Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1134/2024 22.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8300 manat pulun tutulması və ödənilmiş 103 manat dövlət rüsumun iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2009-cu il təvəllüdlü nəvəsi X2 gözündə zəiflik yaranması səbəbindən Şəki şəhərinə həkim müayinəsinə aparmış, həkimlər isə ona nəvəsini Bakı şəhərinə aparmağı məsləhət görmüşlər. Orada xəstəliyi müəyyən etmək üçün müxtəlif analizlər götürülüb, müvafiq cavab almaq üçün Türkiyəyə göndərmiş, bir neçə vaxtdan sonra Türkiyədən gələn analiz nəticələrinə əsasən müəyyən olunmuşdur ki, nəvəsi Giilnarə Biinyatova "turner" xəstəliyindən əziyyət çəkir. Giilnarə 2021-ci ilin fevral ayından etibarən bununla bağlı müalicə alır. 2021-ci ilin may ayının əvvəllərində qohumu X4 ona zəng edərək Gilnarənin müalicəsi üçiin kömək etmək istəyən bir nəfər qadın olduğunu və həmin şəxsin onun mobil nömrəsini istədiyini bildirmişdir. O, əvvəlcə tərəddüd etsə də Rəyanə ona həmin qadını 10 ildir ki, tanıdığını və etibarlı şəxs olduğunu bildirmişdir. O da razılaşaraq mobil nömrəsini Aygünə verməsini xahiş etmişdir. Həmin ərəfələrdə də o, Bakı şəhərində olmuşdur, Rəyana ilə danışığı yekunlaşandan dərhal sonra tanımadı mobil nömrədən ona dəfələrlə zəng gəldiyini görüb, lakin uyğun olmadığı üçün zəngi aça bilməmişdir. Bir neçə saat sonra zəngi açdıqda həmin şəxs ona özünün xeyriyyəçi jurnalist Cavabdeh olduğunu bildirmiş və nömrəsini Rəyanədan aldığını demişdir. Aygün ona ilkin olaraq nəvəsi Gülnarəni təqaüdə çıxarmağa və “Nargis” fondunun köməkliyi ilə 17000 manat müqabilində əməliyyat etdirməyə kömək edəcəyini, sonra isə həmin məbləğin ona qaytarılacağını vəd etmişdir. Rəyanə onun etibarlı adam olduğunu bildirdiyinə görə Aygünə inanmışdır. Aygün ilk öncə təqaüdə çıxarmaq üçün onun hesab kartına 540 (beş yüz qırx) manat pulu göndərməyini istəmiş, o da Abşeron rayonu, Goradil qəsəbəsi, Goradil bağları. Green Store mağazasından "Emanat" ödəniş terminalı vasitəsilə pulu Aygünün ona hesab nömrəsini göndərdiyi “Kapital bank" ASC-yə aid bank kartına göndərmişdir. Səhəri gün Aygün yenidən ona zəng edərək, Gülnarənin müalicəsi üçün Almaniyadakı həkimlərin biri ilə danışdığını, "Nargis" fondu vasitəsilə Gülnarəni ora aparıb orada əməliyyat elətdirəcəyini demiş, əməliyyatın baş tutması üçün hesabında 17000 (on yeddi) manat pul lazım olmasını demişdir. Əməliyyatdan sonra isə həmin pulu "Nərgiz" fondu tərəfindən qaytarılacağını demişdir. Aygün sənədlərin düzəldilməsi üçün 1000 manat pul lazım olduğunu, ilkin olaraq 500 manatı göndərməyini istəmişdir. O, yenə də Aygünə inanmış və 02 iyun 2021-ci il tarixdə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən "Bol" marketdə olan "Milliön" ödəniş terminalı vasitəsilə Aygünün ona göndərdiyi karta 500 (beş yüz) manat da göndərmişdir. Bir neçə gün sonra o, Aygünün yaşadığı Nərimanov rayonunda yerləşən, dəqiq ünvanı xatırlamadığım mənzilinə getmiş, Aygün mənə artıq bütün sənədlərin hazır olduğunu, "Nargiz" fonduna gedərək sənədləri möhürlətdirəcəyini bildirmiş, ondan şəxsiyyət vəsiqəsini götürərək nəvəsinin valideynlərinə Gülnarənin əməliyyat olunmasına heç bir etirazlarının olmadığı barədə yazdığı kağızı imzalatdırmış, həmçinin ona 2 ədəd boş A4 vərəqinə imza çəkdirərək .-"sənin vaxtın yoxdur, sən get, mən özüm doldurub. "Nargiz" fonduna təqdim edəcəm" deyə bildirmişdir. Bu məsələlərdən sonra o, Aygünə daha da çox inanıb həmin kağızlara qol çəkmişdir. Bundan əlavə Aygün ona A4 vərəq təqdim edərək həmin kağıza Nərgiz fonduna 10000 manat pul verdiyini demiş, əslində isə onu aldadaraq həmin pulu borc olaraq ona verdiyini yazdırmışdır. O, Aygünə inandığı üçün onun dediyi kimi yazmış və imzalamış, daha sonra isə yaşadığı İsmayıllı rayonuna qayıtmışdır. 13 iyun 2021-ci il tarixdə Aygün yenidən ona zəng edərək sənədləri Nargiz fonduna aparacağını, sənədlərin növbəlilik üzrə qabağa salınması üçün hesaba 17000 (on yeddi min) manat pul köçürmək lazım olduğu demişdir. O da 14 iyun 2021-ci il tarixdə Kapital Bank ASC-nin İsmayıllı filialından onun göndərdiyi kart hesabına 5000 (beş min) manat pul göndərmiş, 16 iyun 2021-ci il tarixdə yenidən Kapital Bank ASC-nin İsmayıllı filialından 1500 (min beş yüz) manat pulu eyni hesaba göndərmişdir. Həmin gün qardaşı X1 ona borc pul verməyini, pulu isə Aygünə göndərmək istədiyini bildirmişdir. Qardaşı da ona etiraz etməmiş və Ağaməmməd həmin gün ünvan 2 ünvanında yerləşən Rahat marketdəki ödəmə terminalından 1500 (min beş yüz) manat pulu Aygünün ona dediyi hesaba göndərmişdir. 22 iyun 2021-ci il tarixdə Kapital Bank ASC-nin İsmayıllı filialından həmin hesaba yenidən 800 (səkkiz yüz) manat pul göndərmişdir, 23 iyun 2021-ci il tarixdə Aygün ona zəng edərək hesaba yığılacaq pulun az olduğunu, hesaba mütəmadi olaraq pul göndərməyi demişdir. O, yenidən X9 ASC-nin İsmayıllı filialından 200 (iki yüz) manat pul göndərmişdir. Aygün ona xarici pasport almalı olduğunu, avqust ayının 7 sində ilk öncə Moskva şəhərinə gedərək orada bir gün qalaraq ertəsi gün Almaniyaya uçacaqlarını bildirmişdir. Sonuncu dəfə 10 iyul 2021-ci il tarixdə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən "Bol" marketdə olan "E-manat" ödəniş terminalı vasitəsilə həmin hesaba 300 (üç yüz) manat pul göndərmiş, telefon danışığı zamanı Aygün ona "02 avqust 2021-ci il tarixdə Bakıya gəl, Almaniyaya uçacağıq” demişdir. Aygündən xəbər gəlmədiyi üçün o, 07 avqust 2021-ci il tarixdə onunla telefon əlaqəsi saxlamışdır. Aygün ona həkimlə danışdığını, həkimin əməliyyatı nəvəsinin 16 yaşı tamam olduqdan sonra etmək istədiyini demişdir. O, Aygünə narazılığını bildirdikdə, o, “narahat olma fonda ərizə yazacam. pulu sizə qaytaracaq” deyə cavab vermişdir. Bu vaxt o, Aygünün onun etibarından sui-istifadə edərək, onu aldatdığını anlamışdır və dəfələrlə onunla əlaqə saxlamışdır. Aygün pulu qaytaracağına söz vermişdir. Aygün yaşadığı ünvanı dəyişdiyi üçün onun yaşayış yerini tapa bilməmişdir, onunla əlaqə yaratmaq mümkün olduğu vaxtlar hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmışdır. 02 noyabr 2021-ci il tarixdə Aygünün anası Dilarə ona zəng edərək pulu mənə özünün qaytaracağını, Aygünə zəng etməməyi bildirmişdir. Lakin Dilarə də pulu ona qaytarmamışdır. 17 noyabr 2021-ci il tarixdə Aygünlə telefon əlaqəsi saxladıqda Aygün ona pulunun olmadığını, istədiyi yerə şikayət edə biləcəyini bildirərək onu nalayiq ifadələrlə təhqir etmiş, ona görə də bu barədə polis şöbəsinə müraciət etmişdir. Polis araşdırılması başlanandan sonra, 2022-ci ilin aprel ayının sonlarında Aygün poçt vasitəsilə ona 540 manat pul göndərmiş, digər məbləğin ödəniləcəyinə dair öhdəlik götürmüş olsa da onun pulunu qaytarmamışdır. Cavabdeh barəsində ibtidai istintaq bitdikdən sonra cinayət işi baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmiş, iş məhkəmə icraatında olduğu dövrdə də pulun ödənilməsinin təmin olunması məqsədi ilə məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış, bu müddət ərzində isə ona cəmi 1500 manat pul ödənilmişdir. Sonda isə 16 mart 2023-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsi tərəfindən ittihamedici hökm çıxarılmış və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh barəsində azadlıqdan məhrumetmıə ilə bağlı olmayan hökm çıxarılacağı təqdirdə pulun qalan məbləğini hər 20 gündən bir hissə-hissə ödənilməsinə dair öhdəlik götürmüş olsa da məhkəmə hökmündən sonra ona bir manat da olsun belə pul ödəməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı qismən müdafiə edərək göstərmişdir ki, cavabdeh ona borclu olduğu 10340 manat puldan 2390 manatını ödəmişdir. Hazırda cavabdehin ona 7950 manat borcu qalmışdır. İddianı müdafiə etdiyi həddə təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək göstərmişdir ki, iddiaçıya 7400 manat borcu vardır. Borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İsmayıllı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdə Cavabdeh İddiaçı məxsus 10340 manat məbləğində pulun ələ keçirməsi tam sübuta yetirilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qeyd vərəqəsindən görünür ki, Cavabdeh İddiaçı olan 10340 manat borcundan 2390 manat qaytarmış, 7950 manat borclu qalmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanə müəyyən edilmişdir ki, Cavabdeh, xx.xx.2021- ci il tarixdən, xx.xx.2021-tarixə kimi olan dövr əzində X3 məxsus 10340 manat pulu mənimsəmişdir. Qeyd edilən hal İsmayıllı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Cavabdeh mənimsədiyi 10340 manat puldan 2390 manatını iddiaçı X3 qaytarmışdır. Hazırda iddiaçı X3 məxsus 7950 manat pul cavbdehin qanunsuz sahibliyində qalmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 103 manat dövlət rüsumunun 99.50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7950 manat pul və 99.50 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7950 manat pul və 99.50 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1134/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1134/2024
22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver