Məhkəmə qərarları › İş №2(046)-475/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-475/2021

26.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-475/2021 26.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində 26 iyul 2021-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan azyaşlı uşaqları ilə birlikdə Cavabdeh1 ilə birgə nikah dövründə yaşadıqları Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 ilə 08 dekabr 2010-cu il tarixdə nikah bağlamışlar. Birgə nikahdan 01 oktyabr 2011-ci il tarixdə X2 və 21 iyul 2017-ci il tarixdə X1 anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-133/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və iki uşağın onun yanında saxlanılması qət edilmişdir. Birgə nikahda olduqları dövrdə gəlin köçdüyü evə qeydiyyata düşmüş, uşaqlarına və cavabdehlərə həmin evdə qulluq etmişdir. Hazırda həmin evdə onun yaşamağına cavabdehlər maneçilik törədirlir və həmin evdə yaşamağına imkan vermirlər. Həyat şəraiti maddi cəhətdən bahalı olduğundan uşaqlarını saxlamaqda, həmçinin cəmiyyət üçün mükəmməl bir fərd kimi yetişdirməkdə çətinlik çəkir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, iddiaçının azyaşlı uşaqları ilə onların yaşadıqları və faktiki mülkiyyətlərində olanGöyçay rayonu Ulaş-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə köçərək yaşamaqlarına etiraz etmirlər. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2(046)-133/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 08.12.2010-cu il tarixdə bağlanmış nikah pozulmuş, 01.10.2011-ci il tarixdə anadan olmuş X3 və 21.07.2017-ci il tarixdə anadan olmuş X1 İddiaçı yanında saxlanılmışdır. İş üzrə tərəfləri dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən və işin faktiki hallarından göründüyü kimi İddiaçı ilə cavabdehlər arasında mübahisəli fərdi yaşayış evindən istifadə ilə bağlı münasibətlər 2010-ci ildə yaranmışdır. İddiaçı Cavabdeh1 ilə həmin evdə 10 il fasiləsiz olaraq azyaşlı uşaqları ilə yaşamışdır. İddiaçı ilə Cavabdeh1 arasında olan ailə münasibətləri pozulduğundan cavabdehlər İddiaçı həmin fərdi yaşayış evində yaşamağa imkan verməmişdir. Mübahisəli ev üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınmamışdır. Tərəflər arasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evə köçürülmə ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilr (qanunun analogiyası). Qeyd edilən maddi hüquq normalarını hazırkı iddia tələbi üzrə mübahisəli evin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar tətbiq edərək müəyyən etmişdir ki, mübahisəli ev mülkiyyət hüququ əsasında qeydə alınmamışdır. Tərəflər arasında olan mübahisəli mülki hüquq münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyinə görə məhkəmə hesab edir ki, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları, yəni qanunun analogiyası tətbiq olunmalıdır. Tərəflər arasında hüquq münasibətlərinin 08 dekabr 2010-cu ildə yaranmasını nəzərə alaraq, bu qənaətə gəlir ki, mülki mübahisə qanunun aralogiyası üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələblərinə uyğun şəkildə həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 68.3-cü maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu huquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yerinin olması təsbit olunmuşdur. İş materiallarından göründüyü kimi İddiaçı Cavabdeh1 arvadı kimi cavabdehin və ailə üzvlərinin razılığı ilə mübahisəli evə gəlin köçmüş və cavabdehlərin ailə üzvü kimi 10 il müddət ərzində həmin evdə yaşamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə azyaşlı uşaqları ilə birlikdə həmin evə köçüb yaşamaq hüququ vardır. Beləliklə, məhkəmə, iş üzrə məhkəmədə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı himayəsində olan azyaşlı uşaqları 01.10.2011-ci il tarixdə anadan olmuş X3 və 21.07.2017ci il tarixdə anadan olmuş X1 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı Göyçay rayonunun Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qərarın İcrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cavabdeh1 10 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar