Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-25/2025 07.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə ümumi birgə mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3859 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinə girişinə qadağa qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” qanununa əsasən Göyçay rayonunun Qarabaqal kəndinin ərazisində ümumi birgə mülkiyyətinə 0.3859 hektar torpaq sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 yanvar 2023-cü il tarixli çıxarışına əsasən həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçisidir. Həmin torpaq sahəsi onlara ayrılan gündən indiyə kimi cavabdeh 0.3859 hektar torpaq sahəsini zəbt edərək qanunsuz istifadə etməklə mülkiyyətinə və istifadəsinə qaytarmaqdan qəti olaraq imtina edir. Hazırda 0.3859 hektar torpaq sahəsini cavabdehin qanusuz hərəkətləri nəticəsində istifadə edə bilmirik. Belə ki, cavabdeh həmin torpaq sahəsini razılığı olmadan zəbt edib istifadə edir. Cavabdehdən zəbt olunmuş torpağın boşaldılmasını tələb etsə də, cavabdeh məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini yəni torpaqdan qanunsuz zəbtini davam etdirir. Bununla da mülkiyyət hüquqlarının bərpası və mülkiyyətində olan torpağın istifadəsinə qaytarılmasının təmin edilməsi məqsədi ilə bu iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (oğlu) Nümayəndə iddianı qəbul edərək göstərmişdir ki, torpaq sahəsinin iddiaçıya qaytarılmasına etirazı yoxdur. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş üzrə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********14 reyestr nömrəli çıxarışından görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3859 ha torpaq sahəsi İddiaçı və digərlərinin ümumi birgə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, **********14 reyestr nömrəli çıxarışla (********** qeydiyyat nömrəli) İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətinə verilmiş sənəd üzrə 0.4139, faktiki 0.3859 ha torpaq sahəsinin baxış zamanı Cavabdeh tərəfindən tamamilə istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/9435 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən **********14 reyestr nömrəli çıxarışla (********** qeydiyyat nömrəli) İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətinə verilmiş sənəd üzrə 0.4139, faktiki 0.3859 ha torpaq sahəsinin baxış zamanı Cavabdeh tərəfindən tamamilə istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir.Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna Mirmalikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Nümayəndənın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı ümumi birgə mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3859 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini iddia edir və cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinə əsasən ekspertizası təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının ümumi birgə mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3859 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 0.3859 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin istifadə etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçının iddiası təmin edilməli, Göyçay rayonu Kürdəmiş kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının ümumi birgə mülkiyyətində olan 0.3859 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********14 reyestr nömrəli çıxarışa əsasən İddiaçı ümumi birgə mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3859 ha torpaq sahəsində Cavabdeh çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat dövlət rüsum Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-25/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-25/2025
07.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver