Məhkəmə qərarları › İş №2(046)-158/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-158/2025

19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-158/2025 19.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4845 manat pulun tutulması və ödənilmiş 68.45 manat dövlət rüsumunun iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 40 ildir ki, avtomobil təmiri ilə məşğul olur. İsmayıllı şəhəri, Kərpic zavod adlanan yerin yaxınlığında özünə məxsus sexi var, həmin sexdə fəaliyyət göstərir. Ondan başqa həmin sexdə Şahin adlı usta da işləyir. Cavabdeh təxminən 1 ildir ki, tanıyır. Vüqar onun işlədiyi sexin qonşuluğunda yerləşən sexdə işləmiş, həmin vaxtdan o, Vüqarı tanımış, aralarında heç bir düşmənçilik və ədavət olmamış, Vüqarla münasibətləri normal olmuşdur. xx.xx.2021-ci il tarixdə İsmayıllı rayonunun Lahıc qəsəbə sakini əvvəldən tanımadığı və adını xatırlamadığı şəxsdən 2600 manata Vaz 2106 markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobilin müəyyən hissələrinin təmirə ehtiyacı olmuşdur. Həmin avtomobilin müəyyən hissəsini özü, digər hissələrini isə başqa-başqa ustalara təmir etdirmişdir. Avtomobil saz vəziyyətinə gəldikdən sonra özü sürmüşdür, lakin avtomobilin qabaq sol krel və sol qapı hissəsinin yenidən təmirə ehtiyacı olmuşdur. Həmin hissələri də təmir elətdirdikdən sonra avtomobili satmaq fikrində olmuşdur. Avtomobilin qalan hissələrini təmir etmək üçün 2022ci ilin sentyabr ayın 15-16-sı avtomobili Vüqara vermişdir. Vüqar avtomobili düzəltdikdən sonra 5500 manata sata biləcəyini demişdir. Vüqar avtomobili 15 gün ərzində düzəldəcəyini demiş və bunun müqabilində ondan 300 manat pul istəmişdir. Vüqar bir müddət sonra akkumuliyator alınmalı olduğunu və əlavə 45 manat verməsini istəmişdir. Hissə-hissə ümumilikdə Vüqara 345 manat pul vermişdir, lakin Vüqar dediyi vaxtda avtomobili təmir edib yekunlaşdırmamışdır. 2022-ci ilin noyabr ayında Vüqar onun avtomobilini yaşadığı Göyçay rayonunun Qaraməryəm kəndindəki evinin həyətində təmir edəcəyini bildirmiş, bununla razılaşmışdır. Vüqar həmin gün onun avtomobilini sürüb Qaraməryəmə aparmışdır. Bundan sonra dəfələrlə Vüqarın istifadəsində olan mobil nömrəsinə zəng edib işlərin nə yerdə olduğunu soruşduqda, Vüqar hər dəfə az qalıb deyərək, ondan 1-2 gün möhlət istəmişdir. 2023-cü ilin yanvar ayında Vüqarın yaşadığı Qaraməryəm kəndindəki evinə getmişdir, Vüqar evdə olmamışdır. Həyət qapısında onu Vüqarın arvadı qarşılamış, daha sonra isə Vüqarın atası da ora gəlmişdir. Avtomobilin qabaq sağ tərəfinin əzik olduğunu görmüşdür. Avtomobilini əzilmiş halda gördükdən sonra Vüqarın harada olduğunu, nə üçün belə etdiyini soruşmuşdur. Atası isə Vüqarın bir neçə gündür ki, harada olması barədə məlumatı olmadığını bildirmişdir. Avtomobil vuruq vəziyyətində olduğundan yenidən İsmayıllıya qayıtmış, bir müddət sonra yenidən Vüqarın yaşadığı evə getmiş və Vüqarın ailə üzvləri yenidən Vüqarın evə gəlmədiyini, sonuncunun harada olması barədə məlumatlarının olmadığı bildirmişlər. Onlara bu barədə şikayət edəcəyini bildirmiş və Vüqar barəsində İsmayıllı RPŞ-yə müraciət etmişdir. Bundan sonra Şəki rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1 -ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə icraatı zamanı Cavabdeh ona dəymiş ziyanı üç ay ərzində ödəyəcəyini söz verməsinə baxmayaraq bu günədək ödəniş etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə digər Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdə Cavabdeh İddiaçı 4845 manat məbləğində ziyan vurması tam sübuta yetirilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 4845 manat maddi ziyan vurmuşdur. Qeyd edilən hal Şəki rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Hazırda İddiaçı Mübariz oğluna məxsus 4845 manat pul vəsaiti cavbdehin qanunsuz sahibliyində qalmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 68.45 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4845 manat pul və 68.45 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 4845 manat pul və 68.45 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar