Məhkəmə qərarları › İş №2(046)-45/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-45/2022

03.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-45/2022 03.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh itşriakı ilə, fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayonu Hacalıkənd kəndində yerləşən 0.26 ha torpaq sahəsində onun tərəfindən inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli 35 saylı qərarına əsasən onun mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində tərəfindən öz şəxsi vəsaiti hesabına 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tikilmişdir. Hal-hazırda cavavbdeh X5 ailə üzvləri ilə birlikdə JN 247 A, KOD 40806038 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.26 ha torpaq sahəsinin üzərində inşa edilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində yaşayır. JN 247A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.26 ha torpaq sahəsinin üzərində inşa edilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində cavabdeh X4 yaşamaq üçün müvəqqəti icazə vermiş, lakin hazırda cavabdeh X3 həmin fərdi yaşayış evindən çıxarılmasını istəyir. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə digər Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində iddiaçının razılığı ilə fərdi yaşayış evi inşa etmişdir. Uzun müddətdir ki, həmin fərdi yaşayış evində yaşayır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş JN 247A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Göyçay rayonu Hacalıkəd kəndində yerləşən 0.26 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X7 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 01.04.2021 tarixli rəydən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-247A saylı şəhadətnaməyə əsasən iddiaçı X1 mülkiyyətinə verilmiş 0,26 ha torpaq sahəsinin və Torpağın mülkiyyətə verilməsinə dair JN-245A saylı şəhadətnaməyə əsasən cavabdeh X3 mülkiyyətinə verilmiş 0,19 ha torpaq sahəsinin şəhadətnamələrdə qeyd edilən sərhədlər daxilində naturada yerləşməsi müəyyən olunarkən məlum oldu ki, həmin torpaq sahələri naturada və sənəd üzrə həmsərhəd olmaqla bitişikdir, aralarında hasar yoxdur, döngə nöqtələri naturadakı yerlərinə uyğundur. JN-247A (kod ********) saylı Şəhadətnamədə qeyd edilmiş 0,26 ha torpaq sahəsinin hüdudları daxilində iş üzrə mübahisələndirilən fərdi yaşayış evi tikilmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21.05.2021-ci il tarixli 10/1899 saylı rəydən görünür ki, X7 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, Göyçay rayonu Hacılıkənd kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-247A saylı şəhadətnaməyə əsasən iddiaçı X1 mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa edilmişdir. Göyçay rayonu Hacılıkənd kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-247A saylı şəhadətnaməyə əsasən iddiaçı X1 mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsində aparılmış tikinti işləri müvafiq orqanlarla razılaşdırılmasına dair iş materiallarında olmadığı üçün, həmin tikinti işlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Hacalıkənd kəndində yerləşən JN 247A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının qanuni sahibliyində olan 0.26 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi cavabdehin qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 0.26 ha torpaq sahəsinin qeyd edilən hissələrinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Hacalıkənd kəndində yerləşən JN 247A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan 0.26 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh çıxarılmalıdır. Bundan başqa məhkəməyə təqdim edilmiş 12.04.2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı X7 və Ekspertiza Mərkəzi MMC-nin hesabına 300 manat ekspertiza xərci ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu və 300 manat ekspertiza xərci Cavabdeh alınaraq İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Hacalıkənd kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0.26 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdeh X5 çıxarılsın. İş üzrə ekspertiza xərcləri olan 100 manat cavabdehdən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat və 300 manat məhkəmə xərci cavabdeh X2 alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar