranması üçün dörd şərtin mövcud olması vacibdir. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə baxışı zamanı və eləcə də iş materiallarına əlavə edilmiş sənədlərdə cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə gedən su arxının bağlandığına, su arxının bağlanmasına görə iddiaçıya 46000 manat ziyan dəydiyinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ziyan tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumun iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 46000 manat ziyanın və 228 manat dövlət rüsumun alınmasına dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar