Məhkəmə qərarları › İş №2(046)-1720/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1720/2023

26.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1720/2023 26.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətimdə olan Göyçay şəhəri Əli Kərim küçəsi 2/3 saylı binada yerləşən 3 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun mülkiyyətində Göyçay şəhəri Əli Kərim küçəsi 2/3 saylı binada 3 saylı bir otaqlı mənzil var. Həmin mənzilə xüsusu mülkiyyət hüququ 17 may 2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Cavabdeh 2016-cı ildə onun oğlu X4 ilə birlikdə onun evinə gələrək onunla birlikdə yaşamağa başlamışdır. 2017-ci ilin aprel ayından başlayaraq cavabdeh onunla mübahisə edir, təhqiramiz ifadələrlə söyüb təhqir edir. Dəfələrlə Göyçay rayon Polis Şöbəsinə müraciət etsə də ona mübahisə ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. O, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan 1 otaqlı mənzildə sakit yaşaya, əmlakından istifadə edə bilmir. Bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan və Mülki Məcəllə ilə tənzimlənən mülkiyyət hüquqları pozulur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, Cavabdeh gəlinidir, oğlu X3 arvadıdır. Cavabdeh ona məxsus olan Göyçay şəhəri Əli Kərim küçəsi 2/3 saylı binada yerləşən 3 saylı mənzildə 2019-cu ilin oktyabr ayından yaşayır. Belə ki, onlar əvvəl ona məxsus olan başqa evdə yaşamışlar, həmin evi satandan sonra 14 oktyabr 2019-cu ildə Göyçay şəhəri Əli Kərim küçəsi 2/3 saylı binada yerləşən 3 saylı mənzili alqısatqı-müqaviləsi bağlamaqla almışdır. Cavabdehin ona məxsus olan mənzildən istifadə hüququ yoxdur. Onunla mənzildən istifadə edilməsi ilə əlaqədar notariat qaydasında təsdiq edilmiş razılaşma bağlamamışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, 2016-cı ildə X4 ailə qurub İddiaçı məxsus olan evə gəlin köçmüşdür. Sonradan həmin ev satılmış və 2019-cu ildə Göyçay şəhəri Əli Kərim küçəsi 2/3 saylı binada yerləşən 3 saylı mənzili İddiaçı almışdır. 2019-cu ildən Göyçay şəhəri Əli Kərim küçəsi 2/3 saylı binada yerləşən 3 saylı mənzildə yaşayır. İddiaçı onu mənzildən çıxarıb, mənzili satmaq istəyir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Əli Kərim küçəsi 2/3 saylı evin 3 nömrəli mənzilini İddiaçı satmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Çıxarışının surətindən görünür ki, Göyçay şəhəri, Əli Kərim küçəsi 2/3 saylı evin 3 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********72- 05***-******* reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Cavabdeh arasında nikah 26 avqust 2016-cı il tarixdə Göyçay rayon İHB-nın Şəhadət kənd inzibati ərazi nümayəndəliyində bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Müseyibova soyadı verilmişdir. Tətbiq edilən hüquq normaları: 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri),habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar,mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə ,onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa,mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları).Buna uyğun olaraq,şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa,həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir.Bunun davamı olaraq ,şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa,onda həmin şəxs Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki,həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi,həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan,notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri,arvadı,valideynləri,uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Republikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə,o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər,ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər,həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər,ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər,bir şərtlə ki,həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın,yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə mənzildən çıxarılma tələbinin qanuni əsaslarını yoxlamamışdan əvvəl cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini yoxlamalı olmuşdur. Tərəflərin izahatlarından və iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,tərəflər arasında qeyd edilən mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətləri ilə bağlı mübahisə 2019-cu ildə yaranmışdır. Məhkəmə Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında verilmiş şərhi nəzərə alıb,hesab edir ki, Cavabdeh ailə qanunvericiliyi əsasında Göyçay şəhəri, Ə.Kərim küçəsi 2/3 saylı evin 3 nömrəli mənzilinin mülkiyyətçisi olan İddiaçı özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxil deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Göyçay şəhəri, Ə.Kərim küçəsi 2/3 saylı evin 3 nömrəli mənzilin mülkiyyətçisi olan İddiaçıının ailə üzvü olmadığından Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri olmamışdır. Məhkəmə eyni zamanda Cavabdeh Göyçay şəhəri, Ə.Kərim küçəsi 2/3 saylı evin 3 nömrəli mənzilindən Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından mənzilin yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini də yoxlamalı olmuşdur. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Cavabdeh mübahisəli mənzilə köçəndən sonra mənzilin mülkiyyətçisi İddiaçı arasında mənzildən istifadə edilməsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan və notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh X2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbi baxımından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ əmələ gəlməmişdir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb belə bir nəticəyə gəlir ki, cavabdeh X2 Göyçay şəhəri, Ə.Kərim küçəsi 2/3 saylı evin 3 nömrəli mənzilindən «istifadə hüququ» nə Mülki Məcəllənin 228-ci maddəsinə görə, nədə ki «istifadə etmək hüququ» 01 oktyabr 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən yaranmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, Ə.Kərim küçəsi 2/3 saylı evin 3 nömrəli mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququ bərpa edilməli,mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, Cavabdeh İddiaçı məxsus olan Göyçay şəhəri, Ə.Kərim küçəsi 2/3 saylı evin 3 nömrəli mənzilindən çıxarılmalı,bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, Ə.Kərim küçəsi 2/3 saylı evin 3 nömrəli mənzilindən çıxarılsın. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar