Məhkəmə qərarları › İş №2(046)-1765/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1765/2021

21.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1765/2021 21.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsrayıl oğlu və Cavabdeh3 iştirakı ilə, evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan azyaşlı uşağı ilə birlikdə cavabdehlərin yaşadıqları Göyçay şəhəri X5 küçəsi 48 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 ilə 21 iyun 2008-ci il tarixdə el adətinə uyğun toy etməklə ailə qurmuş,Cavabdeh1 ilə evlənərkən əmlakı ilə birlikdə Göyçay şəhəri X5 küçəsi 48 saylı ünvanda yerləşən iki otaqlı fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh1 ilə nikahı 19 noyabr 2009-cu il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Cavabdehlə birgə nikahdan 12 avqust 2009-cu il tarixdə Tural adlı oğlu anadan olmuşdur. Cavabdeh1 ilə münasibətlərimiz pozulduğu üçün aralarında münaqişə yaranmış buna görə Göyçay rayon Məhkəməsinə nikahın pozulması ilə bağlı müraciət etmiş, məhkəmənin 26 may 2021-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, azyaşlı oğlu onun yanında saxlanılmış və oğlunun yetkinlik yaşına çatanadək saxlanılması sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Keçmiş qaynatası Cavabdeh2 İsrayıl oğlu dayısıdr və onun gəlin olaraq köçüb yaşadığım mübahisəli ev mərhum nənəsi X1 məxsus olmuşdur və ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehlərlə birlikdə yaşayarkən 2014-cü ildə mərhum nənəsindən miras qalmış iki otaqlı evi sökərək ailənin ümumi qazancı hesabına iki mərtəbəli 5 otaqlı fərdi yaşayış evi inşa etmişlər. Cavabdehlər həmin evə qayıdıb yaşamasına könüllü razılıq vermədiyinə görə azyaşlı oğlu ilə birlikdə cavabdehlərin yaşadığı Göyçay şəhəri X5 küçəsi 48 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsrayıl oğlu və Cavabdeh3 iddianı qəbul edərək göstərmişdir ki, iddiaçının azyaşlı uşaqları ilə birlikdə onlara məxsus fərdi yaşayış evində yaşamasına etiraz etmirlər. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(046)- 623/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh X3 arasında 19.11.2009-cu il tarixdə bağlanmış nikah pozulmuş, 12.08.2009-cu il tarixdə anadan olmuş X4 İddiaçı yanında saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 05.07.2021-ci il tarixli məktubundan görünür ki, Göyçay şəhəri X5 küçəsi 48 saylı ünvanda yerləşən fərfi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06.08.2021-ci il tarixli arayışdan görünür ki, Göyçay şəhəri X5 küçəsi 48 saylı ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2 İsrayıl oğlu və Cavabdeh3 yaşayırlar. İş üzrə tərəfləri dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən və işin faktiki hallarından göründüyü kimi İddiaçı qızı ilə cavabdehlər arasında mübahisəli fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 19.11.2009-cu ildə yaranmışdır. İddiaçı Cavabdeh1 arvadı kimi mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, orada cavabdehlərlə birlikdə təsərrüfat aparmış, azyaşlı uşağı həmin evdə yaşadıqları müddətdə doğulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında olan ailə münasibətləri pozulduğundan cavabdehlər İddiaçı həmin fərdi yaşayış evində yaşamağa imkan verməmişlər. Mübahisəli ev üzərində cavabdehlərin mülkiyyət hüququ qeydə alınmamışdır. Tərəflər arasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evə köçürülmə ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilr (qanunun analogiyası). Qeyd edilən maddi hüquq normalarını hazırkı iddia tələbi üzrə mübahisəli evin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar tətbiq edərək müəyyən etmişdir ki, mübahisəli ev mülkiyyət hüququ əsasında qeydə alınmamışdır. Tərəflər arasında olan mübahisəli mülki hüquq münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyinə görə məhkəmə hesab edir ki, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları, yəni qanunun analogiyası tətbiq olunmalıdır. Tərəflər arasında hüquq münasibətlərinin 02 noyabr 2009-cu ildə yaranmasını nəzərə alaraq, bu qənaətə gəlir ki, mülki mübahisə qanunun aralogiyası üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələblərinə uyğun şəkildə həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 68.3-cü maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin məcəllənin 68.4-cü maddəsinə əsasən Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu huquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yerinin olması təsbit olunmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı Cavabdeh1 arvadı kimi cavabdehlərin razılığı ilə mübahisəli evə gəlin köçmüş və cavabdehlərin ailə üzvü kimi 11 ildən artıq müddət ərzində həmin evdə yaşamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə uşağı ilə birlikdə həmin evə köçüb yaşamaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlara araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı 2009-cu ilin noyabr ayında cavabdehlərin razılığı ilə mübahisəli evə köçmüş və 2009-cu ildən iddiaçı mübahisəli evdə uşağı, əri ilə birlikdə yaşamışdır. İddiaçı məcburiyyət qarşısında mübahisəli evdən çıxıb getmişdir. Beləliklə, məhkəmə, iş üzrə məhkəmədə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçılara ödənilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı himayəsində olan azyaşlı uşağı 12.08.2009-cu il təvəllüdlü X4 ilə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsrayıl oğlunun və Cavabdeh3 yaşadığı Göyçay şəhəri X5 küçəsi 48 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün. Qərarın İcrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cavabdehlərdən müştərək qaydada 10 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar