Məhkəmə qərarları › İş №2(046)-1339/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1339/2022

10.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1339/2022 10.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Hənifəyeva (Nəcəfova) Aysel Kamal qızına və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsinin müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Hənifəyeva (Nəcəfova) Aysel Kamal qızına və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsinin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri X24 küçəsi D2, 4A saylı ünvanda yerləşən və mərhum X8 məxsus 0,06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaka dair vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X1 Şəlalə Nəriman qızı ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar, birgə nikahdan xx.xx.1995-ci il tarixdə o, xx.xx.1996-cı il tarixdə isə X9 doğulmuşlar. X12 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X19 vəfat edənədək mülkiyyətində Göyçay şəhəri X24 küçəsi D2, 4A saylı ünvanda 0,06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün o, Göyçay rayonu Notariat Ofisinə müraciət etmişdir. Sənədləri araşdıran notarius X19in qeyri-rəsmi nikahından doğulmuş İ növbəli vərəsələri Cavabdeh1 və X5 da miras əmlakı adına rəsmiləşdirmək üçün notariat kontoruna gəlməli olduqlarını, əks halda vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina ediləcəyini bildirmişdir. Notariusa cavabdehlərin miras əmlak açıldığı gündən hazırki günədək mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə vermədiklərini, eləcə də mirası faktiki qəbul etmədiklərini bildirsəm də, faydası olmamış və adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeyd edir ki, miras əmlak olan torpaq sahəsinə nəzarəti yalnız özü həyata keçirməklə, həmin torpaq sahəsini münbitləşdirmiş, meyvə ağacları əkərək hər il bəhər əldə etmişdir. Qeyd edilən torpaq sahəsinə dair torpaq vergilərini mütəmadi ödəyərək, miras əmlakı qoruyub saxlamışdır. İşin hallarından göründüyü kimi X19dən miras qalmış əmlakı özü qəbul edərək, həmin əmlaka yiyələnmişdir və idarə edir. Cavabdehlər isə qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmələri barədə notariat kontoruna ərizə verməmiş, başqa sözlə ifadə etdikdə miras əmlakı qəbul etməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Hənifəyeva (Nəcəfova) Aysel Kamal qızına və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Hənifəyeva (Nəcəfova) Aysel Kamal qızının və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri X24 küçəsi D2, 4A saylı ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam pay şəklində X7 adına daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 10 yanvar 2018-ci il tarixli A seriyalı 210808 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, tam pay üzrə X7 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, torpaq sahəsinin kadastr göstəriciləri, qaiməsi, rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, torpaq sahəsinin qonşu sərhədləri, əsas döngə nöqtələrinin koordinatları barədə məlumatlar qeyd olunmuşdur. - xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 824104 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 25 sentyabr 2016-cı il tarixdə Göyçay şəhərində, beyin qan dövranının çatmamazlığından vəfat etmişdir. Bu barədə 06 oktyabr 2016-cı il tarixdə ölüm haqqında akt qeydləri kitabında 238 saylı akt qeydi aparılmışdır. - 21 aprel 1995-ci il tarixdə verilmiş XİX-JQ seriyalı 298073 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Göyçay şəhərində doğulmuşdur, atası X15, anası X3r. - Göyçay rayon İHB-nin Göyçay şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 29 dekabr 2017-ci il tarixli 06-214 saylı arayışdan görünür ki, vəfat edərkən Göyçay şəhəri Xətai küçəsi 1/1 saylı evdə qeydiyyatda olmaqla yaşamış X15 yaşadığı müddətdə öhdəsində 3 ailə üzvü olmuşdur – həyat yoldaşı X13, oğlu İddiaçı, qızı Səbinə Hənifəyeva. - Göyçay rayonu Göyçay bələdiyyəsinin 22 aprel 2022-ci il tarixli 172 saylı arayışından görünür ki, Göyçay şəhəri X24 küçəsi dalan 2, 4A saylı ünvanda X15 vəfat etdikdən sonra Bələdiyyənin torpaq vergisini (2016-2022-ci illər) oğlu İddiaçı tərəfindən ödənilmişdir. - Göyçay rayon Notariat Ofisinin 21 aprel 2022-ci il tarixli 244 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə vəfat etmiş X6 miras qalmış Göyçay şəhəri X24 küçəsi D2, 4A saylı ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Mülki Məcəllənin 1291-ci maddəsinə istinad edilməklə bildirilmişdir ki, miras şəriki olan Cavabdeh1 və X14 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün Göyçay rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri- formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə - vərəsənin mirasın açıldığı yerin notariat orqanına mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşulür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: məsələn, vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə - vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o, hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və sair. Lakin, yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna istər rəsmi, istərsə də faktiki yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X1 Şəlalə Nəriman qızı ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından – xx.xx.1995-ci il tarixdə İddiaçı və xx.xx.1996-cı il tarixdə Səbinə Hənifəyeva adlı 2 övladları doğulmuşdur. X15 25 sentyabr 2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı atası X15 25 sentyabr 2016-cı il tarixdə vəfat edəndən dərhal sonra miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, torpaq sahəsinə qulluq etmiş, meyvə ağacları əkmiş, suvarmış, zərərvericilərə qarşı mübarizə aparmış, torpağa dair vergini mütəmadi olaraq Bələdiyyəyə ödəmişdir. Digər birinci növbə vərəsələr həmin torpaq sahəsini qanunla müəyyən edilmiş müddət ərzində nə faktiki qəbul etməmiş, nə də müvafiq ərizə ilə notariat ofisinə müraciət etməmişlər. İddiaçı bu günədək həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə, miras əmlakı faktiki olaraq qəbul etmişdir, öz mülkiyyəti kimi həmin əmlaka yiyəlik və sahiblik edir. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə 24 avqust 2022-ci il tarixdə məhkəməyə vəsatət göndərərək, mülki işə obyektiv baxılması üçün bir sıra idarələrə tərəfindən sorğu verildiyini, sorğulara cavab verilənədək işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən çəkişmə prinsipinin və ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə cavabdeh tərəfə sübutların təqdim edilməsi üçün kifayət qədər vaxt verilmiş, məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış, lakin ötən müddət ərzində cavabdeh tərəf mirasın qəbul edilməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, ümumiyyətlə məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 307.2-ci və 307.2.9-cu maddələrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iddia tələbi ilə bağlı yekun olaraq qeyd edir ki, 25 sentyabr 2016-cı il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakı miras açıldığı vaxt oğlu İddiaçı qəbul etdiyi üçün, iddia təmin edilməli, X2 miras qalmış Göyçay şəhəri X24 küçəsi D2, 4A saylı ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilməli, həmin əmlak üzərində iddiaçının vərəsəlik hüququ tanınmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X2 miras qalmış Göyçay şəhəri X24 küçəsi D2, 4A saylı ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilməli; həmin əmlak üzərində İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 miras qalmış Göyçay şəhəri X24 küçəsi D2, 4A saylı ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin. Həmin əmlak üzərində İddiaçı vərəsəlik hüququ tanınsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar