Məhkəmə qərarları › İş №2(046)-37/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-37/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-37/2023 11.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı2 nümayəndəsi (qardaşı) X3 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı2 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqlı mənzilə dair onunla Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın 3m/80 nömrəli 24 oktyabr 2000-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alğı-satqı müqaviləsi etibarsız hesabs edildiyi andan Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqlı mənzilə dair mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmış 3195 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı1 kompensasiya ödənilmək müqabilində ona məxsus xüsusi mülkiyyətində olan Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı mənzildən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh öz iddiasını onunla əsaslandırmışdır ki, Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqdan ibarət mənzil 3195 saylı qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir və 15 ildən artıqdır ki, mülkiyyətində olan mənzildən istifadə edə bilmir. İlk öncə bildirmək istəyir ki, Cavabdeh2 hələ 2006-cı ildə ona qarşı mənzildən çıxarılma tələbi ilə Göyçay rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş və Göyçay rayon Məhkəməsinin (hakim S.Ə.Məmmədov) 05 iyul 2006-cı il tarixli 2-72/2006 saylı qətnaməsi ilə Cavabdeh2 İddiaçı1 qarşı Göyçay şəhəri Nizami küçəsi 135 saylı evin ona məxsus 56cı mənzilindən çıxarılması tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 05 dekabr 2006-cı il tarixli 1MK-608/2006 saylı qətnaməsi ilə (hakimlər İ.Ş.Vəliyev, T.A.Qoldman, İ.K.Dəmirov) cavabdeh İddiaçı1 apellyasiya şikayəti təmin edilərək, Göyçay rayon Məhkəməsinin 05 iyul 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla Cavabdeh2 iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 19 iyul 2007-ci il tarixli 6K-1495/07 saylı qərarı ilə (hakimlər G.M.Xudaverdiyeva, A.K.Kalbalıyev və T.Ş.Mahmudovdan ibarət tərkibdə) Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Apellyasiya Məhkəməsinin iş üzrə 05 dekabr 2006-cı il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Mübahisəli mənzili hələ Cavabdeh2 ilə ailə qurmazdan əvvəl, yəni 03 fevral 1998-ci ildə həmin mənzilin sahibi İddiaçı2 etibarnamə əsasında 16.800.000 manata almışdır. Cavabdehlə 29 yanvar 2000-ci il tarixdə rəsmi nikah bağladıqdan sonra onun xəbəri olmadan cavabdehin atası (keçmiş qayınatası) Əlibaba Muradovun iştirakı ilə guya o, Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqdan ibarət mənzilin mülkiyyətçisi İddiaçı2 ona verdiyi etibarnaməyə əsasən həmin ona həvalə edilmiş mənzili Göyçay Notariat Kontorunda 24 oktyabr 2000-ci il tarixdə tərtib olunmuş 3m/80 nömrəli müqavilə əsasında Cavabdeh2 satmışdır. Halbuki o, heç vaxt belə bir müqaviləyə imza atmamışdır və etibarnamə ilə ona həvalə edilmiş Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqdan ibarət mənzili keçmiş həyat yoldaşı Cavabdeh2 satması həqiqətə uyğun deyil. Bu hansı məntiqə, milli-mənəvi dəyərlərə sığa bilər ki, bir evdə ər-arvad kimi yaşayan ər, öz adına olan evi arvadına pulla satsın? Əgər o, həmin mənzili həqiqətən də Cavabdeh2 satmışdırsa, həmin alğı-satqı müqaviləsində onun imzası olmalıdır. Yuxarıda qeyd etdiyi kimi, o, belə bir alğı-satqı müqaviləsini imzalamamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsində göstərilmişdir ki, alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Qanunun mənasından da görünür ki, əgər Cavabdeh2 həqiqətən də Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqdan ibarət mənzilin mülkiyyətçisi İddiaçı2 ona verdiyi etibarnaməyə əsasən həmin ona həvalə edilmiş mənzili Göyçay Notariat Kontorunda 24 oktyabr 2000-ci il tarixdə tərtib olunmuş 3m/80 nömrəli müqavilə əsasında almışdırsa, evin dəyərini banka ödəməli idi. Halbuki, belə bir ödəniş yoxdur və olmamışdır. Hesab edir ki, bu alğı-satqı müqaviləsi onun iştirakı və imzası olmadan tərtib edildiyindən etibarsız hesab edilməli və vəzifə səlahiyyətlərindən sui-istifadə edən vəzifəli şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmalıdır. Yuxarıda qeyd etdiyi kimi, mübahisəli mənzilə dair alğı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllənin 647-ci maddəsinə riayət olunmamışdır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, əsl olmayan İddiaçı1 vəsatəti təmin edilərək, o, əsl İddiaçı2 ilə əvəz edilmişdir. İddiaçı2 nümayəndəsi (qardaşı) X7 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə mülki işə İddiaçı2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində mübahisəli mənzili cavabdehə satmadığını göstərmişdir. Halbuki, iddia ərizəsində özünün istinad etdiyi Göyçay rayon Məhkəməsinin 05 iyul 2006-cı il tarixli 2-72/2006 saylı qətnaməsindən də görünür ki, İddiaçı1 izahat verərkən mənzili Göyçay rayon DNK-da müqavilə bağlamaqla iddiaçının adına keçirdiyini bildirmişdir. Bundan başqa, həmin iş üzrə şahid qismində məhkəmədə dindirilmiş Göyçay rayon DNK-nın notariusu X5 ifadə verərək göstərmişdir ki, İddiaçı1 etibarnaməyə əsasən ona həvalə olunmuş hüquqlardan istifadə edərək Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqdan ibarət mənzili xx.xx.2000-ci il tarixdə Cavabdeh2 satmışdır, alğı-satqı həmin tarixdə tərtib olunmuş müqavilə ilə rəsmiləşdirilmiş, əməliyyat qanuni keçirilmiş, həmin vaxt heç bir qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının alğı-satqıdan 21 il keçəndən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin heç bir əsası yoxdur. Belə ki, iddia ərizəsində iddiaçı özü də göstərmişdir ki, cavabdehlə aralarında 2006-2007-ci illərdə məhkəmə mübahisələri olmuşdur. Yəni, hal-hazırda göstərə bilməz ki, ona öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan 3 il, 6 il və ya 10 il keçməmişdir. Mülki Məcəllənin 372.1, 373.1, 373.2, 375.2, 377.1-ci maddələrinə istinad edərək hesab edir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilməlidir. Məhkəmədən iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Göyçay rayon Notariat kontoruna və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Göyçay rayon Notariat kontorunun və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarına əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Göyçay rayon Məhkəməsinin 05 iyul 2006cı il tarixli 2-72/2006 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 İddiaçı1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı1 Cavabdeh2 adına olan və Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı mənzilindən çıxarılması qət edilmişdir. İş materialarına əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 05 dekabr 2006-cı il tarixli 1MK-6082/2006 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Göyçay rayon Məhkəməsinin 05 iyul 2006-cı il tarixli 2-72/2006 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 19 iyul 2007-ci il tarixli 6K-1495/2007 saylı qərarı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 05 dekabr 2006-cı il tarixli 1MK-6082/2006 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materialarına əlavə olunmuş 03 fevral 1998-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı2 Göyçay şəhəri Nizami küçəsi 135 saylı evin 56 saylı mənzilinə dair İddiaçı1 həmin mənzilin özəlləşdirilərək satmağa, pulunu almağa, aldığına dair imza etməyə və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyə vəkil etmişdir. İş materialarına əlavə olunmuş 24 oktyabr 2000-ci il tarixdə Göyçay rayon DNK-da bağlanmış alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı2 özünə məxsus olan Göyçay şəhəri Nizami küçəsi 135 saylı evin 56 saylı mənzilini 16.800.000 manata (AZM) Cavabdeh2 satmışdır. İş materialarına əlavə olunmuş Göyçay Dövlət Tİ və MHQİ tərəfindən verilmiş 28 dekabr 2001-ci il tarixli 3195 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Göyçay şəhəri Nizami küçəsi 135 saylı evin 56 saylı iki otaqlı mənzili Göyçay rayon Notariat Kontorunda bağlanmış 24 oktyabr 2000-ci il tarixli 3m/80 saylı alğı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququ əsasında Cavabdeh2 Əlibala qızının adına qeydə alınmışdır. İş materialarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli 4/573 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 62-ci vərəqində İddiaçı2 ilə Cavabdeh2 arasında olan 24 oktyabr 2000-ci il tarixli müqavilənin sonunda «İmzalar:» qrafasında «1» rəqəminin qarşısındakı imza – İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 153 manat təşkil edir. Məhkəmə ilk olaraq iddia tələbinin Göyçay şəhəri Nizami küçəsi 135A saylı evin 56 saylı iki otaqlı mənzilinə dair tərəflər arasında bağlanmış 24 oktyabr 2000-ci il tarixli 3m/80 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilə dair iddiaçının adına etibarnamə verilmiş, o, həmin etibarnamə üzrə səlahiyyətlərdən istifadə edərək, mənzili cavabdehə satmışdır. Cavabdeh həmin alğı-satqı müqaviləsi əsasında mənzil üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin mənzil cavabdehə etibarnamə üzrə iddiaçıya verilmiş səlahiyyətlər çərçivəsində satılmışdır. Alıcı olan cavabdeh mənzili alarkən vicdanlı alıcı olmuşdur. O, alğı-satqı müqaviləsinin iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanması faktını bilməmiş və bunu bilmə ehtimalı olmamışdır. Çünki, iddiaçı alğı-satqı müqaviləsi bağlanarkən Dövlət Notariat Kontorunda olmuşdur. İddiaçının mənzili cavabdehə alğı-satqı müqaviləsi üzrə satması, cavabdehin adına rəsmiləşdirməsi ilə bağlı iddia ərizəsində qeyd etdikləri həqiqətə uyğun deyildir. Belə ki, Cavabdeh2 2006-cı ildə İddiaçı1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh2 iddia tələbi əsasında məhkəmə araşdırması zamanı tərəflərin izahatları alınmış, şahid ifadələri dinlənilmişdir. Həmin iş üzrə cavabdeh qismində izahat vermiş İddiaçı1 izahatında bildirmişdir ki, Cavabdeh2 ilə birgə nikah dövründə həmkəndlisi Səhhətdən mübahisəli mənzili rəsmiləşdirmək üçün etibarnamə almış, sonra həmin mənzili Göyçay rayon DNK-da müqavilə bağlamaqla Cavabdeh2 adına keçirmişdir. Həmin iş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı1 həmkəndlisidir. Oğlu İddiaçı2 Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqlı mənzili özü təmir etdirmiş, hamama təzə çən qoydurmuş, qapı-pəncərələri təzələmişdir. Mənzili etibarnaməyə əsasən İddiaçı1 vermiş, sonradan İddiaçı1 mənzilin dəyərini ona ödəmişdir. İddiaçı1 həmkəndlisi olduğu üçün mənzili ona ucuz satmışdır və pul ona hissə-hissə ödənilmişdir. İddiaçı1 pulu ona haradan alıb verməsini bilmir. İddiaçı1 mənzili Cavabdeh2 satmasını yalnız indi bilmişdir. Həmin iş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Göyçay rayon DNK-nın notariusudur. İddiaçı1 etibarnamə əsasən ona həvalə olunmuş hüquqlarından istifadə edərək Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada 56 saylı iki otaqlı mənzili 24 oktyabr 2000-ci il tarixdə Cavabdeh2 satmışdır. Alğı-satqı həmin tarixdə tərtib olunmuş müqavilə ilə rəsmiləşdirilmişdir. Əməliyyat qanuni keçirilmiş, həmin vaxt heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 05 iyul 2006-cı il tarixli qətnaməsindən də göründüyü kimi, İddiaçı1 apellyasiya şikayətini əsaslandırarkən mübahisəli mənzili 03 fevral 1998-ci il tarixdə 16.800.000 manata (AZM) İddiaçı2 aldığını və DNK-da müqavilə bağlamaqla Cavabdeh2 adına keçirdiyini bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 19 iyul 2007-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı1 24 oktyabr 2000-ci il tarixdə mübahisəli evi Cavabdeh2 adına almış və orada 26 oktyabr 2005-ci il tarixdə nikahları ləğv edilənədək yaşamışlar. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə İddiaçı1 mübahisəli mənzili Cavabdeh2 adına rəsmiləşdirməsindən məlumatlı olmaması, eləcə də həmin mənzili onun adına etibarnamə əsasında rəsmiləşdirmədiyinə dair dəlilləri təkzib olunur. Bununla yanaşı məhkəmə qeyd edir ki, hazırki işdə əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində muəyyən edilən hallar müvcud deyildir. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. «S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi müvqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin «H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında Plenum vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda, Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də, hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, Cavabdeh2 mübahisəli mənzilə münasibətdə vicdanlı əldə edən olduğundan, onunla İddiaçı2 arasında bağlanmış alğısatqı müqaviləsi etibarsız hesab edilə bilməz. İş üzrə alınmış məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə bağlı qeyd edilməlidir ki, sözügedən rəydə mübahisələndirilən alğı-satqı müqaviləsindəki imzanın İddiaçı1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi göstərilsə də, məhkəmə sözügedən rəyi mötəbər sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 iyul 2007-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən olunmuşdur ki, İddiaçı1 24 oktyabr 2000-ci il tarixli alğı-satqı müqaviləsi əsasında mübahisəli evi Cavabdeh2 adına rəsmiləşdirmişdir. Buradan aydın olur ki, sözügedən mənzil İddiaçı1 təşəbbüsü ilə mübahisələndirilən alğısatqı müqaviləsi əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş və İddiaçı1 həmin alğı-satqı müqaviləsi bağlandığı vaxtdan mübahisəli mənzilin sonuncunun mülkiyyətində olmasını bilmişdir. Eyni zamanda, Cavabdeh2 mənzildən çıxarılma tələbinə dair iddiasına baxılarkən birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş hazırki iş üzrə İddiaçı2 atası Vahib Hacıyev ifadəsində mübahisəli mənzilin dəyərini İddiaçı1 hissə-hissə tam şəkildə aldığını, həmin mənzili rəsmiləşdirmək üçün oğlu İddiaçı2 adından İddiaçı1 etibarnamə verildiyini bildirmişdir. İşin hallarından da göründüyü kimi, mübahisəli mənzilin dəyəri tam şəkildə ödənilmiş, mənzil alıcıya təhvil verilmiş, ötən müddət ərzində mülkiyyətçi olaraq İddiaçı2 mənzilin dəyəri, eləcə də, alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı mübahisə irəli sürməmişdir. Yalnız İddiaçı1 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra, sonuncunun vəsatəti ilə hazırki iş üzrə iddiaçı qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). İstinad olunan qanun normalarının tələblərini, eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hallar hazırki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən daha mötəbər olduğu üçün, ekspert rəyi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı2 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 153 manat ekspertiza xərci İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 153 manat ekspertiza xərci İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar