Məhkəmə qərarları › İş №2(046)-1638/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1638/2024

04.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1638/2024 04.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, mərhum X1 doğum faktı müəyyən edilməklə, müvafiq doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.1962-ci ildə anadan olmuş mərhum X2 doğumunun qeyd edilmə faktının müəyyən edilməklə, doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, xx.xx.1962-ci ildə anadan olmuş əri X3 xx.xx.2012-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüşdür. Ərinin ölümü ilə əlaqədar kompensasiya ödənişi almaqdan ötrü icbari sığorta bürosuna rəsmi müraciət edərək sənədlər təqdim etmiş, lakin mərhum ərinin doğum şəhadətnaməsi itirildiyinə görə təqdim etmədikləri üçün ödəniş həyata keçirilməsinə dair büro tərəfindən imtina verilmişdir. Bununla əlaqədar təkrar doğum şəhadətnaməsi alınmasından ötrü Maraqlı şəxsnə müraciət olunmuşdur. Göyçay rayon QŞ-nin 22 may 2024-cü il tarixli 3-16-5/8-16- 367/2024 saylı arayışından görünür ki, mərhum əri B.S.İbrahimovun doğum haqqında akt qeydi Göyçay rayon QŞ-nin arxivində aşkar olunmamış və doğum haqqında şəhadətnamənin alınmasına görə Göyçay rayon məhkəməsinə müraciət olunması tövsiyyə olunmuşdur. Mərhum ərinin atası X5 xx.xx.2009-cu ildə, anası X14 xx.xx.1996-cı ildə vəfat etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 göstərdi ki, Ərizəçi mərhum qardaşı Bədrəddin İbrahimovun arvadıdır. X3 xx.xx.1962-ci ildə Göyçay rayonun Mallı- Şıxlı kəndində anadan olmuşdur. xx.xx.2012-ci ildə X15 rayonunda yaşayan qızı evinə gedərkən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Hazırda qardaşının doğumunu təsdiq edən şəhadətnamə itmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 göstərdi ki, Ərizəçi qardaşı arvadıdır. X3 xx.xx.1962-ci ildə Göyçay rayonun Mallı-Şıxlı kəndində anadan olmuş və xx.xx.2012-ci ildə X15 rayonunda yaşayan qızının evinə gedərkən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, 25 may 1962ci il tarixdə Göyçay rayonun Mallı-Şıxlı kəndində anadan olmuş X3 ilə 17 avqust 1961-ci il tarixdə Ucar rayonun Kirovkənd kəndində anadan olmuş X6 arasında nikah 25 iyul 1989cu il tarixdə bağlanmışdır. Maraqlı şəxs 31 iyul 2024-cü il tarixli arayışlarından görünür ki, X14 06 oktyabr 1996cı ildə, X5 24 dekabr 2009-cu ildə, X3 25 sentyabr 2012-ci il tarixdə vəfat etmişdir. İcbari Sığorta Bürosunun xx.xx.2023-cü il tarixli kompensasiya ödənişinin verilməsindən imtina olunması barədə bildirişdən görünür ki, X1 doğum haqqında məlumat təqdim edilə bilmədiyindən kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi 58-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 58.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 59.2-ci maddəsinə əsasən maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 62.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 62.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası.

13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Məhkəmənin mövqeyi

Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsini doğum haqqında şəhadətnaməsinin itməsi və həmin sənədi başqa qaydada əldə edə bilməməsi və bərpasının da mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi həyat yoldaşı X3 xx.xx.1962-ci il tarixdə Göyçay rayonu, Mallı-Şıxlı kəndində doğulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, X3 atası X5, atasının milliyyəti azərbaycanlı, anası X14, anasının milliyyəti azərbaycanlı olmuşdur. Məhkəmə hesab edir ki, iş materiallarında ərizəçinin vəta etmiş əri həqiqətən göstərilən tarixdə və göstərilən yerdə doğulması barədə qeyd aparılmasına dair kifayət qədər sübut vardır. Belə ki, qeyd edilən bu xüsusatlar məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ərizəyə əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunmuş məlumatlarla ərizəçinin tələbində qeyd edilən müvafiq məlumatların uyğunluq təşkil etdiyini nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçiyə doğulan zaman müvafiq məlumatlar qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin sonralar ərizəçi həmin şəhadətnaməni itirmiş, hazırda isə həmin sənədi başqa qaydada əldə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, X1 xx.xx.1962-ci il tarixdə Göyçay rayonu, Mallı-Şıxlı kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə vurğulayır ki, X1 ölümü ilə əlaqədar ərizəçinin müəyyən hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərtilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusion hüquqların effektivliyinə də mənfi təsir göstərə bilər. Bundan başqa, iş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda X1 doğum faktını təsdiq edən müvafiq qeyd yoxdur. Beləliklə, yuxarıda qeyd olunanları, ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 xx.xx.1962-ci il tarixdə Göyçay rayonun, Mallı-Şıxlı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “İbrahimov”, adı “Bədrəddin”, ata adı “Sədrəddin”, doğum tarixi “xx.xx.1962-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Göyçay rayonu, Mallı-Şıxlı kəndi”, ata qrafasında “X5, milliyyəti azərbaycanlı”, ana qrafasında “X14, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

Ərizə təmin edilsin. X1 xx.xx.1962-ci il tarixdə Göyçay rayonun, Mallı-Şıxlı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “İbrahimov”, adı “Bədrəddin”, ata adı “Sədrəddin”, doğum tarixi “xx.xx.1962-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Göyçay rayonu, Mallı-Şıxlı kəndi”, ata qrafasında “X5, milliyyəti azərbaycanlı”, ana qrafasında “X14, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar