Məhkəmə qərarları › İş №2(046)-20/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-20/2022

02.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-20/2022 02.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı X3, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və (vəkil) nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarışa əsasən mülkiyyətdə olan Göyçay rayonu Məlikkənd kəndində yerləşən 6.33 ha torpaq sahəsinin 1.0 hektarından cavabdehlərin çıxarılaraq həmin torpaq saəsinə girişinə qadağa qoyulması, 24.000 manat əldən çıxmış gəlirin və 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” qanununa əsasən Göyçay rayonunun Məlikkənd kəndinin ərazisində təsərufat başçısı mərhum atası X4 olmaqla birgə mülkiyyətə JN-0029 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 6.33 hektar torpaq sahəsi ayrılmışdır. Lakin Azərbaycan Respublikasında torpaq islahatı qurtarandan bu vaxta kimi yəni 1998-ci ildən mülkiyyətinə verilmiş həmin 6.33 hektar torpaq sahəsinin 1.0 hektarından cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində istifadə edə bilmir. Belə ki, cavabdehlər həmin torpaq sahəsini onların razılığı olmadan mülkiyyətində olan 6.33 hektar torpağın 1.0 hektarını zəbt edib istifadə edirlər. Cavabdehlərdən zəbt olunmuş torpağın boşaldılmasını tələb etsə də, cavabdehlər tələblərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini, yəni torpaqdan qanunsuz zəbtini davam etdirir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında X7 iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. İş üzrə Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişlər ki, iddiaçının qeyd etdiyi torpaq sahəsindən istifadə edirlər, iddiaçıya məxsus torpaq sahəsi başqa sahədə bələdiyyənin xəritəsinə əsasən nəzərdə tutulmuşdur. Hazırda istifadə etdikləri torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinə müraciət etmişlər. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər. İş üzrə digər cavabdehə məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə Cavabdeh2 (vəkili) nümayəndəsi Nümayəndə3 eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0029 saylı dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Göyçay rayon Məlikkənd kəndində yerləşən 6.33 ha torpaq sahəsi X3 və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir Məhkəməyə təqdim edilmiş X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC-nin xx.xx.2022-ci il tarixli M/05 saylı rəyindən görünür ki, Göyçay rayonu Məlikkənd kəndində yerləşən və İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan JN-0029 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının JN-0029A konturunda göstərilən 1.51 ha torpaq sahəsinin 0.37 ha hissəsi Cavabdeh1, 0.22 ha hissəsi X2 və 0.35 ha hissəsi isə Cavabdeh2 tərəfindən naturada istifadə edilir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Dövlət X5 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı X7 xüsusi mülkiyyətində olan Göyçay rayonun Məlikkənd kəndində 6.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini iddia edir və cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinin verilməsi üçün ekspertizası təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının və digər ailə üzvlərinin mülkiyyətində Göyçay rayonun Məlikkənd kəndində 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.37 ha hissəsi Cavabdeh1, 0.22 ha hissəsi X2 və 0.35 ha hissəsi isə Cavabdeh2 qanunsuz istifadəsindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onların qanuni sahibliyində olan 1.51 ha torpaq sahəsinin 0.37 ha hissəsi Cavabdeh1, 0.22 ha hissəsi X2 və 0.35 ha hissəsi isə Cavabdeh2 zəbt etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyrisabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. İstinad olunan maddi hüquq normalarının tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davamlı şəkildə edildikə isə hüququ pozulmuş şəxs pozulmuş hüquqularının bərpasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə baxışı zamanı iddiaçı X7 24.000 manat əldən çıxmış faydanın cavabdehlərdən alınaraq ona ödənilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X3 iddiası qismən təmin edilməli, Göyçay rayonu Məlikkənd kəndində yerləşən JN-0029 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının və digər ailə üzvlərinin mülkiyyətində olan 1.51 ha torpaq sahəsinin 0.37 ha hissəsindən Cavabdeh1, 0.22 ha hissəsindən X2 və 0.35 ha hissəsindən Cavabdeh2 çıxarılmalı, cavabdehlərə həmin torpaq sahəsinə yenidən daxil olmaları qadağan edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Göyçay rayonu Məlikkənd kəndində yerləşən JN-0029 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçı X3 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.51 ha torpaq sahəsinin 0.37 ha hissəsindən Cavabdeh1, 0.22 ha hissəsindən X2 və 0.35 ha hissəsindən Cavabdeh2 çıxarılsın.Cavabdehlərə həmin torpaq sahəsinə yenidən daxil olmaları qadağan edilsin. 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar