Məhkəmə qərarları › İş №2(046)-192/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-192/2025

10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-192/2025 10.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sahil oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sahil oğluna qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sahil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin şərəf və ləyaqətini alçatmaqla, mənəvi zərər vurduğu üçün cavabdehlərdən müştərək qaydada 1500 manat pulun, ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu,Xəlitli kəndində yaşayır. Xəlitli kəndində yerləşən fərdi yaşayış evi ilə həmsərhəd olan pay torpağının sahibi Cavabdeh3 Sahil oğludur. Cavabdeh3 ilə münasibətləri son vaxtlar daha da dözülməz hala çatmışdır. Belə ki, Cavabdeh3 ilə pay torpağının sərhədi əslində onun həyətyanı sahəsinin çəpərindən 10 metr məsafəfdən başlayır. 2 ilə yaxındır öz pay torpağı ilə yanaşı sahələrarası yol kimi tanınan aralarında 10 metr enində torpağı da şumladaraq oz torpaq sahəsinə daxil etmişdir. Mübahisə elə bu səbəbdən başlamışdır. Digər tərəfdən qapısının kənarından eni 7 metr olan Qarabörk arxı keçir. Mal-qarası həmişə arxın kənarında kölgələnib, arxın suyundan içib oradaca yemlənirlər. Hələ keçən il Cavabdeh3 Sahil oğlu arxın kənarın şumladaraq, arxın kənarında bitmiş qarğıları da kökündən çıxarıb arxın içinə tökmüşdür. X1 buna etirazını bildirdikdə, onu nalayıq söyüşlərlə təhqir etmişdir. 02 sentyabr 2024-cü il tarixdə traktor səsi eşidib bayıra çıxanda Cavabdeh3 bibisinin əri olan Cavabdeh1 Məhiyədin oğlunun oğlu Zaur traktorla yenə də onlara məxsus olmayan çəpərlə İsmayılın pay torpağı arasında olan yol kimi tanınan sahəni şumladığını görmüşdür.Cavabdeh1 də orada olmuş və Cavabdeh3 göstərişlər vermişdir. Bunu görcək təbii ki, etiraz etmişdir. Şumalamaq olmaz dedikdə, onların hər ikisi üstünə gələrək, sanki onu öldürəcəklər kimi qışqıraraq söyməyə başlamışlar. Bu zaman cavabdehlərin üçü də ona tərəf gələrək qolundan tutub onu sürüməyə başlamışlar. Nə qədər çalışsa da əllərindən çıxa bilməmişdir. Nəhayət onların əllərindən çıxaraq evə tərəf getmişdir.Həyat yoldaşı da səs-küyü eşidərək bayıra çıxdıqda onu da söyməyə başlamışlar. Əri onu sakitləşdirməyə çalışsa da cavabdehlər ona qarşı daha sərt nalayiq ifadələr işlətmişlər. Evə gəldikdən sonra əlində ağrı hiss etmiş və həmin gecə ağrıdan yata bilməmişdir. Ertəsi gün Göyçay rayon Polis şöbəsinə gedərək cavabdehlərin bu hərəkətlərindən şikayət ərizəsi ilə müraciət etmişdir.Polis şöbəsində izahat alınandan sonra təklif olundu ki,cavabdehlər tərəfindən ona yetirilən xəsarətin dərəcəsini müəyyən etmək üçün xəstəxanaya müraciət etsin. Xəstəxanadan verilən arayışı polis şöbəsinə təqdim etmişdir.Polis şöbəsində ona tövsiyyə olundu ki, cavabdehlərlə aralarında olan mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Hadisələrdən sonra stress keçirtmişdir. Ailə üzvlərinin həyatı üçün çox narahatdır, çünki cavabehlər tərəfindən ailə üzvlərinə qarşı hər an təhlükə ola bilər. Qapının qarşısına belə çıxmağa qorxur. Cavabdehlər bu hərəkətləri ilə onun şərəf və ləyaqətini alçatmaqla mənəvi zərər vurmuşlar. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 Sahil oğlu iddiaya etiraz ərizəsində göstərmişdir ki, iddiaçı tələbini 02 sentyabr 2024-cü il tarixdə mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinə şumladarkən onun və digər cavabdehlərin iddiaçını döyüb-söymələri, stres keçirməsi nəticəsində ona mənəvi zərərin dəyməsi, guya onu söyməklə şərəf və ləyaqətini alçatmağı əsaslandırmışdır. İddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsinə cinayət işi başlanmasının rədd olunmasına dair Göyçay rayon X4 Bölməsinin təhqiqatçısı Anar Osmanovun 12 sentyabr 2024-cü il tarixli qərarını əlavə etmişdir. Lakin həmin qərarda göstərilir ki, onun və digər cavabdehlərin iddiaçını döyməsi sübut olunmamışdır. “Aşağı ətrafın uzun sümüklərinin xoşxassəli yeni törəməsi” diaqnozu ilə onkoloji xəstədir və 10 may 2024-cü ildə Milli Onkologiya Mərkəzində sol ayağından cərrahi əməliyyat olunmuşdur. Həmin vaxtdan çəliklə hərəkət edir və daimi müayinə olunmaqla müalicə alır. Xəstəlik ağciyərlərinə də patologiya vermişdir. Belə bir vəziyyətdə iddiaçını döyməyi qeyrimümkündür. İddia ərizəsinə etiraza 01 sentyabr 2024-cü il tarixdə çəkdiyi videogörüntünü əlvə etmişdir. Həmin videogörüntülərdən də görünür ki, iddiaçı ucadan səs-küy salaraq onlara işləməyə mane olur. Video çəkilməyən vaxt onu və digər cavabdehləri təhqir edən iddiaçı çəkilişə başlayan kimi söyüşləri dayandırırdı. Ancaq iddiaçının aqressiv və kobud hərəkətləri və danışıqları videogörüntülərdə öz əksini tapmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya etiraz ərizəsində göstərmişdir ki, iddiaçı tələbini guya 02 sentyabr 2024-cü il tarixdə Cavabdeh3 Sahil oğluna məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsini şumlayarkən onu döyüb-söyməkləri, stres keçirməsi nəticəsində ona mənəvi zərərin dəyməsi, guya onu söyməklə şərəf və ləyaqətini alçatmaqları ilə əsaslandırmışdır. İddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsinə cinayət işi başlanmasının rədd olunmasına dair Göyçay rayon X4 Bölməsinin təhqiqatçısı Anar Osmanovun 12 sentyabr 2024-cü il tarixli qərarını əlavə etmişdir. Lakin həmin qərarda göstərilir ki, onların və digər cavabdehin iddiaçını döyməkləri sübut olunmamışdır. Həmçinin iddiaçı ərizəsinin təsviri hissəsində Zaurun traktorla yeri şumladığını, orada olan Sərhəddinin İsmayıla göstərişlər verdiyini, etiraz edərkən hər ikisinin onun üstünə gələrək söydüklərini, daha sonra hər üçünün üstünə gələrək qolundan tutub yerdə sürüdüyünü göstərir. Zaur traktordan yerə düşməmişdir, çünki iddiaçı üzərlərinə hücum edirdi. Cavabdeh1 2022-ci ildən onkoloji xəstədir və boğazındakı şişə görə səsi çıxmır. Belə olduğu halda iddiaçını söyüb döyməkləri qeyri-mümkündür. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək iddia ərizəsinə etirazda qeyd etdiyi xüsusatlara uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək iddia ərizəsinə etirazda qeyd etdiyi xüsusatlara uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 səhətində olan nasazılıqla əlaqədar izahat verə bilməmişdir. Məhkəmə, tərəflərin etirazlarını və izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Göyçay rayonu Xəlitli kəndində yaşayan İddiaçı ilə Cavabdeh3 arasında yaşadıqları kəndin ərazisində mübahisə baş vermişdir. Mübahisəyə səbəb Cavabdeh3 İddiaçı ilə aralarında yerləşən torpaq sahəsinin sərhəd hissəsini şumlatması olmuşdur. Lakin həmin vaxtı İddiaçı Cavabdeh3 Sahil oğlu, Cavabdeh1 və Cavabdeh2 tərəfindən döyülməsi xüsusatı öz təsdiqini tapmamışdır. Belə ki, AR SN-nin MTE və PA X6 şəxsi Göyçay rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 562 №-li ekspert rəyində İddiaçı bədəni üzərində xx.xx.2024-cü il tarixinə uyğun heç bir xəsarət izlərinin aşkar edilmədiyi göstərilmişdir. Həmçinin Cavabdeh3 və digərləri izahat verərək İddiaçım döymədiklərini bildirmişlər. İddiaçı cavabdehlər barəsində Göyçay RPŞ-nə verdiyi şikayəti üzrə qəbul edilmiş qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sahil oğlunun əməllərində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından yəni cavabdehlərin iddiaçıya qarşı hər hansısa bir qanuna zidd əməllərə yol verdikləri müəyyən edilmədiyindən barələrində cinayət işi başlanılması rədd edilmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, İddiaçı ilə Cavabdeh3 Sahil oğlu arasında torpaq sahəsinə dair mübahisə var. Həmin torpaq sahəsində şumlama işləri aparan Cavabdeh1 və Cavabdeh2 ilə də İddiaçı arasında həmin torpaq sahəsində şumlama işləri aparılarkən mübahisə baş verir. Baş vermiş mübahisə zamanı cavabdehlər İddiaçı söyüb təhqir etməmiş, ona xəsarət yetirməmiş, ona qarşı hər hansı nalayiq ifadələr işlətməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 4 saylı qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. “Şərəf” dedikdə insanın əxlaqi, mənəvi keyfiyyətlərinə, başqa şəxslərə və cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymət anlaşılır. “Ləyaqət” isə şəxsin özünə, davranışına, mənəvi və əxlaqi dünya görüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Qeyd olunmalıdır ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normalarıda nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı işin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sahil oğlu xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək və Göyçay RPŞ-nə ərizə ilə müraciət edərək cavabdehlər tərəfindən döyüldüyünü bildirmiş və onlar barəsində təbdir görülməsini xahiş etmişdir. Bununla bağlı araşdırma aparılmış, cavabdehlərin iddiaçıya qarşı hər hansı bir qanuna zidd hərəkətə yol verdikləri müəyyən edilməmişdir. Eləcə də məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən də cavabdehlərin iddiaçıya qarşı hər hansı bir qanuna zidd hərəkətə yol verdikləri müəyyən edilməmişdir. Bundan sonra İddiaçı cavabdehlər tərəfindən ona və ailəsinə mənəvi ziya vurulduğu qənaətinə gələrək məhkəmədə bununla bağlı iddia qaldırmış və cavabdehlərdən 1500 manat mənəvi ziyan tələb edir. Məhkəmə baxışı zamanı İddiaçı cavabdehlər tərəfindən onun şərəf və ləyaqəytini alçaldan hərəkətlərə yol verildiyinə dair heç bir mötəbər sübutu məhkəməyə təqim edə bilməmişdir Məhkəməhə hesab edir ki, iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi şərəf və ləyaqətin, işigüzar nüfuzun müdafiəsi tələbi ilə bağlı olduğundan və həmin tələbə kifayət qədər hüquqi qiymət verildiyindən məhkəmə hesab edir ki, əlavə olaraq mənəvi zərərin ödənilməsi ilə bağlı hüquqi dəyərləndirmə aparılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sahil oğluna qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sahil oğluna qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar