Məhkəmə qərarları › İş №2(046)-1848/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1848/2023

20.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1848/2023 20.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinə qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı̇ İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinə qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair 14 iyun 2023-cü il tarixli 51/2 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və həmin gündən etibarən məcburi iş buraxdığı günlərinə görə əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinə ekskavatorçu vəzifəsinə qəbul edilmişdir. Həmin vaxt idarənin rəis əvəzi baş mühəndis Lətif Əliyev olmuşdur. Az müddətdən sonra idarəyə Orxan Mahmudov rəis vəzifəsinə təyin etmişlər. Orxan Mahmudov idarəyə rəis təyin edildiyi gündən etibarən onu və bir qrup işçini gözümçıxdıya salmağa başlamışdır. Hər gün hədə-qorxu, hər gün işdən çıxarılma ilə bağlı təhdid. Lakin bütün bunlara baxmayaraq işlərinə davam etmişlər. xx.xx.2023-cü il tarixdə bir qrup digər ekskavatorçular istifadələrində olan texnikaların texniki baxış müddətinin artıq çoxdan keçdiyini, yağlamaya ehtiyacı olan hissələrin artıq uzun müddətdir ki, yağlanmadığını bildirərək, istifadələrində olan texnikalar ilə işə çıxmaqdan imtina etmişlər. Lakin idarənin rəisi O.Mahmudov guya texnikalara mütəxəssis tərəfindən baxış keçirildiyini, heç bir nasazlıq aşkar edilmədiyini bildirmişdir. Hələ üstəlik «kim texnikasının harasından narazıdırsa getsin öz vəsaiti hesabına düzəltdirsin» deyə kinayəli ifadə də işlətmişdir. Ya nasaz texnikalarla işə çıxmalarını, ya da texnikaları saxlayaraq işdən azad ediləcəklərini bildirmişdir. Onlar öz növbələrində O.Mahmudova texnikaları hər gün özləri işlətdiklərini, nəyin saz, nəyin nasaz olduğunu gələn mütəxəssisdən yaxşı bildiklərini demişlər. Belə olan halda O.Mahmudov texnikaların idarədə saxlanmasını, işə çıxmayacaqları üçün də heç bir əmək haqqı hesablanmayacağını bildirmişdir. Bütün bu baş verən haqsızlıqlarla bağlı xx.xx.2023-cü il tarixdə o, digər iş yoldaşları Orxan Əsgərov, Əli Əmrahov, Vüsal İbrahimov, Seymur Teymurov və Əsgərzadə Elməddin ilə birlikdə Bakı şəhərinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə şikayətə getmişlər. Getməzdən qabaq bu barədə idarənin baş mühəndisi Lətif Əliyevə məlumat vermişlər. xx.xx.2023-cü il tarixdə onlar Bakı şəhərində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də olmuşlar. Onları orada Qurban müəllim adlı bir şəxs 2 dəfə qəbul etmiş, şikayətlərini dinləmişdir. Hətta həmin şəxs mobil telefon vasitəsi ilə Orxan Mahmudovla telefon əlaqəsi yaratmış və onların şikayətə gəldiklərini bildirmişdir. Onlar aidiyyəti üzrə şikayətlərini edərək elə həmin gün yenidən Göyçay rayonuna geri qayıtmışlar və ertəsi gün həmişəki kimi iş yerlərinə gəlmişlər. Lakin artıq burada onlara qarşı qurulmuş planla rastlaşmışlar. Belə ki, O.Mahmudov kollektivin ümumi iclasını çağıraraq onların, yəni Bakı şəhərinə şikayətə getmiş 6 nəfər işçinin işdən azad edilməsi məsələsini müakirəyə çıxartmışdır. Kollektivin iclasında O.Mahmudovun qurduğu oyunun əksinə olaraq heç kim onlardan işdən azad edilmələrinə razı olmadığını bildirmişdir. Belə olduğu halda O.Mahmudov qurduğu oyunun davamı olaraq guya X4 İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək onların, xüsusən də şəxsən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edeilməsinə münasibət bildirilməsini xahiş etmişdir. Şəxsən onun da iştirak etməli olduğu həmin iclasa heç dəvət də edilməmiş və həmin iclasda guya onun işdən azad edilməsinə müsbət rəy verilmişdir. Bunun da nəticəsi olaraq xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir. Əsas olaraq isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndi, yəni özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi götürülmüş və əmrdə qeyd edilmişdir. 14 iyun 2023cü il tarixli, 51/2 nömrəli «Əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə» əmrdə yazılanlar tamailə əsassızdır, orada qeyd edilənlərin heç biri həqiqəti əks etdirmir. Əmrdə qeyd edilir ki, guya o, heç bir məsul şəxsdən icazə almadan özbaşına iş yerini tərk edərək Bakı şəhərinə getmişdir. Yuxarıda da qeyd etdiyi kimi, Bakı şəhərinə tək o deyil, idarənin digər 5 nəfər adını çəkdiyi işçiləri ilə getmişdir, bundan əlavə onlar və yaxud o, Bakı şəhərinə gedərkən idarənin baş mühəndisinə məlumat vermişlər və onlar oraya gəzməyə, ya da istirahətə deyil, istifadə etdikləri texnikaların istismara yararsız vəziyyətdə olduğunu bildirmək üçün rəhbərliyə məlumat vermək məqsədi ilə getmişlər. Bütün bunlar faktdır və danılmaz sübutlara malikdir, yəni məhkəmə prosesi zamanı yuxarıda adlarını çəkdiyi şəxslər bütün bunları etiraf edəcəklər. Bundan başqa, əgər onun Bakı şəhərinə getməsi kobud qanun pozuntusudursa və buna görə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilirsə, nə üçün onunla bir yerdə olan işçilərdən ikisi - Orxan Əsgərov və Elməddin Əsgərzadə öz ərizələrinə əsasən işdən azad edilirlər, digər 3 nəfər barəsində isə heç bir intizam tənbehi belə görülməmişdir? O, adlarını çəkdiyi yoldaşlarının nə cəzalanıdırılmalarını, nə də işdən çıxarılmasını istəmir, əksinə işdən öz ərizələrinə əsasən azad edilmiş yoldaşlarının da işlərinə bərpa edilmələrini istəyir, çünki sonuncular da onun kimi Orxan Mahmudovun qurduğu oyunun qurbanı olmuşlar. O, bunu deməklə məhkəmənin xüsusi olaraq nəzərinə çatdırmaq istəyir ki, onun qanunsuz olaraq işdən azad edilməsi Orxan Mahmudovun ona qarşı olan şəxsi qərəzliyidir və bu da qanunvericiliyə ziddir. O.Mahmudovun ona qarşı olan şəxsi qərəzliliyi bu gün onun maddi və mənəvi vəziyyətinin həddən artıq pisləşməsinə səbəb olmuşdur. Himayəsində üç övladı var. Onlardan biri hal-hazırda həqiqi hərbi xidmətdədir, ikisi isə azyaşlıdırlar. Onun qanunsuz, qərəzli və əssasız olaraq işdən çıxarılması övladlarının da maddi və mənəvi durumuna pis təsir göstərmişdir. Hazırki ağır iqtisadi durumda o, sonuncuların dolanışığını həyata keçirdə bilmir. O.Mahmudovun qanunsuz əməlləri nəticəsində 3 ailə başçısı işsiz qalmışdır. Prezident İ.Əliyevin bütün görüşlərində etdiyi çıxışlar zamanı məmurlara dediyi ilk söz xalqın, millətin rifah halının yüksəldilməsidir, lakin görünən odur ki, O.Mahmudov kimi rəhbərlər, məmurlar ya ölkə başçısının çıxışlarını dinləmirlər, ya da həmin sözləri qulaqardına vururlar. xx.xx.2023-cü il tarixdə əmək kitabçasını vermişlər və elə həmən gün Mediasiya təşkliatına müracət etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış almışdır. Göründyü kimi, X4 İdarəsinin rəhbərliyi onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsinə dair əmr verməklə öz hüquqlarından sui-istifadə edərək qanunsuzluq etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, X4 İdarəsinin ekskavatorçusu İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək intizam pozuntusu törətmişdir. Belə ki, İddiaçı xx.xx.2023cü il tarixdə iş bölgüsü üzrə təyin edilmiş əraziyə getməkdən qəsdən imtina etmiş, bunun səbəbi kimi ona təhkim edilmiş texnikanın nasaz olduğunu göstərmişdir. X4 İdarəsi tərəfindən "xxxx" MMC-yə müraciət edilərək, qeyd edilən texnikalara mütəxəssisləri tərəfindən baxış keçirilməsi və müvafiq rəy verilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin mütəxəssisi sürücülərin, eləcə də idarənin digər əməkdaşlarının iştirakı ilə texnikalara baxış keçirmiş və müvafiq mütəxəssis rəyi vermişdir. Verilmiş mütəxəssis rəyində İddiaçı təhkim olunmuş texnikanın istismara yararlı olduğu, yəni iş bölgüsü ilə təyin edilmiş işlərin görülməsi üçün yararlı olduğunu bildirmişdir. Bundan sonra İddiaçı iş bölgüsü üzrə təyin edilmiş işlərin görülməsi təkrar tələb edilmiş, lakin sonuncu verilmiş tapşırıqları icra etməkdən qəsdən imtina etmişdir. Bununla da, İddiaçı əmək funksiyalarını yerinə yetirməmişdir. Eyni zamanda, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 09:00-da işə gəlmiş, iş bölgüsünü almadan idarəni saat 11 radələrində özbaşına tərk etmiş, bu barədə idarənin məsul əməkdaşlarına məlumat verməmiş, beləliklə iş vaxtı əmək müqaviləsi üzrə saat 09:00-dan nahar fasiləsi istisna olmaqla 18:00-dək işdə olmalı olduğu halda İddiaçı iş vaxtı işdə olmamışdır. Bununla da, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə münasibət bildirilməsi X1 Komitəsindən xahiş edilmişdir. HİK tərəfindən müraciətə baxılaraq, 14 iyun 2023-cü il tarixdə 07 saylı protokol tərtib edilmiş və İdarənin ekskavatorçusu İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. İdarənin 14 iyun 2023-cü il tarixli 51/2 saylı əmri ilə X4 İdarəsində ekskavatorçu vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyindən) xitam verilmişdir. Əmrdəki göstərişlərin icra edilməsi müvafiq olaraq Kadrlar şöbəsinə və Mühasibatlığa həvalə olunmuşdur. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçının hər hansı hüququ pozulmamış, əmr verilərkən Əmək Qanunvericiliyinə ciddi şəkildə riayət edilmişdir. Ona görə də, məhkmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 13 mart 2023-cü il tarixli ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 13 mart 2023-cü il tarixli 21 saylı əmrlə X4 İdarəsinə ekskavatorçu vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş mühəndis-hidrometr Şahin Allahverdiyev tərəfindən X4 İdarəsinin rəisi Orxan Mahmudova ünvanlanmış 06 iyun 2023-cü il tarixli məlumatdan görünür ki, 06 iyun 2023-cü il tarixdə İdarənin mexanizatorları İddiaçı və digərləri mexanizimlərin nasaz olduğunu bildirərək işə çıxmaqdan imtina etmişlər. Yağ və hava filtrlərinin dəyişdirilməsini səbəb göstərmişlər. Halbu ki, üç gün öncə, yəni 02 iyun 2023-cü il tarixdə bütöv günü tam şəkildə işdə olmuş və verilən tapşırıqları yerinə yetirmişlər. X4 İdarəsində 27 illik iş təcrübəsində belə bir durumun olması ilə ilk dəfə rastlaşır. Belə nəticəyə gəlmək olar ki, yuxarıda adları qeyd olunan mexanizatorlar sövdələşərək, suvarmanın qızğın vaxtı İdarənin, rayonun işini pozmuşlar. Nəticədə rayon ərazisində olan suvarma arxlarında lildən təmizlənmə işləri dayanmış və su istifadəçilərinin haqlı narazılığına səbəb olmuşdur. İşçilər haqqında tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş baş mexanik Cəmil Pənahov tərəfindən X4 İdarəsinin rəisi Orxan Mahmudova ünvanlanmış 06 iyun 2023-cü il tarixli məlumatdan görünür ki, İddiaçı və digərləri 06 iyun 2023-cü il tarixdə baş mühəndis Lətif Əliyevin iş bölgüsünü pozaraq, mexanizmlərin nasaz olmasını bəhanə gətiərək işə çıxmaqdan imtina etmişlər. Həmin şəxslər barəsində tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş baş mühəndis Lətif Əliyev tərəfindən X4 İdarəsinin rəisi Orxan Mahmudova ünvanlanmış 06 iyun 2023-cü il tarixli məlumatdan görünür ki, 06 iyun 2023-cü il tarixdə iş bölgüsü apararaq, ekskavator mexanizatorlarına suvarma arxlarının lildən təmizlənməsi işləri tapşırılmışdır. Lakin İddiaçı və digərləri mexanizmlərin (ekskavatorların) nasaz olduğunu bildirərək, işə çıxmaqdan imtina etmişlər. Səbəb kimi, yağ və hava filtrlərinin dəyişdirilməli olmasını, eləcə də kondisionerin işləməməsini göstərmişlər. İş materiallarına əlavə olunmuş 07 iyun 2023-cü il tarixli aktdan görünür ki, Göyçay SSİ-nin baş mühəndisi Lətif Əliyev, baş mexaniki Cəmil Pənahov və kadr üzrə mütəxəssis Günel Əliyeva yuxarıdakı məlumatların məzmununa uyğun akt tərtib etmişlər. Aktda qeyd olunmuşdur ki, İddiaçı və digərləri işə çıxmamalarına səbəb kimi texnikaların nasaz olduqlarını bildirsələr də, baş mexanik C.Pənahov bunun bəhanə olduğunu bildirmiş, texnikaların işlək vəziyyətdə olduğu haqqında izahat vermişdir. İdarə rəhbərliyi tərəfindən İddiaçı və digər şəxslərdən texnikaların nasaz olması ilə bağlı izahat tələb olunmuş, lakin adları qeyd olunan işçlər izahat verməkdən imtina etmişlər. İzahat alınmasına səbəb bildirdikləri nasazlıqlara uyğun olaraq servis xidmətinin təşkil olunmasıdır. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş 08 iyun 2023-cü il tarixli texniki xidmət göstərilməsi haqqında 01-23 saylı müqavilədən görünür ki, X4 İdarəsi (sifarişçi) ilə Equipment Transport and Service MMC (icraçı) arasında sifarişçiyə məxsus olan texnikaya (texnikalara) texniki xidmət göstərilməsi və baxış keçirilməsi üçün 2 il müddətinə qüvvədə olan müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş 08 iyun 2023-cü il tarixli 66 saylı məktubdan görünür ki, X4 İdarəsi Equipment Transport and Service MMC-yə müraciət edərək, İdarənin balansında olan texnikalara baxış keçirilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 08 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis rəyi verilməsi üçün baxışa təqdim edilmiş texnikaların texniki vəziyyəti müfəssəl şəkildə qeyd olunmuşdur. İddiaçı təhkim olunmuş texnikanın işini davam etdirmək qabiliyyətinda olması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş teleqramlardan görünür ki, İddiaçı İdarəyə gələrək izahat verməsi tələb olunmuşdur. İş materiallarına əlavə olunmuş 12 iyun 2023-cü il tarixli aktdan görünür ki, X4 İdarəsinin əməkdaşı İddiaçı və digərləri 12 iyun 2023-cü il tarixdə saat 09:00-da idarəyə gəlmiş, iş bölgüsünü almaqdan imtina edərək saat 11:00-da idarəni icazəsiz tərk etmişlər. Həmin işçilərlə telefon əlaqəsi saxlanılmış, onlardan işə qayıtmaları tələb edilmiş, lakin sonuncular Bakı şəhərinə Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinə idarənin fəaliyyəti ilə bağlı şikayətə gəldiklərini və bu səbəbdən işə gələ bilməyəcəklərini demişlər. Nəticədə İddiaçı və digərləri qanunsuz olaraq heç bir üzürlü səbəb olmadan iş vaxtı işdən yayınmışlar. İş materiallarına əlavə olunmuş İddiaçı Göyçay SSİ-nin rəisi Orxan Mahmudova yazdığı 13 iyun 2023-cü il tarixli izahatda qeyd olunmuşdur ki, o, xx.xx.2023-cü il tarixdə işdə olmuşdur. Dəfələrlə texnikanın servisə ehtiyacı olduğunu mexanikə, mühəndisə və rəisə bildirsə də, heç bir cavab ala bilməmişdir. Bu səbəbdən, məsuliyyətli şəxs olaraq texnikanın məhv olmasına göz yummamışdır. xx.xx.2023-cü il tarixdə texnikanın iş fəaliyyətini dayandırmışdır və xx.xx.2023-cü il tarixdən texnikanı İdarənin həyətində saxlamışdır. İş materiallarına əlavə olunmuş 13 iyun 2023-cü il tarixli 72 saylı məktubdan görünür ki, X4 İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri Ş.Allahverdiyevə müraciət edərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə münasibət bildirməsi xahiş olunmuşdur. Məktubda qeyd olunmuşdur ki, X4 İdarəsinin ekskavatorçuları X5, İddiaçı, X3, X8 əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək intizam pozuntusu törətmişlər. Belə ki, X5, İddiaçı, X3, X8 xx.xx.2023-cü il tarixdə iş bölgüsü üzrə təyin edilmiş əraziyə getməkdən qəsdən imtina etmiş, bunun səbəbi kimi onlara təhkim edilmiş texnikaların nasazlığını göstərmişdirlər. X4 İdarəsinin müraciəti əsasında dəvət edilmiş "xxxx" MMC-nin mütəxəssisi qeyd edilən texnikalara baxış keçirməsi və müvafiq rəy verilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin mütəxəssisi sürücülərin, eləcə də idarənin digər əməkdaşlarının iştirakı ilə texnikalara baxış keçirmiş və müvafiq mütəxəssis rəyi vermişdir. Verilmiş mütəxəssis rəyində X5, İddiaçı, X3, X6 təhkim olunmuş texnikaların istismara yararlı olduğu yəni, iş bölgüsü ilə təyin edilmiş işlərin görülməsi üçün yararlı olduğunu bildirmişdir. Bundan sonra X5, İddiaçı, X3, X6 iş bölgüsü üzrə təyin edilmiş işlərin görülməsi təkrar tələb edilmiş, lakin sonuncular verilmiş tapşırıqları icra etməkdən qəsdən imtina etmişlər. Bununla da, X5, İddiaçı, X3, X8 əmək funksiyalarını yerinə yetirməmişlər. Eyni zamanda, X5, İddiaçı, X3, X8 xx.xx.2023-cü il tarixdə saat 09:00-da işə gəlmiş, iş bölgüsünü almadan idarəni saat 11 radələrində öz başına tərk etmiş, bu barədə idarənin məsul əməkdaşlarına məlumat verməmiş, beləliklə iş vaxtı əmək müqaviləsi üzrə saat 09:00-dan nahar fasiləsi istisna olmaqla 18:00-dək işdə olmalı olduğu halda adları qeyd edilən şəxslər iş vaxtı işdə olmamışlar. Bununla da X5, İddiaçı, X3, X8 əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdirlər. İş materiallarına əlavə olunmuş 14 iyun 2023-cü il tarixli 51/2 saylı əmrdən görünür ki, X4 İdarəsində ekskavatorçu vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyindən) 14 iyun 2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş 31 iyul 2023-cü il tarixli MQŞ/MT-035/2023-014 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi brədə arayışdan görünür ki, tərəflər 26 iyul 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etsələr də, mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 13 mart 2023-cü il tarixli 21 saylı əmrlə X4 İdarəsinə ekskavatorçu vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin şərtlərinə görə iş saatları 09.00-dan başlayaraq nahar fasiləsi çıxılmaq şərti ilə 18.00-dək müəyyən edilmişdir. İddiaçı X4 İdarəsinin 06 iyun 2023-cü il tarixli iş bölgüsünə əsasən suvarma arxlarının lildən təmizlənməsi işləri tapşırılmışdır. Lakin İddiaçı ona təhkim olunmuş ekskavatorun nasaz olduğunu bildirərək, işə çıxmaqdan imtina etmişdir. Səbəb kimi, yağ və hava filtrlərinin dəyişdirilməli olmasını, eləcə də kondisionerin işləməməsini göstərmişdir. X4 İdarəsi işçinin texnikanın işləyə bilməyəcək dərəcədə nasaz olması barədə bildirdiklərinin yoxlanılması üçün Equipment Transport and Service MMC-yə müraciət edərək, İdarənin balansında olan texnikalara baxış keçirilməsi və baxışın nəticələrinə dair rəy verilməsinin təmin edilməsini xahiş etmişdir. Texnikalara yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçıya təhkim olunmuş texnika işini davam etdirmək qabiliyyətindədir. Bundan sonra, İddiaçı 12 iyun 2023-cü il tarixdə saat 09:00-da idarəyə gəlmiş, iş bölgüsünü almaqdan imtina edərək saat 11:00-da idarəni icazəsiz tərk etmişdir. Halbuki, ona təhkim edilmiş texnika işlək vəziyyətdə olmuşdur. Həmin işçi ilə telefon əlaqəsi saxlanılmış, ondan işə qayıtması tələb edilmiş, lakin o, Bakı şəhərinə Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinə idarənin fəaliyyəti ilə bağlı şikayətə gəldiyini və bu səbəbdən işə gələ bilməyəcəyini demişdir. Nəticədə, İddiaçı heç bir üzürlü səbəb olmadan iş vaxtı işdən yayınmışdır. İddiaçı tərəfindən yol verilmiş intizam pozuntusu ilə əlaqədar olaraq izahat verməsi üçün Göyçay SSİ-yə dəvət edilmiş və izahatı alınmışdır. İddiaçı 13 iyun 2023-cü il tarixdə verdiyi izahatında xx.xx.2023-cü il tarixdə işdə olduğunu, dəfələrlə texnikanın servisə ehtiyacı olduğunu mexanikə, mühəndisə və rəisə bildirsə də, heç bir cavab ala bilmədiyini, bu səbəbdən, məsuliyyətli şəxs olaraq texnikanın məhv olmasına göz yummadığını, xx.xx.2023-cü il tarixdə texnikanın iş fəaliyyətini dayandırdığını və xx.xx.2023-cü il tarixdən texnikanı İdarənin həyətində saxladığını bildirmişdir. Lakin həmin izahatında 12 iyun 2023-cü il taixdə iş saatlarında icazəsiz olaraq İdarəni tərk edib, Bakı şəhərinə getməsinin üzürlü səbəbləri barədə heç bir fikir bildirməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşin hallarından göründüyü kimi, İddiaçı 12 iyun 2023-cü il tarixdə işdə olmamasının heç bir üzürlü səbəbi, yəni Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndində qeyd edilən üzürlü hallar – özünün xəstəliyi, yaxud yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi halı olmamışdır. 08 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən də görünür ki, İddiaçı təhkim edilmiş texnikanın vəziyyəti qarşıda qoyulmuş tapşırığın icra edilməsi üçün yararlı vəziyyətdə, işini davam etdirmək qabiliyyətində olmuşdur. Bu da onu deməyə əsas verir ki, İddiaçı əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozmuş, özünün əmək funksiyasını yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmışdır. İddiaçı 06 iyun 2023-cü il tarixdən verilmiş iş bölgüsünü almaqdan imtina etməsi, həmçinin 12 iyun 2023-cü il tarixdə heç bir üzürlü səbəb olmadan işdə olmaması tərtib edilmiş aktlarla, eləcə də özünün iddia ərizəsində qeyd etdikləri ilə tam sübuta yetirilir. Göründüyü kimi, cavabdeh X4 İdarəsi hazırda mübahisələndirilən əmri verməmişdən öncə İddiaçı izahatını almış, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə vaxtından əvvəl xitam verilməsinə razılığın verilməsi (münasibət bildirilməsi) üçün Həmkarlar İttifaqı Komitəsinə müraciət etmiş, HİKdə məsələ müzakirəyə qoyularaq iştirak edən şəxslərin fikirləri dinlənilmiş, işçi ilə bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə HİK tərəfindən razılıq verilmiş, məhz bundan sonra işəgötürən tərəfindən mübahisələndirilən əmr verilmişdir. Əmr verilərkən Əmək Qanunvericiliyinin tələbləri, eləcə də iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddiaçı istər iddia ərizəsi ilə birlikdə, istərsə də məhkəmə prosesləri zamanı 12 iyun 2023-cü il tarixdə işdə olmamasının üzürlü səbəblərdən baş verməsinə dair mötəbər sübutları təqdim edə bilməmişdir. Məhz bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCnin X4 İdarəsinə qarşı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair 14 iyun 2023-cü il tarixli 51/2 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və həmin gündən etibarən məcburi iş buraxdığı günlərinə görə əmək haqqının ona ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinə qarşı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair 14 iyun 2023-cü il tarixli 51/2 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və həmin gündən etibarən məcburi iş buraxdığı günlərinə görə əmək haqqının ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar