Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1295/2025 16.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Nuhzadə Mahı̇ zər Sədrəddı̇ n qızının Cavabdeh Mahı̇ r oğluna qarşı fərdi yaşayış evindəki payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri X2 küçəsi dalan 4, ev 3 ünvanında yerləşən fərdi yaşayış evindəki 1/2 hissə payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Göyçay şəhəri, X2 küçəsi dalan 4, ev 3 ünvanında Cavabdeh ilə 14 hissə paylı mülkiyyətdə fərdi yaşayış evi vardır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış seriya RX 0360005, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 18 mart 2014/.Cavabdehlə paylarını faktiki ayırmışlar və o, küçəyə ayrı çıxış yolu açaraq ünvan 3 ünvanından istifadə edir. Fərdi yaşayış evinin dam örtüyü ümumidir və ev 1935-ci ildə inşa edilməklə yaşayış üçün yararsız vəziyyətdədir. Yaşayış evinin sökülməsinə icazə verilməsi üçün Göyçay rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin müraciəti araşdırılmış və Göyçay rayon İHB aparatının Memarlıq və tikinti şöbəsi ona 05 avqust 2024-cü il tarixli 5-46-8/2-N-1012-097/2024 saylı məktubla cavab verərək qəzalı vəziyyətdə olan evinin sökülməsinə etiraz etmədiyini bildirmişdir. Lakin cavabdeh nəinki evin sökülməsinə, hətta dam örtüyünün dəyişdirilməsinə belə etiraz edir, nəticədə həm aralarında mübahisə yaranır, həm də o ailəsi ilə birlikdə qəzalı evdə yaşamaqla həyatını təhlükəyə atır. Bu səbəbdən də evdəki 1/2 hissədə payının naturada ayrılmasını istəyir. Lakin cavabdeh naturada payların bölgüsü ilə razılaşmır. Cavabdehin hərəkətləri nəticəsində onun mülkiyyətçi kimi Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsi ilə qorunan mülkiyyət hüquqları pozulur və mülkiyyətində olan evə dair sərəncam hüququnu həyata keçirə bilmir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin mübahisələndirdiyi torpaq sahəsinin bir hissəsi bələdiyyə mülkiyyətindədir. Təmsil etdiyi şəxsin evdə olan 1/2 hissədə payı müəyyən edilsin və küçəyə çıxış yolunun olması sənədləşdirilsin. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, 2008-ci il tarixdən bü günədək mübahisə gedir. O, İddiaçı sözügedən torpağı bölərək sənədləşdirilməsini təklif etmişdir. 17 ildir ki, İddiaçı ona dəfələrlə ziyan vurmuşdur. Torpağa dair siyahıda 12 nəfər şəxs var hər biri torpağın tələb edir. İşi Şəki Məhkəməsinə vermiş, xx.xx.2025-ci il tarixdə məhkəmə iclası olacaq. Məsələ ilə bağlı Göyçay rayon İcra Hakimiyyətində də olmuş və şikayətini bildirmişdir. İş materialları : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Göyçay şəhəri, X2 küçəsi dalan 4, ev 3 yerləşən 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 116.1 kv.m, yaşayış sahəsi 35.2 kv.m, yardımçı sahəsi 80.9 kv.m sahədən ibarət olan fərdi yaşayış evi mülkiyyət hüquqi üzrə İddiaçı 1/2 hissə və Cavabdeh 1/2 hissə adlarına daşınmaz əlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göyçay rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2024-cü il tarixli, 5-46-8/2-N- 1012-097/2021 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanda yaşayan İddiaçı məxsus fərdi yaşayış evində uzun müddət təmir bərpa işləri aparılmadığı üçün istisamara yarasız vəziyyətdə düşdüyü məlum olmuşdur. Həmin fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduöunu nəzərə alaraq tərəfindən qanunamüaviq olaraq fərdi yaşayış evinin sökülməsinə Göyçay rayonu İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şəbəsi etiraz etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/5387 saylı ekspert rəyindən görünür ki, Göyçay şəhəri, X2 küçəsi, 3, dalan 4-də fərdi yaşayış evinin naturada yerləşmə vəziyyətini, otaqların yerləşmə vəziyyətini, payçıların payına düşən sahələri, mövcud sahələri nəzərə alaraq, həmin fərdi yaşayış evinin 1/2 hissəsinin naturada ayrılması (bölgüsü) mümkün olmadığı müəyyən edilmişdir. Həmin rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə əsasən, ...fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər..., əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir... Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Həmçinin həmin qərarda qeyd edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3 - 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
Məhkəmənin mövqeyi:
Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Göyçay şəhəri, X2 küçəsi dalan 4, ev 3 yerləşən 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 116.1 kv.m, yaşayış sahəsi 35.2 kv.m, yardımçı sahəsi 80.9 kv.m sahədən ibarət olan fərdi yaşayış evi 1/2 hissədə mülkiyyət üzrə İddiaçı və 1/2 hissədə Cavabdeh məxsusdur, həmin fərdi yaşayış evinin naturada ayrılması barədə tərəflər arasında mübahisə mövcuddur, payın ayrılması üsulu və şərtləri haqqında məhkəmədən kənar qaydada tərəflər arasında razılıq əldə edilməmişdir. Məhkəmə, ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək qeyd edir ki, həmin rəy sübut kimi qəbul edilməli, fərdi yaşayın evinin paylara uyğun olaraq naturada ayrılması məsələsinin həllində ekspertin gəldiyi nəticə nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ekspertin gəldiyi nəticəyə görə fərdi yaşayın evinin texniki cəhətdən ayrılması mümkün olmadığından, iddia tələbi də təmin oluna bilməz. Həmçinin məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından iddiaçının öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçisi – Cavabdeh tərəfindən ona ödənilməsini tələb etmək hüququ vardır.
Nəticə:
Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Göyçay şəhəri X2 küçəsi dalan 4, ev 3 ünvanında yerləşən fərdi yaşayış evindəki 1/2 hissə payının naturada ayrılması barədə iddia tələbi rədd edilməlidir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 100 manat məbləğində pul iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Göyçay şəhəri X2 küçəsi dalan 4, ev 3 ünvanında yerləşən fərdi yaşayış evindəki 1/2 hissə payının naturada ayrılması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul məbləği İddiaçı alınaraq dövlət büdcəsinə (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnaz Qurbanova