Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-452/2023 25.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Avsar oğlunun, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Avsar oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Avsar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə müqaviləsinə əsasən istifadəsində olan 40.0 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Avsar oğlu iddianın predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək icarə müqaviləsinə əsasən istifadəsində olan 645 ha torpaq sahəsinin 63.9 ha hissəsindən Cavabdeh çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 28 saylı sərəncamı ilə Göyçay rayon İnzibati ərazisində yerləşən 645 hektar torpaq sahəsi onun icarəsinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən sözgügedən torpaq sahəsinə dair mülkiyyət hüququ təsdiq edən AN-261403 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Bundan sonra hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmuş və xx.xx.2018-ci il tarixdə ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsi mülkiyyətinə verildiyi vaxtdan hazırki dövrə kimi, cavabdeh sözügedən torpaq sahəsinin tam olaraq 40 hektarını zəbt edərək istifadəsinə imkan vermir. Belə ki, cavabdeh həmin torpaq sahəsindən öz mənafeyi üçün sui-istifadə edərək, heç bir əsas olmadan mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş, dəfələrlə cavabdehlə görüşüb söhbətlər aparsaq da, nəticəsi olmamış, mülkiyyətində olan torpaq sahəsini boşaltmayacağını bildirmiş, cavabdeh qanunsuz hərəkətləri barədə kənd icra nümayəndəliyinə, eləcə də bələdiyyəyə müraciət edilsə də, sözügedən qrumların inzibati tədbirləri də bir nəticə verməmişdir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı Avsar oğlu iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Alpoud kəndində yerləşən 645 ha torpaq sahəsi Göyçay Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən onun icarəsinə verilmişdir. Cavabdeh həmin torpaq sahəsinin 63.9 ha hissəsini zəbt etmiş, örüş sahəsi kimi istifadə edir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Hazırda istifadəsində olan torpaq sahəsi xx.xx.2012-ci il tarixdən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən onun icarəsinə verilmişdir. Bununla bağlı müqavilə bağlanmışdır. İddiaçının istifadəsində olan torpaq sahəsini zəbt etməmişdir. Bundan başqa icarə müqaviləsinə əsasən istifadə etdiyi torpaq sahəsinin istifadə vəziyyətinə uyğun olaraq koordinatlarının müəyyən edilməsi məqsədi ilə inzibati məhkəməyə müraciət etmişdir. Buna görə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil cavabdehin izahatına uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş üzrə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********50 reyestr nömrəli çıxarışından görünür ki, Göyçay rayonu İnzibati ərazisində yerləşən 645 ha torpaq sahəsi İddiaçı Avsar oğlunun xx.xx.2033-cü il tarixədək icarəsinə verilməsi xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********50 reyestr nömrəli çıxarışla İddiaçı icarəsinə verilmiş 645 ha torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 122 nömrəli sərəncamına əsasən X1 ayrılmış 185 ha torpaq sahəsi ilə bağlı Göyçay rayon İcra Hakimiyyətinin və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin təsdiq etdiyi yerquruluşu planında koordinatlar mövcud olmadığı üçün **********50 reyestr nömrəli çıxarışla İddiaçı icarəinə verilmiş 645 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşməsini müəyyən etmək mümkün olmadı. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********50 reyestr nömrəli çıxarışla İddiaçı icarəsinə verilmiş 645 ha torpaq sahəsinin 63.5 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/6613 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********50 reyestr nömrəli çıxarışla İddiaçı icarəinə verilmiş 645 ha torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur.Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 122 nömrəli sərəncamına əsasən X1 ayrılmış 185 ha torpaq sahəsi ilə bağlı Göyçay rayon İcra Hakimiyyətinin və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin təsdiq etdiyi yerquruluşu planında koordinatlar mövcud olmadığı üçün **********50 reyestr nömrəli çıxarışla İddiaçı icarəinə verilmiş 645 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********50 reyestr nömrəli çıxarışla İddiaçı icarəsinə verilmiş 645 ha torpaq sahəsinin 63.5 ha hissəsi cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna Mirmalikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci hissəsinə görə icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı Avsar oğlu icarə müqaviləsinə əsasən istifadəsində olan Göyçay rayonu inzibati ərazində yerləşən 645 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 63.9 ha hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini iddia edir və cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinə əsasən ekspertizası təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan Göyçay rayonu inzibati ərazində yerləşən 645 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 63.5 ha hissəsi Cavabdeh qanunsuz istifadəsindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 645 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 63.5 ha hissəsinin cavabdehin istifadə etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Avsar oğlunın iddiası qismən təmin edilməli, Göyçay rayonu inzibati ərazisində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışa əsasən iddiaçının icarəsinə verilmiş olan 645 ha torpaq sahəsinin 63.5 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Avsar oğluna ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Göyçay rayonu inzibati ərazində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı Avsar oğlunun icarə müqaviləsinə əsasən istifadəsində olan 645 ha torpaq sahəsinin 63.5 ha hissəsindən Cavabdeh çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh alınaraq İddiaçı Avsar oğluna verilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-452/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-452/2023
25.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver