Məhkəmə qərarları › İş №2(046)-1466/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1466/2022

14.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1466/2022 14.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən və mərhum atası X11 məxsus fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaka dair vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X18 anası X7 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından 1955-ci ildə Həqiqət, 1956-cı ildə Eldar, 1959-cu ildə Telman, 1961-ci ildə Elman, 1963-cü ildə Ədalət, 1964-cü ildə Məsudə, 1966-cı ildə Lalə, 1968-ci ildə Elşən və 1970-ci ildə Mehriban adlı övladları doğulmuşlar. Mərhum atası X18 xx.xx.1992-ci il tarixdə «kəskin ürək damar çalmamazlığı» xəstəliyindən vəfat etmişdir. ünvan 2 saylı ev mərhum atası X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən texniki pasport və çıxarış verilmişdir. Mərhum atası X3 miras qalmış və ünvan 1 ünvanda yerləşən miras əmlakı sonuncu vəfat etdiyi tarixdən hazırki dövrə kimi faktiki olaraq qəbul edib, həmin əmlakı özü idarə edir. Həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etsə də, bacısı Cavabdeh ilə sözügedən miras əmlakla bağlı ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bildirir ki, bacısı Cavabdeh, eləcə də X9, X16, X19, X17, X12, X20 və X4 mirası nə faktiki, nə də qanun üzrə qəbul etməmiş, Cavabdeh istisna olmaqla bu barədə notariat kontoruna təsdiq edilmiş ərizə vermişlər. Mərhum atası X18 vəfat etdikdən sonra ondan miras qalmış fərdi yaşayış evinə dair torpaq vergisini, kommunal xərcləri uzun müddətdir ki, onun tərəfindən ödənilir, başqa sözlə ifadə etdikdə əmlakı faktiki idarə etməsinə baxmayaraq cavabdeh əsassız və qanunsuz olaraq miras əmlakdan pay tələb edir. Yuxarıda qeyd etdiyi kimi, cavabdeh, atası X3 miras qalmış əmlakı qanunla müəyyən olunmuş qaydada qəbul elməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən A və A1 fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə, torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə X8 (ümumi birgə torpaq sahəsinin digər payçıları Cənnət İsmayılova, Səadət İsmayılova, İddiaçı, Səidə Əliyeva, Ədalət İsmayılov, Elşən İsmayılov, Natiq İsmayılov, Gülnar İsmayılova, Namiq İsmayılov, Zəminə İsmayılova və Cavabdeh) adına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 408-1/7585 inventar nömrəli, xx.xx.2022-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair torpaq sahəsinin planı, situasiya planı, torpaq sahəsi haqqında məlumat, döngə nöqtələri, mərtəbələr üzrə təsnifatı, tikintinin mərtəbələr üzrə planı və sair göstəricilərin müfəssəl şəkildə göstərildiyi texniki pasport tərtib edilmişdir. - Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli AZ-İİ seriyalı 097833 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1992-ci il tarixdə kəskin ürək-damar çatmamazlığından Göyçay şəhərində vəfat etmişdir. Bu barədə xx.xx.1992-ci il tarixdə 228 saylı akt qeydi aparılmışdır. - Göyçay rayon Notariat ofisinə təqdim edilmiş ərizələrdən görünür ki, X5, X13, X20, X14, X17, X19 və X16 Notariat ofisinə rəsmi şəkildə ərizə təqdim edərək bildirmişlər ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X3 qalmış fərdi yaşayış evindən və torpaq sahəsindən onlara çatası payı qəbul etməmişlər. Miras əmlaka faktiki sahiblik və onu idarə etməyə başlamamışlar. Buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaqlar. - Göyçay rayon Notariat Ofisinin 13 aprel 2022-ci il tarixli 289 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 2 saylı evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Mülki Məcəllənin 1291-ci maddəsinə istinad edilməklə bildirilmişdir ki, miras şəriki olan Cavabdeh ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün Göyçay rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri- formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə - vərəsənin mirasın açıldığı yerin notariat orqanına mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşulür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: məsələn, vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə - vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o, hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və sair. Lakin, yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna istər rəsmi, istərsə də faktiki yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X1 Cənnət Rüstəm qızı ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından – 1955-ci ildə Həqiqət, 1956-cı ildə Eldar, 1959-cu ildə Telman, 1961-ci ildə Elman, 1963-cü ildə Ədalət, 1964-cü ildə Məsudə, 1966-cı ildə Lalə, 1968-ci ildə Elşən və 1970-ci ildə Mehriban adlı 9 övladları doğulmuşdur. X18 02 noyabr 1992-ci il tarixdə vəfat etmişdir. İddiaçı atası X18 02 noyabr 1992-ci il tarixdə vəfat edəndən dərhal sonra miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, orada yaşamağa başlamış, fərdi yaşayış evindən təyinatı üzrə istifadə etmiş, fərdi yaşayış evinin yaşayış üçün yararlı halda qalması üçün zəruri işləri görmüş, kommunal və sair xərcləri mütəmadi şəkildə ödəmişdir. Birinci növbə vərəsələr Cavabdeh istisna olmaqla Notariat ofisinə rəsmi şəkildə ərizə təqdim edərək xx.xx.1992-ci il tarixdə vəfat etmiş ataları X3 qalmış bütün miras əmlakdan onlara çatası payı qəbul etmədiklərini, miras əmlakı faktiki idarə etməyə başlamadıqlarını, buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaqlarını, mirasın bu hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasının onlara izah edildiyini bildirmişlər. Digər birinci növbə vərəsə olan Cavabdeh həmin fərdi yaşayış evini qanunla müəyyən edilmiş müddət ərzində nə faktiki qəbul etməmiş, nə də müvafiq ərizə ilə notariat ofisinə müraciət etməmişdir. İddiaçı bu günədək həmin fərdi yaşayış evində yaşamaqla, miras əmlakı faktiki olaraq qəbul etmişdir, öz mülkiyyəti kimi həmin əmlaka yiyəlik və sahiblik edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci və 307.2.9-cu maddələrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iddia tələbi ilə bağlı yekun olaraq qeyd edir ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakı miras açıldığı vaxt oğlu İddiaçı qəbul etdiyi üçün, iddia təmin edilməli, X2 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin (A və A1) İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilməli həmin əmlak üzərində iddiaçının vərəsəlik hüququ tanınmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X2 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin (A və A1) İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilməli; həmin əmlak üzərində İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin (A və A1) İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin. Həmin əmlak üzərində İddiaçı vərəsəlik hüququ tanınsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar