Məhkəmə qərarları › İş №2(046)-1732/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1732/2023

19.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1732/2023 19.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakda tam payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 miras qalmış «VAZ 21061» minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində tam həcmdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, X14 ilə xx.xx.1992-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.1985-ci il tarixdə Rəşidə, xx.xx.1986-cı il tarixdə Gülnar, xx.xx.1987-ci il tarixdə Quba, xx.xx.1989-cu il tarixdə Fatimə və xx.xx.1990-cı il tarixdə Mirmətləb adlı övladları anadan olmuşdur. Həyət yoldaşı Rəşid Bayramov xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Rəşid Bayramovdan «VAZ 21061» minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. 1ci növbəli vərəsələrdən cavabdeh istisna olmaqla, digər vərəsələr mirası qəbul etməmələri barədə notarial qaydada ərizə vermiş, lakin cavabdeh mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmədiyi halda bu barədə ərizə verməkdən imtina etmişdir. Rəşid Bayramovdan miras qalmış əmlakı faktiki olaraq qəbul edib, o idarə etmişdir. Belə ki, miras əmlak olan avtomobili mütəmadi olaraq təmir etdirib, ustalara texniki baxışdan keçirir ki, avtomobil saz vəziyyətdə olsun, köhnəlməsin və sıradan çıxmasın. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əməl edilməklə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 göstərdi ki,İddiaçı və mərhum X14 onun qudasıdır. X1 miras qalmış avtomobili İddiaçı etibarnamə ilə onun oğluna vermişdir. Etibarnamənin vaxtı bitəndən sonra oğlu avtomobili qaytarmışdır. Cavabdeh ailə həyatı quraraq Qax şəhərinə köçmüşdür və 3 övladı vardır. Onun dəqiq ünvanını bilmir.Atası vəfat edəndə Cavabdeh yas mərasiminə gəlmiş, lakin onu yas mərasiminə buraxmamışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X18 göstərdi ki, İddiaçı və mərhum X14 onun qonşusudur. X1 avtomobil miras qalmışdır. Həmin avtomobilə İddiaçı texniki olaraq baxmışdır. Cavabdeh axırıncı dəfə atası vəfat edəndə yas mərasiminə gələndə görmüşdür. İddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 31 mart 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı X12 ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Göyçay rayon Notariat ofisində təsdiq edilmiş 08 yanvar 2021-ci il tarixli ərizədən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə vəfat etmiş atası X8 ölümündən sonra miras qalmış əmlakdan imtina etməsini,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256,1268 və 1269-cu maddələrinin tələblərinin ona izah edilməsini göstərmişdir. İşə əlavə edilmiş 9 saylı Notariat ofisində təsdiq edilmiş 08 yanvar 2021-ci il tarixli ərizədən görünür ki, X15 xx.xx.2017-ci il tarixdə vəfat etmiş atası X8 ölümündən sonra miras qalmış əmlakdan imtina etməsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256,1268 və 1269-cu maddələrinin tələblərinin ona izah edilməsini göstərmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat ofisində təsdiq edilmiş 05 yanvar 2021-ci il tarixli ərizələrdən görünür ki, X6 və X16 xx.xx.2017-ci il tarixdə vəfat etmiş ataları X8 ölümündən sonra miras qalmış onlara çatası payı qəbul etməmələrini, miras əmlaka faktiki sahiblik və onu idarə etməyə başlamamalarını, buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaqlarını göstərmişlər. İşə əlavə edilmiş AC N 591788 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ 21061« markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X10r,qeydiyyat üçün əsas alqı-satqı müqavilsi,verilmə tarixi xx.xx.2016-cı il. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2017-ci ildə Göyçay şəhərində vəfat etmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Almarə Həmdulla qızı ilə 22 avqust 1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Bayramova soyadı verilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və a bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra ,lakin miras qəbul edilənədək ölərsə,mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya).Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər.Əgər bu müddət üç aydan azdırsa,üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə,lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə,onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına,vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür,bu şərtlə ki,vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə,müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1 -ci hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi «Şporrong və Lonrotun İsveçə qarşı məhkəmə işində qeyd etmişdir ki, həmin norma özündə:1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu; 2) mülkiyyətdən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan olmasını ehtiva edir. Azərbaycan Respublikası Mülkt Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, miras əmlaka X8 mülkiyyətində olan AC N 591788 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Vaz 21061» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil daxildir. Miras qoyanın adına öldüyü məqamadək digər əmlakın (və ya əmlakların) olması müəyyən edilməmişdir.Məhkəmə nəzərə alır ki, «Vaz 21061» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı X14 ilə birgə nikah dövründə əvəzli surətdə 2016-cı ildə əldə edilmiş,ona görə də həmin avtomobil onların birgə mülkiyyəti sayılmalı,ümumi əmlakda payları bərabər hesab edilməlidir. Miras xx.xx.2017-ci ildə açıldıqdan sonra miras qoyanın 6 qanun üzrə vərəsəsi olmuşdur :arvadı İddiaçı, X3, X15, X16, Cavabdeh və oğlu X6. X3, X15, X16 və oğlu X6 miras əmlakı qəbul etməmələri barədə ərizə verdiklərindən, mirası qəbul etməkdən imtina etmişlər. Məhkəmə qeyd edir ki, mirasın qəbul edildiyini vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi və ya əmlaka sahiblik etməsi və ya əmlakı idarə eməyə faktiki başlaması hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. İş üzrə tədqiq edilmiş sübutlardan Cavabdeh tərəfindən nə qanunla müəyyən müddət ərzində notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi, nə əmlaka sahiblik etməsi, nədə ki, əmlakı idarə etməyə faktiki başlaması hərəkətlərinin edilməsi müəyyən olunmamışdır. «Vaz 21061» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı ilə X8 ümumi əmlakı olduğundan,miras açıldıqdan sonra həmin avtomobili İddiaçı qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, Cavabdeh miras əmlak olan «Vaz 21061» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunla müəyyən edilmiş qaydada qəbul etmədiyindən onun, habelə digər vərəsələr X13, X15, X9 və X4 payları mirası faktiki qəbul etmiş İddiaçı payına əlavə edilməli, miras əmlakda İddiaçı tam həcmdə payı müəyyən olunmalı,bununla da iddia təmin olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq,Göyçay Rayon Məhkəməsi qət etdi: İddia təmin edilsin. İddiaçı X5 miras qalmış «Vaz 21061» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində tam həcmdə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar