Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-508/2021 03.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, torpaq sahəsinin qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində 03 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Hacağabəyli kəndində yerləşən mülkiyyətində olan 2.59 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddia müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Göyçay rayonunun Hacağabəyli kəndində mərhumlar X2 və X1 ilə onun ümumi-birgə mülkiyyətinə 2,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN-471 saylı dövlət aktı (kod ********) təsdiq edir. Ümumi-birgə mülkiyyətçilərdən X2 11 dekabr 2020-ci il tarixdə, X1 15 aprel 2001 -ci il tarixdə vəfat etmişlər. Ümumi-birgə mülkiyyətlərində olan torpaq sahəsi islahatdan sonra naturada ölçülüb onlara verilərkən mərhum həyat yoldaşı torpaq sahəsini əkib-becərməyə maddi imkanı olmadığı üçün torpaq sahəsini Cavabdeh istifadəsinə vermiş və cavabdeh hər il əldə etdiyi buğda məhsulundan bir neçə torba icarə haqqı vermişdir. Həyat yoldaşı vəfat etdikdən sonra təxminən 3 il ərzində cavabdeh əvvəlki kimi buğda məhsulu ilə onlara icarə haqqı vermişdir. Həyat yoldaşı və qaynanası vəfat etdikləri üçün ailəni idarə etmiş, həyat yoldaşının vəfatından təxminən 1 il sonra oğlu hərbi xidmətə çağırılmış və 2 yetkinlik yaşına çatmamış qızı onun himayəsində qalmışdır. Köməksiz vəziyyətdə olduğu üçün pozulmuş hüquqlarımızın bərpasını tələb edə bilməmişdir. Dövlət təşkilatlarına müraciət etmiş, lakin heç bir orqan cavabdehdən torpaq sahəsinin geri alınması üçün ona köməklik göstərməmişdir. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, Göyçay rayon Hacağabəyli kəndində yerləşən iddiaçıya məxsus olan 2.59 ha torpaq sahəsini ona bağışlamışlar. Hazırda torpaq sahəsi onun istifadəsindədir. Lakin torpaq sahəsini iddiaçıya qyatarmağa hazırdır. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-471 saylı dövlət aktından görünür ki, Göyçay rayon Hacağabəyli kəndində yerləşən 2.59 ha torpaq sahaəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Hacağabəyli kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 2.59 ha torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 2.59 ha torpaq sahəsinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Hacağabəyli kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 2.59 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Xəlitli kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-471 saylı Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2.59 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 10 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-508/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-508/2021
03.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver