Məhkəmə qərarları › İş №2(046)-131/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-131/2024

11.03.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-131/2024 11.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2550 manat ziyanın, 150 manat yol xərcinin, maddi və mənəvi zərərə görə 2000 manat pulun və 67.40 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2020-ci il tarixdə buraxılış ili 1997-ci il olan “BMV 528” markalı nəqliyyat vasitəsini alqı-satqı edərək almışdır. Həmin nəqliyyat vasitəsini 2 ildən artıq idarə etdikdən sonra mühərrik hissəsində nasazlıq yaranmışdır. Ona görə də 2023-cü ilin fevral ayında Qəbələ şəhərində tanış ustaların birinə avtomobilini təmir etdirmək istəsə də, həmin usta mühərrikin yenisi ilə əvəz olunmasını, köhnə mühərrikin təmiri keyfiyyətsiz, gələcəkdə idarə etdikdə yenidən problemli olacağını bildirmiş və yeni mühərrikin alınmasını məsləhət görmüşdür. Ona görə də avtomobilin mühərrikini üzərindən çıxararaq, yeni mühərrik alınması və təmir olunmasına görə usta axtardığı zaman dostu Ramil Göyçay şəhərində əsasən də BMV markalı maşınların ustası kimi tanınan Fəzaili məsləhət bilmiş və danışıqlar aparıldıqdan sonra “BMV 528” markalı avtomobilini 60 manat müqabilində evakuator vasitəsilə Göyçay şəhərinə cavabdehin maşın sexinə gətirmiş, danışıqlarda nəqliyyat vasitəsinə yeni mühərrik alınaraq qoyulmasına görə 2.000 manat, əlavə olaraq təkərə 200 manat və mühərrik yığma, usta təmirinə 350 manat pul alacağını bildirmiş və razılaşmışlar. Həmin gün 1.000 manatı Fəzailə vermiş, 3 gün keçdikdən sonra ona məxsus “BMV 528” markalı avtomobilini Qəbələ şəhərinə yoxlanışdan keçirmək məqsədilə idarə edərək gətirmiş, həmin gün ondan maşında yeni mühərrikin alınaraq qoyulduğunu soruşduqda, mühərrik alınaraq yenisi olduğunu bildirmiş, onun sözlərinə inanaraq razılaşdığı puldan 1.020 manat da ona vermişdir. İki-üç gün keçdikdən sonra maşının vəziyyətinə baxmaqdan ötrü Göyçay şəhərinə gəlmiş, 530 manat qalıq pulu da kafedə ona vermişdir. Onu da qeyd edir ki, hər dəfə Göyçay şəhərinə getdikdə onun 30-50 manat civarında yol xərci olmuşdur. Avtomobilini Göyçay şəhərindən ustadan təhvil alarkən, yenə də Fəzaildən maşının köhnə mühərrikini necə olduğunu soruşduqda metal qəbul edən şəxsə satdığını bildirmiş, onun yalanlarına inanmışdır. Ertəsi gün “BMV 528” markalı avtomobilini Qəbələ şəhərindəki ustaların birinə göstərdikdə mühərrikin köhnə olduğu, yenisi ilə əvəz olunmadığı ona məlum olmuşdur. Aldadıldığını bildikdən sonra məcbur olaraq DİN-nin “102” çağrı mərkəzinə və sonradan şikayət ərizəsi ilə polisə müraciət edərək cavabdeh Fəzail Həmzəyevin etdiyi hərəkətlər barədə məlumat vermişdir. Şikayəti aidiyyəti üzrə Göyçay RPŞ-nə göndərilmiş və eyni zamanda əlaqəli digər şikayət üzrə Qəbələ RPŞ-də araşdırma aparıldıqdan sonra müvafiq şikayəti də göstərilən xüsusatların mülki xarakterli olduğundan onların səlahiyyətinə aid olmadığını, aidiyyəti üzrə məhkəməyə müraciət etməyini bildirmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, cavabdehin hərəkəti nəticəsində psixoloji-əsəb və mənəvi sarsıntı keçirmiş, normal iş qabiliyyətimdən qismən məhrum olaraq, dəfələrlə həkimə müraciət etmiş, müayinə və müalicə olunmuşdur. Onu da bildirir ki, diş həkimidir və cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirdiyindən əmək fəaliyyətində də fasilələr yaranmış və maddi, mənəvi ziyan da dəymişdir. Cavabdehin qanunsuz hərəkəti nəticəsində ona dəymiş maddi və mənəvi zərərin məbləğini isə 2.000 manat dəyərləndirir. İddiaya etiraz: Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı tələbini onun nəqliyyat vasitəsinə yeni mühərrik alınaraq qoyulmasına görə 2023-cü ilin fevral ayında 2000 manat, əlavə olaraq təkərə görə 200 manat və mühərrik yağına, usta təmirinə 350 manat pul alacağı barədə razılaşmağı, həmin pulu ona verərək avtomobili təhvil alması, avtomobilin mühərrikinə Qəbələ şəhərində baxış keçirən ustanın mühərrikin köhnə olduğunu müəyyən etməsi ilə əsaslandırmışdır. Halbuki iddiaçı ilə onun minik avtomobilinə yeni mühərrikin qoyulması barədə deyil, mühərrik təmiri ilə bağlı razılaşmışlar və mühərriki təmir edib avtomobili iddiaçıya təhvil vermişdir. Həmin vaxt iddiaçı mühərrikin üzərində nömrənin silinib avtomobilin texniki sənəddəki mühərrik nömrəsinin yeni qoyulmuş mühərrikin üzərinə yazılmasını xahiş etmiş və nömrə yazmaqla məşğul olmadığını bildirərək iddiaçının xahişindən imtina etmişdir. Bu səbəbdən də aralarında narazılıq yaranmış və iddiaçı ona tanımadığı müxtəlif şəxslərlə hədə-qorxu gəlmişdir. Lakin həmin şəxslərlə görüşüb söhbət etdikdən sonra aralarında heç bir problem olmamışdır.Bundan başqa mühərrikin təmiri ilə bağlı gördüyü bütün işləri videogörüntüyə alaraq whatsapp vasitəsi ilə iddiaçının nömrəsinə göndərmiş və iddiaçı gördüyü təmir işlərinə heç bir narazılıq etməmişdir. Bu halı təsdiq edən video görüntüləri və whatsapp vasitəsi ilə iddiaçının göndərdiyi mesajların fotoşəkillərini nümayəndə məhkəməyə təqdim edəcəkdir. Həmçinin qeyd edir ki, BMW markalı minik avtomobillərinin yeni mühərrikinin qiyməti 8-10 min civarındadır. Odur ki, guya 2000 manata yeni mühərrikin alınıb iddiaçının avtomobilin üzərinə qoyulmasına dair razılaşmağımız barədə iddiaçının göstərdikləri absurddur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddia ərizəsinin forma və məzmununa uyğun izhaat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək, iddiaya etirazda göstərdiyi xüsusatları müdafiə edərək göstərmişdir ki, iddiaçı ilə hüquqların müdafiə etdiyi şəxs arasında iddiaçıya məxsus avtomobilin mühərriyinin təmiri ilə bağlı razılaşmışlar. Cavabdeh iddiaçıya məxsus avtomobilin mühərriyini təmir edərkən istifadə etdiyi ehtiyat hissələr barədə iddiaçıya vvhatsapp sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. Bu barədə danışıqları məhkəməyə təqdim etmişdir. Cavabdeh iddiaçıya məxsus avtomobili tam təmir etdikdən sonra iddiaçıya təhvil vermişdir. Bundan başqa cavabdeh tərəfindən dələduzluq yolu ilə iddiaçıya ziyan vurulmasına dair Göyçay RPŞ-də araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir.Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: AD N 980057 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, BMW 528 İ markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, BMW 528 İ markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 Cəlal Nadir oğluna sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq və çıxarmaq üzrə səlahiyyətlər vermişdir. Cinayət işinin başlanmasının rədd olunma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, izahatı alınmış X5 göstərmişdir ki, 2023-cü ilin fevral ayında İddiaçı ona mobil telefonla zəng edərək özünə məxsus “BMW 528” markalı avtomobilin mühərrikinin təmiri ilə bağlı danışmışdır. Onlar arasında razılaşma olduqdan sonra İddiaçı avtomobili evakuatorla onun yanına gətirmiş və avtomobilin mühərrikini təmir etməyə başlamışdır. Avtomobilin mühərrikini 3 gün ərzində təmir etdikdən sonra İddiaçı avtomobili ondan təhvil almışdır. İddiaçı avtomobili təhvil aldıqdan sonra ona mühərrikdə nömrə dəyişməsini xahiş etmişdir. O isə İddiaçı istəyinə razı olmamışdır. Həmçinin o izahatında avtomobilin mühərrikinə görə 2000 manat İddiaçı pul aldığını, avtomobilin təkərlərinin dəyişməsinə görə 200 manat, 350 manat isə mühərrikin yığılması ilə bağlı zəhmət haqqı aldığını, eyni zamanda avtomobilin mühərrikində istifadə etdiyi, aldığım ehtiyyat hissələrini hamısını qeydiyyatını apardığını və bu barədədə İddiaçı məlumat verdiyini qeyd etmişdir. Toplanmış materialdan göründüyü kimi, Qəbələ rayon sakini İddiaçı özünə məxsus olan “BMW 528” markalı avtomobilin mühərikini təmir etmək adı ilə 2023-cü ilin fevral ayında Göyçay şəhərində usta işləyən X2 yanına gətirmişdir. Sonuncu avtomobilin mühərikini təmir etdikdən sonra İddiaçı ilə onun arasında narazılıq yaranmışdır. Araşdırma zamanı X2 dələduzluq yolu ilə İddiaçı 2550 manat pulunu ələ keçirməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı ilə Cavabdeh arasında VVhatsapp sosial şəbəkəsində aparılmış danışıqları özündən əks etdirən fotoşəkillərdən görünür ki, Cavabdeh İddiaçı məxsus olan “BMW 528” markalı avtomobilin təmirində istifadə edilən ehtiyat hissələrə və onların qiymətlərinə dair göndərişlər etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir» Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Cavabdeh 2023-cü ilin fevral ayında mülkiyyətində olan BMW 528 İ markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2550 manat ziyan vurduğunu, həmin ziyan nəticəsində mənəvi sarsıntı keçirdiyini, 2000 manat ona mənəvi ziyan dəydiyini, eləcə də yol xərci kimi 150 manat pul xərclədiyini iddia edir və həmin ziyanın alınaraq ona verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh arasından iddiaçıya məxsus BMW 528 İ markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriyinin təmir edilməsi ilə bağlı aralarında şifahi razılaşma olmuşdur. Bundan sonra iddiaçıya məxsus avtomobili Cavabdeh özünə məxsus avtomobil təmir sexində təmir etmişdir. Təmir zamanı avtomobilin mühərriyini təmiri üçün istifadə edilmiş ehtiyat hissələr barədə cavabdeh vvhatsapp sosial şəbəkəsi vasitəsi ilə iddiaçıya məlumat vermişdir. Avtomobil təmir edildikdən sonra cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. Avtomobilin təmirinə görə iddiaçı tərəfindən cavabdehə zəhmət haqqı ödənilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı özünə məxsus BMW 528 İ markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmirinə görə Cavabdeh tərəfindən ona 2550 manat maddi, 2000 manat mənəvi ziyan dəydiyininə və 150 manat yol xərcinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumun iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 2550 manat ziyanın, 150 manat yol xərcinin, maddi və mənəvi zərərə görə 2000 manat pulun və 67.40 manat dövlət rüsumun tutulması alınmasına dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar