Məhkəmə qərarları › İş №2(046)-466/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-466/2023

01.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-466/2023 01.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 və cavabdeh X4 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, Göyçay rayon Notariat Ofisinə qarşı miras əmlakda qanun üzrə vərəsəlik payının müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X6 miras qalmış Göyçay rayonu Çərəkə kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.69 ha və üzərində yaşayış evi olmaqla 0.30 ha torpaq sahələrindən mirasın onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin əmlaklara vərəsəlik hüququnun tanınması, miras qoyan X9 vəfatından sonra ondan miras qalmış Göyçay rayonu Çərəkə kəndində yerləşən ümümi birgə mülkiyyətdə olan 0.69 ha və üzərində yaşayış evi olmaqla 0.30 ha torpaq sahəsinin tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaklar üzərində vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, İddiaçı 14 iyun 2020-ci il tarixdə vəfat etmiş X3ndan Göyçay rayonu Çərəkə kəndində yerləşən, ümümibirgə mülkiyyətdə olan 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.30 ha torpaq sahəsi üzərində yaşayış evi olmaqla miras qalmışdır. Göyçay rayonu Çərəkə kəndində yerləşən miras əmlaklar - 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2 nəfər mülkiyyətçi - X15 və X12 adına JN-548 Kod nömrə ilə xx.xx.1999-cu il tarixdə, üzərində yaşayış evi olan 0.30 ha həyətyanı torpaq sahəsi isə JN-485F Kod nömrə ilə xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində dövlət qeydiyyatına alınmışdır. Sözügedən miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsinə dair Göyçay Rayon Notariat Ofisinə rəsmi müraciət edilsə də, vərəsələr arasında (İddiaçı və X12) ixtilaf olduğu səbəbindən X20 25 avqust 2022-ci il tarixli, 574 nömrəli məktubu ilə mirasın bölüşdürülməsinin mümkünsüzlüyü göstərilməklə ixtilafı həll etmək üçün Göyçay rayon məhkəməsinə müraciət etməyimiz tövsiyyə olunmuşdur. Təqdim edilmiş ölüm sənədinin və notariat kontorunun imtina məktubunun surətindən görünür ki, X15 xx.xx.2020-ci il tarixdə beyin ödəmi xəstəliyi nəticəsində ölmüş, onun ölümündən sonra iddiaçının miras şəriyi olan X12 ilə iddiaçı arasında əmlaka dair mirasın bölüşdürlüməsi ixtilaf səbəbindən mümkün olmamışdır. İddia ərizəsinə əlavə etdiyi Göyçay rayon İcra Hakimiyyəti Başçısının Çərəkə kəndi İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən X9 yaşadığı müddətdə öhdəsində aşağıda adları göstərilən ailə üzvləri olmuşdur. Arvadı - X13 - qızı - İddiaçı. Hesab edir ki, qeyd edilən xüsusatlar X9 (xx.xx.2020-ci il tarixdən sonra) ölümündən sonra miras qalmış Göyçay rayonu Çərəkə kəndində yerləşən ümümibirgə mülkiyyətdə olan 0.69 ha və üzərində yaşayış evi olmaqla 0.30 ha torpaq sahələrindən miras qoyanın payına məxsus hissələrdən miras paylarının məhkəmə qaydasında vərəsələr arasında bölünməsi qanuni və ədalətli olacaq. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X2 nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdeh iddia ərizəsi ilə tanış olan zaman ona məlum olmuşdur ki, 14 iyun 2020-ci il tarixdə vəfat etmiş əri X9 qeyri-rəsmi münasibətindən İddiaçı anadan olmuşdur. İddiaçı mərhum ərinin qızı olmasından ərinin sağlığında başqa qadınla qeyri-rəsmi münasibəti olmasından xəbəri olmamışdır. Bunlardan vaxtında xəbəri olsa idi, mərhumla olan bütün rəsmi əlaqələrini kəsərdir. Uzun müddət ərzində mərhum X15 ilə rəsmi nikahda olmuşdur. Onların rəsmi nikahlarından övladları olmamışdır. Buna baxmayaraq, cavabdeh X12 iddiaçı X15 ilə sonuncu vəfat edən günədək birlikdə yaşamışlar. X15 14 iyun 2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh əri Əlikram Xəlilovla birlikdə vəfat edən günədək Göyçay rayonu Çərəkə kəndində yaşamışdır. Ərinin vəfatından sonra miras əmlakı faktiki olaraq cavabdeh X12 qəbul etmiş, həmin əmlaka sahiblənmiş, onu idarə etməyə başlamış, qorumuş, cari təmir işlərini həyata keçirmiş, kommunal və sair ödənişləri mütəmadi olaraq icra etmiş, mülkiyyətçinin üzərinə düşən bütün hüquq və vəzifələri yerinə yetirmişdir. Bu günədək, cavabdeh həmin evdə yaşayır. İddiaçı iddia ərizəsi ilə tanış olarkən aydın olur ki, iddiaçı ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı iddia tələbini əsaslandırarkən yalnız ona təqdim edilmiş sənədlərə istinad etmiş, mirasın qəbulu ilə bağlı qanun normalarını sadalamış, lakin mərhum X6 miras qalmış əmlakı hansı üsulla, nə vaxt və hansı şəraitdə qəbul etdiyini açıqlamamışdır. İddiaçı qeyd olunan məqamları açıqlamaqda ona görə çətinlik çəkmişdir ki, miras əmlakı nə notariat orqanına qanunla müəyyən olunmuş müddət ərzində ərizə verməklə, nə də faktiki olaraq qəbul etməmişdir. İddia tələbi formal xarakter daşımaqla, əsassızdır. İddia ərizəsində qeyd olunanların əksinə, cavabdeh ərinin vəfatınadək qeyd olunan əmlakda əri ilə ümumi birgə təsərrüfat aparmaqla rəsmi nikahda olmuş, əri vəfat edən andan həmin əmlaka faktiki sahiblik etməyə başlamış və mirası qəbul etmiş, bunu şəksiz nümayiş etdirmiş, dəfn və yas mərasimlərini təşkil edərək ərini son mənzilə yola salmış, miras qalmış əmlak üzərində bütün hüquq və vəzifələri yerinə yetirmiş, əmlakı qorumuş, cari təmir işlərini görmüş, kommunal və sair xərcləri mütəmadi olaraq ödəmişdir. Bir sözlə, iddiaçının mübahisələndirdiyi miras əmlak cavabdeh tərəfindən faktiki olaraq qəbul edilmişdir. iddiaçı miras əmlakı faktiki otaraq qəbul etməmiş, başqa ünvanda daimi yaşamaqla qeydiyyatdadır, qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına mirası qəbul etməsinə dair ərizə verməmişdir. İddia ərizəsində iddiaçı miras əmlakı hansı üsulla, nə vaxt və hansı şəraitdə qəbul etməsini əsaslandırmamış, izah etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin nümayəndələrinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş X14 təsdiq edilmiş surətindən görünür ki, cavabdeh X12 ilə X15 xx.xx.1976-cı il tarixdə nikah bağlamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli Atalığın müəyyən edilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2001-ci il tarixdə anadan olmuş X7 atasının X15 olduğu müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş X19 görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. X3, anası X16r. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-485F saylı Şəhadətnamənin surətindən görünür ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 43 saylı qərarına əsasən Göyçay rayonu Çərəkə kəndində 0.30 ha həyətyanı torpaq sahəsi X9, Cavabdeh Xaməmməd qızının, X10 və X11 ümumibirgə mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Torpağa Mülkiyyət hüququna dair JN-548 saylı dövlət aktının surətindən görünür ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 43 saylı qərarına əsasən Göyçay rayonu Çərəkə kəndində 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 və Cavabdeh Xaməmməd qızının mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X22 görünür ki, X15 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Çərəkə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X15 vəfat etdikdən sonra torpaq vergisini arvadı Cavabdeh Xaməmməd qızı ödəmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 574 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Fərdi yaşayış evinə və torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizənizə baxaraq bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinin tələblərinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Miras şəriyi olan X12 ilə aranızda həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün sizə Göyçay Rayon Məhkəməsinə müraciət etməyiniz tövsiyyə olunur. Məhkəməyə təqdim edilmiş Azəriqaz İB və Azərişıq ASC tərəfindən Cavabdeh adına verdiyi bildiriş-xəbərdarlıqlar üzrə xx.xx.2011 -ci il tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli ödəniş qəbzlərindən görünür ki, X1 və vəfat etdikdən sonrakı dövrdə də kommunal ödənişlər Cavabdeh tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı 14 iyun 2020-ci il tarixdə vəfat etmiş X3ndan miras qalmış Göyçay rayonu Çərəkə kəndində yerləşən, ümümibirgə mülkiyyətdə olan 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.30 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evini, Əlikram Xəlilovun ailə üzvü olduğundan miras əmlakın onun tərəfindən qəbul edilməsi, vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 14 iyun 2020-ci il tarixdə vəfat etmiş X3ndan miras qalmış qeyd edilən əmlaklara dair qanun üzrə vərəsə olduğuna dair qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməmiş və qeyd edilən əmlakları faktiki idarə etməklə sahiblik etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X8 qarşı miras qoyan X6 miras qalmış Göyçay rayonu Çərəkə kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.69 ha və üzərində yaşayış evi olmaqla 0.30 ha torpaq sahələrindən mirasın onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin əmlaklara vərəsəlik hüququnun tanınması, miras qoyan X9 vəfatından sonra ondan miras qalmış Göyçay rayonu Çərəkə kəndində yerləşən ümümi birgə mülkiyyətdə olan 0.69 ha və üzərində yaşayış evi olmaqla 0.30 ha torpaq sahəsinin tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaklar üzərində vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasına dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı cavabdeh X8 qarşı miras qoyan X6 miras qalmış Göyçay rayonu Çərəkə kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.69 ha və üzərində yaşayış evi olmaqla 0.30 ha torpaq sahələrindən mirasın onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin əmlaklara vərəsəlik hüququnun tanınması, miras qoyan X9 vəfatından sonra ondan miras qalmış Göyçay rayonu Çərəkə kəndində yerləşən ümümi birgə mülkiyyətdə olan 0.69 ha və üzərində yaşayış evi olmaqla 0.30 ha torpaq sahəsinin tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaklar üzərində vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasına dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar