Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-38/2023 09.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinə gedən su bərəsinin açılması və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsinə gedən qanunsuz bağlanmış su bərəsinin açılması və torpaq sahəsinin suvarılması üçün cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə ailə üzvlərinin mülkiyyətinə torpağın mülkiyyətə verilməsinə dair JN- 242A saylı şəhadətnaməyə əsasən 0.43 ha həyətyanı torpaq sahəsi verilmişdir. 2021-ci ilin iyun ayından başlayaraq torpaq sahəsi ilə həmsərhəd torpaq sahəsinin sahibi olan cavabdeh qardaşı X1 torpağından keçib onun həyətyanı torpağına gedən su bərəsini qanunsuz olaraq bağlamış və torpağına su verilməsindən imtina edərək maneələr yaratmışıdır. Bu barədə dəfələrlə Göyçay rayonu Ləkçıplaq Bələdiyyəsinə müraciət etmiş, bələdiyyənin üzvüləri və polis işçiləri su yolunun açılması üçün əraziyə gəlmişlər və cavabdehə su yolunun açılmalı olduğunu izah edərkən cavabdeh su yolunu açmaqdan imtina etmişdir. Bununla əlaqədar Göyçay rayonu Ləkçıplaq Bələdiyyəsinin 19 avqust 2021- ci il tarixli məktubu ilə ona rəsmi olaraq cavab verilmişdir. Beləliklə cavabdehin təqsiri üzündən mübahisəni məhkəmədən kənar qaydada həll etmək mümkün olmamışdır. Ona görə də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmişdir. Mülkiyyətində olan həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su bərəsi cavabdeh tərəfindən bağlandığı üçün mülkiyyətində olan torpaq sahəsindəki bitkiləri suvara, torpaq sahəsindən istifadə edə, torpaq sahəsinə sahiblik edə bilmir və bununla da mülkiyyət hüququ pozulur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh 2021-ci ilin iyun onun həyətyanı torpaq sahəsinə gedən su bərəsini bağlamışdır. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil izahat verərək göstərmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedən su bərəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsinin ortasından keçir, lakin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin suvarılması üçün alternativ su bərəsi mövcuddur. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Torpağım Mülkiyyətə Verilməsinə dair JN-242A saylı Şəhadətnamənin surətindən görünür ki, Göyçay rayon Ləkçıplaq kəndində yerləşən 0.43 ha həyətyanı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X2 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2022-ci tarixli 99 nömrəli mütəxəssis rəyindən görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-242A saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 0.43 ha torpaq sahəsinə gedən su bərəsi Cavabdeh tərəfindən bağlanmışdır. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/627 saylı rəydən görünür ki, “X2 və Ekspertiza Mərkəzi” MMC-nin 23 dekabr 2021-ci il tarixli 99 nömrəli mütəxəssis rəyinə əsasən, Torpağın Mülkiyyətə verilməsinə dair JN- 242A saylı Şəhadətnaməyə əsasında İddiaçı mülkiyyətində olan Göyçay rayonu Ləkçılpaq kəndində yerləşən 0.43 ha torpaq sahəsinə gedən su bərəsinin cavabdeh X1 tərəfindən bağlandığı müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə Göyçay rayonu Ləkçıplaq kəndində 0.43 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçıya məxsus həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su arxı cavabdeh tərəfindən bağlanmışdır. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edərək, müvafiq rəy almışdır. Mütəxəssis və ekspert rəyindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-242A saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 0.43 ha həyətyanı torpaq sahəsinə gedən su bərəsi cavabdeh tərəfindən bağlanmışdır. İstinad olunan maddi hüquq normalarının tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davamlı şəkildə edildikə isə hüququ pozulmuş şəxs pozulmuş hüquqularının bərpasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırki işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının torpaq üzərində mülkiyyət hüquqları pozulmuş, iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində becərdiyi kənd təsərrüfatı məhsullarının suvarılması üçün nəzərdə tutulan su bərəsi bağlanmışdır. Belə olan halda iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdeh tərəfindən bağlanmış su bərəsi açılmalı və həmin su bərəsindən iddiaçının istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəməyə Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 0.43 ha həyətyanı torpaq sahəsinə gedən su bərəsi cavabdehin vəsaiti hesabına açılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan JN-242A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 0.43 ha həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su bərəsi Cavabdeh vəsaiti hesabına açılsın. Dövlət rüsumu kimi ödənilmiş 10 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-38/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-38/2023
09.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver