Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2336/2025 13.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəyə bərpa edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli 18-1-40/3-8-1075/2024 saylı əmrinin ləğv еdilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməklə tutduğu vəzifəyə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tаriхdə işəgötürənlə аrаlarındа bаğlаnmış əmək müqаviləsinə əsаsən Göyçay RMX-nın PHŞ-nin Təcili və X14 X11 Yardım bölməsinin həkimi kimi işə başlamış, 2024-cü ilin yanvar ayında Göyçay RMXnın PHŞ-nin Təcili və X14 X11 Yardım bölməsində bölmə müdiri vəzifəsinə keçirilmişdir. 23 iyul 2022-ci il tаriхdə sааt 03:30-dа vətəndаş Quliyеvа Vüsаlə Tеmur qızının vəfаt еtməsi ilə əlаqədаr оlаrаq barəsində cinаyət işi bаşlаnmışdır. Həmin cinаyət işi ilə bаğlı ona Аzərbаycаn Rеspublikаsı CM-nın 314.2-ci mаddəsi ilə ittihаm irəli sürülmüş və cinаyət işi bахılmаsı üçün məhkəməyə göndərilmişdir. İbtidаi istintаq оrqаnı tərəfindən vеrilən ittihаmdа qеyd оlunmuşdur ki, “İddiaçı xx.xx.2022-ci il tarixdə axşam saat 21:00-dan xx.xx.2022-ci il tarixdə saat 09:00-dək olan müddətdə xəstəxananın təcili və X7 şöbəsinin təcili yardım bölməsində məsul növbətçi həkim xidmətində olarkən 22 iyul 2022-ci il tarixdə saat 04 radələrində ona müraciət edən Göyçay rayonu Qaraməryəm kənd sakini X4 bədən hərarətinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hazırda qüvvədə olan «Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları üzrə kliniki protokolu»na əsasən ağır dərəcəli kimi qiymətləndirilən 40° C olduğunu müəyyən edib xəstəyə «kəskin respirator virus infeksiyası» diaqnozu qoyduqdan sonra növbətçi həkim kimi xidmətdə olduğu müddətdə yerinə yetirdiyi təşkilati-sərəncamverici funksiyalara əsasən «Göyçay rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin rəhbərliyi tərəfindən təsdiq edilmiş 05 yanvar 2022-ci il tarixli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş «Təcili və X7 üzrə həkimin nümunəvi vəzifə təlimatının 6-cı, 7-ci bəndlərinə əsasən tibbi praktikada tədbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşakar səviyyədə tibbi yardım göstərməli, müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını və diaqnozunu müəyyən etməli olduğu halda, bunu etməyərək yalnız xəstənin müalicəsi üçün yetərli olmayan simptomatik müalicə (analgin, dimedrol, novokain əzələ daxili) aparılması ilə kifayətlənib işinə vicdansız və laqeyd münasibət göstərməklə təlimatla üzərinə düşən xidməti vəzifə öhdəliklərini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyib təlimatın tələblərini pozmaqla X5 patologiyanın vaxtında aşkar edilməsi üçün xəstəni tam və hərtərəfli müayinə və müalicə etməmiş, kliniki əlamətlərini, anamnestik məlumatları düzgün qiymətləndirməmiş, xəstədən laborator analizlər götürülməli, xəstənin şikayətlərinə əsasən döş qəfəsi orqanlarının dərhal instrumental (rentgenoqrafiya, torakal KT) müayinələri, qanın ümumi analizi, qan qrupu və rezus faktor, CRP (C reaktiv zülal), qanın tam biokimyəvi analizi, koaquloqram, EKQ, ExoKQ müayinələri aparılmalı olduğu halda etməmiş, profil üzrə dar ixtisaslı həkim mütəxəssislərin (infeksionist və reanimatoloq) cəlb edilməli olduğu halda bunu etməmiş, «kəskin respirator xəstəliklər»lər qrupuna aid olan COVİD-19 təyini ilə bağlı test götürməmiş, həmçinin xəstəliyin ağırlığı xəstədə təxirəsalınmaz hospitalizasiyaya göstəriş sayıldığı halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 28 noyabr 2016-cı il tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Xəstələrin stasionara hospitalizasıyasına dair» metodiki tövsiyyənin 2.5.1 (reanimasiya tədbirləri və təxirəsalınmaz müayinə), 2.5.3 (xəstənin izolyasiyasını tələb edən vəziyyətlər) və 2.6-cı bəndlərinə əsasən yüksək texnologiyalı tibbi yardıma ehtiyacı olan xəstəni təxirəsalınmaz intensiv terapiya və reanimatoloji xidmət təmin edən stasionara yerləşdirilməsi üçün tədbirləri görməli, sonrakı müayinə və müalicə üçün dərhal hospitalizasiya etməli olduğu halda etməmiş, əksinə xəstədə intensiv müayinə və müalicə tələb etməyən xəstəliyin olması qənaətinə gələrək xəstə və yaxınlarının şikayətlərinə baxmayaraq səhər saatlarında xəstəxanaya müraciət etməsini bildirməklə evə buraxmış, nəticədə zərərçəkmiş şəxs X1 sonrakı müayinə və müalicələrə tabe olmayan həddə ağırlaşmaqla ehtiyatsızlıqdan 23 iyul 2022-ci il tarixdə saat 03:30-da müalicə aldığı Göyçay RMX-nın PHŞ-nin reanimasiya şöbəsində «kəskin hemorragik pnevmaniya ilə əlaqəli inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığı»ndan ölməsinə səbəb olan səhlənkarlıq etmişdir.” Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(046)-4/2024 saylı hökmünə əsаsən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə təcili və X7 üzrə həkim vəzifəsini tutmaq hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tаriхli 1(107)-285/2024 saylı qərarı ilə аpеllyаsiyа şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(046)-4/2024 saylı hökmü cəzaya aid hissədə dəyişdirilərək Аzərbаycаn Rеspublikаsı CM-nin 314.2-ci maddəsi ilə 1 il 6 ay müddətinə həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin sözügedən qərarı əsasında işəgötürən Göyçay rayon Mərkəzi Xəstəxanası PHŞ xx.xx.2024-cü il tarixli 18-1-40/3-8-1075/2024 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. xx.xx.2024-cü il tarixli 18-1-40/3-8- 1075/2024 saylı əmri əsaslı və qanuni hesab etmir. Belə ki, mübahisələndirilən əmr verilərkən Şəki Apellyasiya Məhkəməsinin qərarı qanuni qüvvəsini almış olsa da, sonradan sözügedən qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-2509/2024 saylı qərarı ilə ləğv edilmiş və cinayət işi yenidən apellyasiya instansiyasına qaytarılmışdır. Nəticə etibarilə, işdən azad olunmasına əsas olan qərar artıq ləğv edilmiş və iş yenidən baxılma mərhələsindədir. Bu halda işəgötürənin əmək müqaviləsinə xitam verilməsi barədə əmri Əmək Məcəlləsinin 74cü maddəsinin “ç” bəndinin tələbləri ilə uzlaşmır. Çünki onun təqsirli bilinməyi barədə qanuni qüvvəyə minmiş artıq nə məhkəmə hökmü, nə də qərarı vardır. İşəgötürən Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Cinаyət Kоllеgiyаsının xx.xx.2024-cü il tаriхli 1(102)-2509/2024 sаylı qərаrına əsasən xx.xx.2024-cü il tarixli 18-1-40/3-8-1075/2024 saylı əmri ləğv etməmiş və bununla da Konstitusiya ilə təminat verilən həm təqsirsizlik prezumpsiyasının, həm də əmək hüquqlarının tələblərini pozmuşdur. Məhkəmə iclasında iddiaçı X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş matеriallarında оlan sənədləri araşdıraraq hеsab еdir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı 04 aprel 2020-ci il tarixdə Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi ilə bağladığı əmək müqaviləsinə əsasən Təcili və X7 şöbəsinin təcili yardım bölməsində həkim vəzifəsində işə qəbul edilmiş, 2024-cü ilin yanvar ayından həmin bölmənin müdiri vəzifəsinə keçirilmişdir. İş materiallarından həmçinin görünür ki, 23 iyul 2022-ci il tarixdə X3 ölüm faktı ilə əlaqədar olaraq İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi başlanmışdır. İş materiallarına əlavə olunmuş Göyçay Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı qeyd edilən maddə ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması və 1 il 6 ay müddətinə həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmişdir. İş materiallarına əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyul 2024-cü il tarixli 1(107)-285/2024 qərarından görünür ki, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, iddiaçıya 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bu qərarın qüvvəyə minməsi ilə əlaqədar işəgötürən Göyçay rayon Mərkəzi Xəstəxanası PHŞ 17 iyul 2024-cü il tarixli 18-1-40/3-8-1075/2024 saylı əmr qəbul edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74cü maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Sonradan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli 1(102)-2509/2024 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 1(107)-285/2024 qərarı ləğv edilmiş və cinayət işi yenidən apellyasiya instansiyasına qaytarılmışdır. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının yuxarıda qeyd edilən qərarının qəbul edilməsi ilə iddiaçının təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ləğv olunmuş, bununla da ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi aradan qalxmışdır. İş materiallarına əlavə olunmuş 30 may 2025-ci il tarixli 18-1/2-4608/2025 saylı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ tərəfindən “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin müraciətinə aidiyyatı üzrə baxılması haqqında məktubdan görünür ki, İddiaçı işə bərpa olunması ilə bağlı xx.xx.2025-ci il tarixli 18-1-40/2-560/2025 nömrəli müraciəti “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, işəgötürən ilə işçi arasında əmək münasibətləri mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir. Belə ki, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisəsi predmeti hesab olunur və bu cür məsələlər birbaşa məhkəmələr tərəfindən həll edilir. Məcəllənin 292-ci maddəsinin 1-ci bəndinə əsasən, işçi fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpasını tələb edə bilər. Nəzərə alınması xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Göyçay rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli 18-1-40/3-8-1075/2024 saylı əmri hələdə qüvvədə olması müvafiq hüquqi əsasa malik deyildir. Belə ki, həmin əmr işçi barəsində Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(107)-285/2024 qərarının qüvvəyə minməsi ilə əsaslandırılsa da, göstərilən qərar sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli 1(102)-2509/2024 saylı qərarı ilə ləğv edilmiş və iş yenidən apellyasiya instansiyasına qaytarılmışdır. Bu halda əmək müqaviləsinə xitam verilməsinə əsas kimi göstərilmiş məhkəmə qərarı hüquqi qüvvəsini itirdiyindən, başqa sözlə ifadə etdikdə Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndində nəzərdə tutulmuş zəruri hüquqi şərt işçinin təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün mövcudluğu artıq yox olduğundan iddiaçının hüquqları bərpa edilməli və əvvəlki işinə bərpa edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası təmin edilir və şəxsin təqsirli hesab edilməsi yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarından sonra hazırki vaxtadək iddiaçı barəsində təqsirli bilinməsi barədə qanuni qüvvəsini almış hökm və yaxud qərar mövcud olmadığından, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Göyçay rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli 18-1- 40/3-8-1075/2024 saylı əmrinin qüvvədə saxlanılması Konstitusiyanın tələblərinə, habelə Əmək Məcəlləsinin müddəalarına uyğun hesab edilə bilməz. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək münasibətlərində tərəflərin hüquqlarının qanunların aliliyi və ədalət prinsipləri əsasında qorunması təmin edilməlidir. İşçinin qanunsuz işdən azad edilməsi bu prinsiplərin pozulmasına səbəb olur. Həmçinin, əmək hüquqlarının müdafiəsi ilə bağlı müəyyən edilmiş hüquqi mövqeyə görə, əmək münasibətlərində tərəflərin hüquq və mənafelərinin ağlabatan tarazlığı təmin edilməlidir. Qanuni qüvvəyə minmiş hökm olmadığı halda işçinin peşəkar fəaliyyətinə qadağa qoyulması və işdən azad edilməsi həmin tarazlığın pozulması deməkdir. Məhkəmə hesab edir ki, işəgötürən Ali Məhkəmənin qərarı ilə əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsasın aradan qalxdığını nəzərə almalı, mübahisələndirilən əmri ləğv etməli və işçinin pozulmuş əmək hüquqlarını bərpa etməli idi. İşəgötürənin bunu etməməsi iddiaçının əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 74-cü maddəsinin “ç” bəndinə əsasən işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə əmək müqaviləsinə xitam verilir. 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 1) müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 2) işçinin adı, atasının adı və soyadı; 3) əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 4) əmək müqaviləsinin ləğv edilməsinin əsası; 5) həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 6) əmək müqaviləsi ləğv edilən gün, ay və il; 7) əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 12-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan qanun normalarının tələblərinə uyğun olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab edilən məhkəmə qərarı hüquqi qüvvəsini itirdiyindən, onun barəsində qəbul edilmiş xx.xx.2024cü il tarixli 18-1-40/3-8-1075/2024 saylı əmr qanunsuz və əsassız hesab edilməlidir. Məhkəmə iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanma müddəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən əmrin verilməsi əsas olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(107)-285/2024 qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-2509/2024 tarixli qərarı ilə ləğv edildiyindən, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanması xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə hesab edir ki, İddiaçı, Göyçay rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli 18-1-40/3-8-1075/2024 saylı əmrin ləğv edilməsi, həmin vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi tələbini irəli sürməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi təmin edilməli, cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli 18-1-40/3-8- 1075/2024 saylı əmr ləğv edilməli, İddiaçı tutduğu vəzifəyə uyğun işə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Göyçay rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli 18-1-40/3-8- 1075/2024 saylı əmr ləğv edilsin. İddiaçı Göyçay rayon Mərkəzi Xəstəxanası PHŞ-də tutduğu vəzifəyə uyğun işə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2336/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2336/2025
13.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver