Məhkəmə qərarları › İş №2(046)-1914/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1914/2025

12.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1914/2025 12.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı etibarnamə ürə nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən cavabdehlərin çıxarılaraq həmin torpaq sahəsinə girişinə qadağa qoyulmasına tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 sentyabr 2021-ci il qeydiyyat tarixli ********** saylı çıxarışına əsasən mülkiyyətində olan Göyçay rayon Qızılağac kənd ərazisində yerləşən 4.5 ha torpaq sahəsinin 2.0 hektar hissəsindən Cavabdeh2 və 2.5 hektar hissəsindən Cavabdeh1 çıxarılaraq həmin torpaq sahəsinə cavabdehlərin girişinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : Dövlət Reyestri Xidmətinin 16 sentyabr 2021-ci il qeydiyyat tarixli ********** saylı çıxarışına əsasən Göyçay rayon Qızılağac kənd ərazisndə yerləşən 4.5 ha torpaq sahəsinin mülkiyyətçisidir. Lakin torpaq islahatları aparılan ildən yəni 1996-cı ildən bu günə kimi hazırda mülkiyyətinə verilmiş həmin 4.5 hektar torpaq sahəsini cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində istifadə edə bilmir. Belə ki, mülkiyyətində olan 4.5 ha torpaq sahəsini tam zəbt edən Cavabdeh1 mülkiyyətində olan 4.5 ha torpaq sahəsinin 2.0 hektar torpaq hissəsini qanunsuz olaraq Cavabdeh2 qeyri rəsmi satmışdır. Cavabdehlərdən zəbt olunmuş torpağının boşaldılmasını tələb etsə də, cavabdehlər tələblərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini yəni torpağının qanunsuz zəbtini davam etdirir. Bununlada mülkiyyət hüquqlarının bərpası və mülkiyyətində olan torpağının istifadəsinə qaytarılmasının təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək İddiaçı iddia ərizəsi əsassızdır, qeyri qanunidir və hüquqi əsası olmayan bir iddiadır. O, bunu sübut olunmuş faktlara əsaslanaraq qeyd edir. İddia Cavabdeh2 cavabdeh qismində adı qeyd edilir. Halbuki onun ailəsinin mülkiyyətində olan 4.5 ha pay torpağı ilə heç bir əlaqəsi yoxdur. Bu bir faktdır. 1997-ci il tarixdə torpaqlar islahata gedərkən onun 6 nəfərdən ibarət ailə üzvlərinə yerli Aqrar islahat komissiyası tərəfindən püşkatma yolu ilə hər adam başına düşən normaya uyğun yəni onların təsərrüfatında 0.71 ha olmaqla yer üzərində ölçülərək 4.5 ha pay torpağı tanıdılmışdır. Bu günə kimi həmin pay torpağından istifadə edirlər və onun sahibliyindədir. Bunu Azərbaycan Respublikası ƏMDX-nin Kadastrı və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin arxiv sənədləri təsdiq edir. ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədr müavini cənab Fərid Cəfərovun sorğu əsasında ona yazdığı cavab olaraq xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, ona və 6 nəfər ailə üzvlərinə 271 nömrəli dövlət aktı ilə 0.55 ha torpaq sahəsi verildiyi halda ailə üzvü bir nəfərdən ibarət qonşu mülkiyyətçiyə 4.5 ha torpaq sahəsinin verilməsi texniki səhvdir. Ona və 6 nəfərdən ibarət ailəsinə islahat komissiyası tərəfindən verilmiş 4.5 ha pay torpağı cənab prezident İlham Əliyevin xx.xx.2016-cı il tarixli 818 saylı məlum fərmanı ilə yeni elektron sistemdə və rəqəmsal xəritədə yerləşdirilərək öz əksini tapmışdır. Onun və ailəsinin hazırda 1997-ci il tarixdə ona tanıdılmış 4.5 ha pay torpağından başqa digər məkanda pay torpağı yoxdur. Bu 16 saylı Ucar Ərazi İdarəsinin verdiyi rəsmi arayış təsdiq edir. İdddiaçı İddiaçı 5 nəfərdən ibarət ailəsinə isə 3 məkanda TEKUİS məlumatlarında qeydə alınmış 3.15, 1.32 ha 1 ha pay torpağı mövcuddur. Onun 1 ha satmışdır. Bunu 16 saylı Ucar Ərazi İdarəsinin rəsmi məktubları təsdiq edir. İddiaçı aldığı çıxarışa əsas olaraq X3 266 saylı dövlət aktında 0.62 ha pay torpağı TEKUİS məlumatlarında digər məkanda qeydə alınmışdır. Bunu 16 saylı Ucar Ərazi İdarəsi sorğu əsasında verdiyi cavab məktubu təsdiq edir. Onun ailə tərkibi haqqında olan arayış kənd bələdiyyəsinin ona verilmiş 4.5 ha pay torpağının miqdarı hansı məkanda yerləşməsi və vergilərin verilməsi haqqında izahlı arayışın surətidir. Həmkəndlilərinin ona və 6 nəfər ailə üzvlərinə 1997-ci ildə islahat komissiyası tərəfindən verilmiş 4.5 ha pay torpağı kəndin hansı hissəsində, hansı sahədə, hansı məkanda sahənin verilməsi haqqında geniş məlumatlar aidiyyəti orqanlara öz imzaları ilə yazılı müraciət etmişlər. Həmin müraciət ərizəsinə əlavə olunur. Onun işi Şəki İnzibati Məhkəməsində araşdırılmadadır. İş materialları : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Qızılağac kəndində yerləşən 4.5 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)- 48/2024 saylı qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-997/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Torpağa Mülkiyyət huququna dair JN 271 nömrəli dövlət aktından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 14 may tarixli 50 saylı qərarı ilə 0.55 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi Cavabdeh1, X7, X4, X1, X5 və X2 verilmişdir. Torpağa Mülkiyyət huququna dair JN 266 nömrəli dövlət aktından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 14 may tarixli 50 saylı qərarı ilə 4.50 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X6 verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, **********63 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı təyinatlı 4.5 ha (xx.xx.2025-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi) torpaq sahəsinin baxış zamanı Cavabdeh1 tərəfindən istifadə edildiyi mütəxəssisə bildirilmişdir. 2. **********63 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı təyinatlı 4.5 ha (xx.xx.2025-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi) torpaq sahəsinin üzərində baxış zamanı hər hansı bir tikili müşahidə edilməmişdir. Əlavə olaraq bildirilir ki, baxış zamanı Cavabdeh1 **********63 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı inzibati məhkəməyə müraciət etdiyini mütəxəssisə bildirmişdir. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflərin izahatları: Məhkəmə baxışında İddiaçı etibarnamə ürə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi İddiaçı dövlət reyestrindən çıxarışı araşdırılma aparılmadan qanunsuz olaraq vermişdir. Hal-hazırda qanunsuz çıxarışın verilməsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsində işi mübahisələndirmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh2 məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki halı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Qızılağac kəndində yerləşən 4.5 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 78.1 Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi: Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndi:

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi

Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

"İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

«Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı:

Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

Məhkəmənin mövqeyi:

İddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu, Qızılağac kəndində yerləşən yerləşən 4.5 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Bu fakt öz əksini Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyində və Cavabdeh1 verdiyi izahat ilə təsdiq olunur. Cavabdeh çıxarışın yalnış olduğunu bildirsə də, Azərbaycan Respublikası Mülki Məcəəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Eyni zamanda, Mülki qanunvericiliyin tələbinə görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus torpaq sahəsindən Cavabdeh2 istifadə edilməsi sübuta yetirilmədiyindən iddia tələbi sonuncuya dair hissədə əsaslı olmadığından təmin edilməməlidir.

Nəticə:

Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı mülkiyyətində olan 4.5 ha torpaq sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququ bərpa edilməli, mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, İddiaçı məxsus Göyçay rayonu Qızılağac kəndində yerləşən 4.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılaraq girişinə qadağa qoyulmalı, bununla da iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 qarşı hissədə iddia tələbi təmin edilməməlidir.

Məhkəmə xərcləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı məxsus Göyçay rayonu Qızılağac kəndində yerləşən 4.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılaraq girişinə qadağa qoyulsun. Cavabdeh2 qarşı hissədə iddia tələbi təmin edilməsin. Dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar