Məhkəmə qərarları › İş №2(046)-302/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-302/2025

12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-302/2025 12.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cii maddəsi ilə nəzərdə tutulmuş təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmə) nəticəsində ona dəymiş 10000 manat maddi ziyanın və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 120 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Göyçay rayon Potu kəndində yaşayır. Cavabdeh qonşusudur.Cavabdeh oğlunu işə düzəltmək adı ilə onun etibarından suiistifadə edib,13000 manat məbləğində pulunu almışdır.Pulu qaytarmadığından ondan şikayət etmiş,nəticədə onun barəsində cinayət işi başlanılmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh onun etibarından suiistifadə etdiyinə görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmə görə ona vurulmuş maddi ziyan 13000 manat məbləğində müəyyən edilmişdir.Cinayət işinə məhkəmədə baxılarkən dəymiş ziyandan 3000 manat ödənilmişdir. Cavabdeh qalan 10000 manatı ödəməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh iddia ərizəsinin surəti göndərilmiş, cavabdeh ərizə verərək iddianı qəbul etdiyini,iddiaçıya həqiqətən 10000 manat borcu olduğunu,hazırda cəza çəkdiyini,cəzanı çəkib qurtardıqdan sonra borcu ödəyəcəyini göstərmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş qanuni qüvvədə olan Göyçay Rayon Məhkəməsinin 1(046)- 42/2024 saylı, 10 iyul 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh İddiaçı məxsus 13000 manat, yəni xeyli miqdarda pulunu vahid niyyətlə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin 1(107)- 404/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 1(046)-42/2024 saylı, 10 iyul 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü,habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, qanuni qüvvədə olan Göyçay Rayon Məhkəməsinin 1(046)-42/2024 saylı, 10 iyul 2024-cü il tarixli hökmünə görə Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi zərər vurulmuşdur.Maddi zərərin məbləği qanuni qüvvədə olan Göyçay Rayon Məhkəməsinin 1(046)-42/2024 saylı, 10 iyul 2024-cü il tarixli hökmü ilə 13000 manat məbləğində müəyyən edilmişdir.İddiaçı dəymiş maddi zərərin 3000 manat hissəsinin ödənilməsini göstərib,ödənilməyən 10000 manat maddi zərərin ödənilməsini tələb etmiş,cavabdeh 10000 manat məbləğində maddi zərərin olmasını yazılı surətdə etiraf etmişdir .Məhkəmə hesab edir ki,delikt nəticəsində dəymiş zərərin əvəzini zərərvuran ödəməli olduğundan,dəymiş maddi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul zərərvuran Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 120 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 120 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar