Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-54/2022 19.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-0098 saylı "torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı əsasən ümumi birgə mülkiyyətdə olan, Göyçay rayonu Şəkər kəndində yerləşən 3.05 ha torpaq sahəsinin 0.56 ha hissəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 28 iyun 1998-ci il tarixli 40 nömrəli qərarı ilə JN-0098 saylı "torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı əsasən Göyçay rayonunun Şəkər kəndində mərhumlar X5 və X2 ilə onun və ailə üzvlərinin ümumi-birgə mülkiyyətinə 3,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ümumi-birgə mülkiyyətdə olan torpaq sahəsi islahatdan sonra naturada ölçülüb verilərkən tam tanıdılmamış və 0,56 ha torpaq sahəsi istifadələrinə verilməmişdir. Bu barədə məlumatı 2007-ci ildə alandan orqanlara müraciət etmiş və müəyyən olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsinin 0,56 ha hissəsi ərazidən keçən Veysəlli arxının əks tərəfindədir. 2009-cu ildə Şəkər bələdiyyəsi 0,56 ha torpaq sahəsi əvəzinə Şəkər toyuq ferması deyilən ərazinin yaxınlığında eyni ölçüdə torpaq sahəsini faktiki istifadəsinə verilmişdir. 2019-cu ilin yayında faktiki istifadəsində olan torpaq sahəsinin mülkiyyətçisi torpaq sahəsini geri almışdır. Torpaq sahəsi 11 dekabr 2019-cu il tarixdə mütəxəssis tərəfindən naturada ölçülərək tanıdılarkən məlum olmuşdur ki, torpaq sahəsi X1 və X3 tərəfindən zəbt olunaraq istifadə edilir. Həmin cavabdehlərə qarşı 0,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, torpaq sahəsinə Ağsu Layihə Tədqiqat İnstitunun əməkdaşları baxış keçirərkən müəyyən olunmuşdur ki, torpaq sahəsi Göyçay rayonunun Veysəlli kəndində yaşayan Cavabdeh Səttar oğlunun istifadəsindədir. Bu səbəbdən də mən iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri götürmüş və əsl cavabdehə qarşı məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir.Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İddiaçı, nümayəndəsi (vəkili) Nümayəndə iddiaçının göstərdiyi xususatları müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayon Şəkər kəndində yerləşən iddiaçıya məxsus olan 0.56 ha torpaq sahəsini zəbt etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0098 saylı dövlət aktından görünür ki, Göyçay rayon Şəkər kəndində yerləşən 3.05 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X6 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 22.06.2021-ci tarixli rəydən görünür ki, İddiaçı torpağa mülkiyyət hüququna dair JN- 0098 saylı dövlət aktına əsasən ümumi-birgə mülkiyyətində olan 0,56 ha torpaq sahəsinin 0,51 hektarı Cavabdeh Səttar oğlu tərəfindən zəbt edilmişdir. Veysəlli kəndinin həyətyanı sahələrinin sxemi ilə natura arasında ciddi uyğunsuzluq olduğundan JN-040A saylı şəhadətnaməyə əsasən Cavabdeh Səttar oğlunun ümumi-birgə mülkiyyətində olan 0,71 ha torpaq sahəsinin yerinin və həmin torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-0098 saylı Dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,56 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsinin müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Şəkər kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 3.05 ha torpaq sahəsinin 0.51 ha hissəsi Cavabdeh qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onların qanuni sahibliyində olan 3.05 ha torpaq sahəsinin 0.51 ha hissəsi Cavabdeh zəbt etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Göyçay rayonu Şəkər kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 3.05 ha torpaq sahəsinin 0.51 ha hissəsi Cavabdeh tərəfindən boşaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Göyçay rayonu Şəkər kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 3.05 ha torpaq sahəsinin 0.51 ha hissəsindən Cavabdeh çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 10 manat cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-54/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-54/2022
19.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver