Məhkəmə qərarları › İş №2(046)-142/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-142/2023

07.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-142/2023 07.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdеh Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdеh Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması, tələbinə dair iddiası, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsinə görə ödənilmiş pul vəsaitinin və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayоn Məhkəməsinin binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayonu Potu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,47 hektar torpaq sahəsindən Cavabdeh1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1,47 ha torpaq sahəsinə görə - 1 hektarı o vaxtkı pulla 30 ədəd 10.000 manatlıq (üzərində Şirvanşahlar sarayının əksi olan) əskinas hesabı ilə (cəmi 45 ədəd 10.000 manatlıq əskinas, 450.000 AZM / 5.000 = 90 AZN) ödədiyi pul vəsaitinin qətnamə çıxarılacaq tarixə indeksasiya olunmaq şərti ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada mənim xeyrinə tutulması və 580 ədəd xurma tinglərinin alınması, onların əkilməsinə, boya-başa çatdırılması üçün hər il aparılmış aqro-texniki qulluq işlərinə, eləcə də həmin ağacların suvarılması üçün çəkdiyim damcı-suvarma sisteminə görə ödədiyim 92.000 (doxsan iki min) manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh4 vəCavabdeh5 qarşı torpaq sahəsinə görə ödənilmiş pul vəsaitinin və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki iş Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. İşin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,47 hektar torpaq sahəsi Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olmuşdur. Cavabdeh2 və ailə üzvləri həmin torpaq sahəsini 24 iyul 2019-cu il tarixdə Göyçay rayon Dövlət Notariat Kontorunda 4Ə- 494 reyestr sayı ilə təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən ona bağışlamışlar. Həmin bağışlama müqaviləsini Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə təqdim etmiş və adına Göyçay rayonu Potu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,47 hektar torpaq sahəsinə dair 10 sentyabr 2019-cu il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Adına həmçinin torpaq sahəsinin planı və ölçüsü (xx.xx.2019-cu il tarixli, A seriyalı 396892 saylı) sənədi tərtib edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, cavabdeh mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Cavabdehə torpaq sahəsinin mülkiyyətçisi olduğunu bildirib, cavabdehdən həmin torpaq sahəsindən çıxmasını, həmin torpaq sahəsində heç bir iş görməməsini tapşırmışdır. Lakin cavabdeh ona torpaq sahəsini əvvəlki mülkiyyətçilərdən aldığını bildirdi. Cavabdehdən əgər torpaq sahəsini almışsa, buna dair alğı-satqı müqaviləsini təqdim etməsini tələb etmişdir. Cavabdeh ona həmin torpaq sahəsini şifahi razılıq əsasında aldığını bildirmişdir. Cavabdehə torpaq sahəsinin qanuni mülkiyyətçisi olduğunu, adına çıxarış olduğunu bildirərək, həmin torpaq sahəsindən çıxmadığı və hər hansı bir iş görəcəyi təqdirdə, qanuni tədbir görəcəyi barədə xəbərdarlıq etmişdir. Bundan sonra, ailə vəziyyəti, işləri ilə bağlı torpaq sahəsinə mütəmadi olaraq gedib-gələ bilməmişdir. Daha sonra torpaq sahəsinə baxış keçirən zaman məlum olmuşdur ki, cavabdeh mülkiyyətində olan torpaq sahəsində xəbərdarlığına məhəl qoymadan ağaclar əkmişdir. Cavabdehə müraciət edərək, ona vaxtında xəbərdarlıq etdiyini, torpaq sahəsinə zəbt etməsinin qanunsuz və yolverilməz olduğunu, qanuni tədbir görəcəyimi bildirmişdir.Bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdеh Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh1 İddiaçı məxsus torpaq sahəsini zəbt etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən alınmış xx.xx.2019-cü il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 1.47 ha torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia etdiyi və naturada göstərdiyi 1.36 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********75 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4413 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi 1.36 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********75 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan 1.47 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edildiyini iddia edir və həmin torpaq sahəsinin boşaldılmasını xahiş edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edərək, müvafiq rəylər almışdır. Mütəxəssis və ekspert rəylərinə əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi 1.36 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********75 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətində olan 1.47 ha torpaq sahəsi zəbt edilməmişdir. Cavabdeh1 İddiaçı məxsus torpaq sahəsinin zəbt edildiyinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdеh Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ekspertiza xərci olan 100 manat iddiaçıdan alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabın ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdеh Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması barədə tələbi rədd edilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar