Məhkəmə qərarları › İş №2(046)-178/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-178/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-178/2021 29.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, mənzildən çıxarılma tələbinə dair ilkin iddia, şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə Göyçay şəhərində 29 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 38, mənzil 38-dən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, X2 adından 06.12.2012-ci il tarixdə Göyçay rayon notariat kontorunda cavabdeh İddiaçı adına qoyulmuş vəsiyyətnamə üzrə ünvan 1 ünvanda yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233nömrəli, 01.03.2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkili Nümayəndə ilkin iddianı qəbul etmiş, qarşılıqlı iddianı qəbul etməyərək tələbi belə əsaslandırmışdır ki, iddiaçının atası X3 ilə anası X7 1985-ci il tarixdə rəsmi nikaha daxil olmaqla nikah bağlamışlar. Valideynlərinin rəsmi nikahında ondan başqa bir bacısı da anadan olmuşdur. Atasının mülkiyyətində olan Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, Ev 38, mənzil 38 ünvanında yerləşən mənzildə anadan olan andan etibarən yaşamışdır. Atası ilə anası arasında bağlanılmış nikah rəsmi olaraq 27.06.2008- ci il tarixində pozulmuşdur. Atası 06.12.2012-ci il tarixdə mülkiyyətçisi olduğu Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, Ev 38, mənzil 38 ünvanında yerləşən mənzili ona vəsiyyət etmişdir. Hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 01.03.2017-ci il tarixli çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Atası 27.06.2016 - cı il tarixdə vəfat etmişdir. Cavabdehlə iddiaçının atası 03.12.2008-ci il tarixdə ailə həyatı qurmuş, lakin onların övladları olmamışdır. Cavabdehin hazırda iddiaçının mülkiyyətində yaşaması iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdeh iddiaçıya məxsus mənzil üzərində rahat şəkildə sərəncam, iddiaçının mülkiyyətinə verilmiş əmlakdan sərbəst şəkildə istifadə etmək niyyətindədir. Buna görə də Cavabdeh Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 38, mənzil 38-dən çıxarılması və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək göstərmişdir ki, mərhum X3 ilə 03 dekabr 2008-ci il tarixdə rəsmi nikah bağlamışlar. Mərhum X2 yaşadığı ünvan 1 ünvanda yerləşən mənzildə yaşayaraq ümumi təsərrüfatı idarə etmiş və aralarında heç bir qeyd şərt olmamışdır. Birgə nigah dövründə ümumi birgə vəsaitləri hesabına ünvan 1 ünvanda yerləşən mənzili özələşdirmişlər. Həmçinin birgə nigah dövründə ünvan 1 ünvanda yerləşən mənzilin divarları suvanmış, mənzilin mətbəxi təmir olunub, hamam tikilib, otaqlar təmir olunub, mənzilin elektrik naqilləri sökülüb yenisi ilə əvəz edilmiş, kanalizasiya sistemi, su xətti çəkilmiş və mənzildə yenidən qurma işləri aparılmışdır. Bundan əlavə X3 vəfat etdikdən sonra həmin mənzildə yaşamış, mənzilin komunal xərcləri (su, qaz və elektrik pulu) onun tərəfindən ödənilmişdir. Mərhum əri X2 Bakı şəhərində yaşayan qızları Vyaçeslav vəfat etdikdən sonra onunla əlaqəni tamamilə kəsmiş, miras qalmış mənzildən istifadə etməmişlər. İddiaçı ünvan 4 ünvanda yerləşən mənzilə onun xəbəri olmadan Göyçay rayon Notariat Ofisindən vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzilə dair adına DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən çıxarış verilmişdir. Halbu ki, ərindən miras qalmış qeyd edilən mənzil onun tərəfindən qəbul edilməklə idarə edilmiş, miras əmlakı qəbul etmişdir. İddiaçı isə 4 ay 28 gün sonra notariat kontoruna vəsiyyətnamə üzrə miras əmlakı qəbul etmək üçün ərizə ilə müraciət etmişdir. Hesab edir ki, İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən ünvan 4 ünvanda yerləşən mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233-nömrəli, 01.03.2017-ci il tarixli çıxarış ləğv edilməlidir. Onunla İddiaçı arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğundan Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməli idi. Belə ki, Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən İddiaçı adına qanunsuz olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Mülki Məcəllənin 1291-ci maddəsinin tələbi pozulmuş, İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən onun mirası qəbul edibetməməsi araşdırılmamış, onunla miras qoya arasında nikah münasibətlərinin olduğuna heç bir əhəmiyyət verilməmişdir. Bununla da miras əmlakdan pay almaq hüququ məhdudlaşdırılmışdır. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X4 surətindən görünür ki, İddiaçı 23.03.1986-cı il tarixdə anadan olmuşdur. Atası X3dir. Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh 03.12.2008-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Vəsiyyətnamənin surətindən görünür ki, X3 Göyçay şəhəri, U.Hacıbəyov küçəsi, ev 38, mənzil 38 ünvanda yerləşən mənzili qızı İddiaçı vəsiyyət etmişdir. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X3 27.06.2016-cı il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş 23.02.2017-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X3 06.12.2012-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəsi İddiaçıdır. Məhkəməyə təqdim edilmiş 01.03.2017-cİ il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay şəhəri, U.Hacıbəyov küçəsi, ev 38, mənzil 38 ünvanda yerləşən mənzil İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, Cavabdeh Göyçay şəhəri, U.Hacıbəyov küçəsi, ev 38, 38 saylı mənzilə dair kommunal xərcləri mərhum əri X3 vəfat etdikdən sonra da həmin mənzildə yaşamaqla ödəmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İlkin iddia üzrə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xüsusi mülkiyyətində olan Göyçay şəhəri, U.Hacıbəyov küçəsi, ev 38, 38 saylı mənzildən ilkin iddia üzrə Cavabdeh çıxarılmasını tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mərhum X3 ilə nikah bağlayaraq ailə qurmuş Göyçay şəhəri, U.Hacıbəyov küçəsi, ev 38, mənzil 38-də birgə yaşadığını, X3 vəfat etdikdən sonra miras əmlak olan həmin mənzili faktiki idarə edərək qəbul etdiyini, Göyçay rayon Notariat kontorunda qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən onun miras əmlakda yaşamaqla faktiki olaraq həmin əmlakı idarə etməklə qəbul etdiyi nəzərə alınmadığını, buna görə də vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin və həmin mənzilə dair İddiaçı adına verilmiş 01.03.2017-ci il tarixdə RX ******* çıxarışın ləğv edilməsini tələb edir. Məhkəmə hesab edir ki, mərhum X3 ilə Cavabdeh nikah bağlayaraq ailə qurmuş, onlar mərhum X2 mülkiyyətində olan Göyçay şəhəri, U.Hacıbəyov küçəsi, ev 38, mənzil 38-də yaşamışlar. Cavabdeh X2 birinci növbəli vərəsəsi olaraq, X3 vəfat etdikdən sonra miras qalmış Göyçay şəhəri, U.Hacıbəyov küçəsi, ev 38, mənzil 38-də yaşamaqla faktiki idarə etmiş, həmin mənzilə aid komunal xərcləri ödəmiş, həmin mənzilə faktiki olaraq yiyələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Beləliklə Cavabdeh qeyd edilən mənzili faktiki idarə etməklə miras əmlakı qəbul etdiyinin şəksiz nümayiş etmişdir. Buna görə də ilkin iddia təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə bildirir ki, Cavabdeh mərhum əri X3 vəfat etdikdən sonra miras qalmış Göyçay şəhəri, U.Hacıbəyov küçəsi, ev 38, 38 mənzili faktiki idarə etmiş, həmin mənzildə yaşayır, mənzilə dair bütün komunal xərcləri ödəyir. Cavabdeh mərhum X2 birinci növbəli vərəsəsi olduğunu qanunun imperativliyi ilə öz əksini tapır. Mərhum X3 Göyçay şəhəri, U.Hacıbəyov küçəsi, ev 38, 38 mənzili qarşılıqlı iddia üzrə cavabdeh (qızı) İddiaçı vəsiyyət etdiyini baxmayaraq Cavabdeh həmin miras əmlakdan məcburi payı vardır. İddiaçı Vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən, Cavabdeh miras qoyanla nikah münasibətlərində olduğunu, birinci növbəli vərəsə olduğu, miras əmlak olan həmin mənzildə yaşamaqla mirası faktiki qəbul etdiyi nəzərə alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı verilmiş Vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnaməyə əsasən DƏDXR-nin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş RX ******* nömrəli 01.03.2017-ci il tarixli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Qanunun mənasından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 27.06.2016-cı il tarixdə vəfat etmiş mərhum əri X1 miras qalmış Göyçay şəhəri, U.Hacıbəyov küçəsi, ev 38, 38 mənzildə yaşamaqla faktiki idarə edərək miras əmlakı qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 38, mənzil 38-dən Cavabdeh çıxarılması barədə tələbi təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, X2 adından 06.12.2012-ci il tarixdə Göyçay rayon notariat kontorunda cavabdeh İddiaçı adına qoyulmuş vəsiyyətnamə üzrə ünvan 1 ünvanda yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233-nömrəli, 01.03.2017-ci il tarixli çıxarış ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia rədd edilsin. İddiaçı Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 38, mənzil 38-də yaşayan Cavabdeh çıxarılması barədə tələbi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. X2 adından 06.12.2012-ci il tarixdə Göyçay rayon notariat kontorunda cavabdeh İddiaçı adına qoyulmuş vəsiyyətnamə üzrə ünvan 1 ünvanda yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233-nömrəli, 01.03.2017-ci il tarixli çıxarış ləğv edilsin. X12 rayon notariat kontorunda cavabdeh İddiaçı adına qoyulmuş vəsiyyətnamə üzrə ünvan 1 ünvanda yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233nömrəli, 01.03.2017-ci il tarixli çıxarışın ləğv edilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar