Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-54/2024 02.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X20 Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Mallı-Şıxlı bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı həyətyanı torpaq sahəsindən çıxan şirə kanalının açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun sahibliyində olan, Göyçay rayonu Mallı- Şıxlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən çıxan, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bağlanılmış şirə kanalının açılmasına, iddia ərizəsi verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun və hüquqi yardım almaq üçün vəkilə ödədiyi 100 manat məbləğində pulun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ərizəsi əsasında Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonunun Mallı Şıxlı kəndi ərazisində onun və ailəsinin sahibliyində 0,25 ha həyətyanı torpaq sahəsi və üzərində fərdi yaşayış evi vardır. Təsərrüfatda iri və xırda buynuzlu mal, toyuq-cücə saxlayır, meyvətərəvəz yetişdirir. Həyətyanı torpaq sahəsindən çıxan şirə kanalını qonşusu olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bağladıqları üçün uzun illər aralarında mübahisə yaranmış və sonuncular ona şirə kanalının boru vasitəsi ilə digər qonşusu Cavabdeh3 Soltanəli qızının həyətinin qarşısından keçən şirə kanalına qoşmağı məsləhət etmişlər. Şirə kanalından Cavabdeh3 həyətinin qarşısında olan, bələdiyyə torpaqlarına aid olan kənd yolunda yerləşən xəndəyə keçməklə təxminən 10 il istifadə etdikdən sonra 2023-cü ilin may ayında şirə kanalını bağlamışlar. Dəfələrlə bələdiyyəyə, rayon icra hakimiyyətinə və polis şöbəsinə yazılı və şifahi müraciətlər etsə də icra hakimiyyəti müvəqqəti tədbirlər görmüş, lakin heç bir faydası olmamışdır. Bu ilin may ayında yağan leysan yağışları nəticəsində həyətini su basmış və onun təsərrüfatındakı mal-qaraya zərər dəymiş, 1 qoyun və 1 inəyi ölmüşdür. Mübahisəni məhkəmədən kənar qaydada həll etmək istəsə də cavabdehlər imkan verməmişlər. Ona görə də o pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxışında İddiaçı iddianı müdafiə etdi,izahat verərək bildirdi ki, atasından qalmış təxminən 0,25 ha sahəsi olan torpaq sahəsi sahibliyindədir.Həmin torpaq sahəsində mal-qara,toyuq-cücə saxlayır.Həyətinə yığılan yağış suları şirə kanalı vasitəsilə həyətindən daş hasarın altından keçməklə bələdiyyə torpaqlarında qazılmış xəndəyə axıdılırdı.Lakin cavabdehlər tərəfindən həmin şirə kanalının bağlanması nəticəsində yağış sularının həyətindən çıxmasının qarşısı alınmış,nəticədə həyətini su basmışdır.İddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh1 iddianı etiraf etmədi,izahat verərək bildirdi ki, atası X5 ayrılmış 0,30 ha sahəsi olan torpaq sahəsində yaşayır.İddiaçı əmisidir,onunla qonşudurlar.2013-cü ildə İddiaçı ilə birlikdə öz barılarının dibindən yer açaraq icazəsiz qonşu əmisinin yoldaşı Cavabdeh3 Soltanəli qızına məxsus xəndəyə qeyri-qanuni qoşulmuşlar. Cavabdeh3 İddiaçı onun su yolunu kəsdiyi üçün ona icazə vermir ki,şirə kanalından istifadə etsin,həmin şirə kanalının ağzını bağlamışdır.. Dəfələrlə İddiaçı rayon polis şöbəsinə, bələdiyyə sədrinə müraciət etsədə Cavabdeh3 haqlı tərəf olurdu. İddiaçı 2023-cü ilin may ayında leysan yağışının yağdığını, ona məxsus 1 qoyun və 1 inəyin öldüyünü bildirmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi həyətyanı torpaq sahələrini suya basır və onlara məxsus barıya ciddi ziyan vurmuşdur. Barılarının dibində ağac əkib. Bu ağaclar güclü küləkdə dalanın damını sındırıb. Dalanlarının yaxınlığında iri xəndək qazdırıb. Övladı 8 yaşlı Nahid Xəlilov 2 dəfə həmin xəndəyə düşmüşdür. Aralarında yaşanan mübahisələrə görə o övladını və həyat yoldaşını götürərək evi bir ildir ki tərk etmişdir. Dəfələrlə rayon polis şöbəsinə, bələdiyyə sədrinə, icra nümayəndəsinə müraciət etmiş, lakin iddiaçı ravzılığa əməl etməyib. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh2 iddianı etiraf etmədi, Cavabdeh1 izahatına oxşar izahat verib iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə baxışında Cavabdeh3 iddianı etiraf etmədi,izahat verərək bildirdi ki,İddiaçı Məməd oğlunun yaşadığı evin həyətindən şirə kanalı ilə küçəyə axıdılan yağış suları sonradan onun həyətinə daxil olur və onun evinə ziyan vurur.İddiaçı həyətindən su arxının onun həyətinə keçməsinə ixazə vermədiyindən,o da şirə kanalı vasitəsilə onun həyətinə yağış sularının axıdılmasına razı olmamışdır.İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Mallı-Şıxlı bələdiyyəsinin sədri X6 izahat verərək bildirdi ki, İddiaçı sahibliyində olan torpaq sahəsindən şirə kanalı vasitəsilə axıdılan yağış suları Mallı-Şıxlı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə axıdılır.Həmin torpaq sahəsində xəndək də qazılmışdır ki,yağış suları orada yığılsın.Lakin sonradan sakinlərin şikayətləri əsasında xəndək torpaqla basdırılmışdır.Tərəflərin faktiki istifadələrində olan torpağın sahələri sənədlərində olan torpaq sahələrindən çoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 göstərdi ki, İddiaçı onun qardaşıdır. Həmin ərazidə çirkab sularının axıdılması üçün yer olmuşdur. Onların həyətində suyun axıdılması üçün xəndək olub. İddiaçı və Cavabdeh1 orada tövlə tikəndən sonra xəndəyin çıxışı bağlanmışdır və həmin sular həyətə yığılır. İddiaçı həyətindən çirkab sularının axıdılması üçün ümumi olan kanalizasiyaya yol açılmalıdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 göstərdi ki, Cavabdeh1 onun oğludur. Onun evinin qarşısında şirə kanalı olmayıb. İddiaçı həyətində olan şirə kanalının hara çıxdığını bilmir. Məhkəmə tərəflərin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Mallı-Şıxlı bələdiyyəsinin sədrinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Göyçay filialının 01 iyun 2023-cü il tarixli 173 saylı arxiv arayışından görünür ki, Göyçay RHİB-nın Yeniarx kəndi üzrə nümayəndəsinin Mallı-Şıxlı kəndində aid 1991-1995-cü illərə dair 17 nömrəli təsərrüfatbaşına kitabın 926-cı təsərrüfatında X8 (1994-cü ildə vəfat edib) ailə başçısı olmaqla öhdəsində 0,25 ha həyətyanı torpaq sahəsinin olması, yaşayış evinin ümumi sahəsinin 75 kv.m, o cümlədən yaşayış sahəsinin 50 kv.m,arvadı-X2, oğlu-İddiaçı Məhəmməd oğlu, gəlini-X14, nəvəsi X9 və nəvəsi X15 tərkibdə ailə üzvlərinin olması göstərilmişdir. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Mallı-Şıxlı kənd inzibati ərazi nümayəndəliyinin 01 iyun 2023-cü il tarixli arayışından görünür ki, Xəlilov X10-Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şirə kanalının açılması ilə bağlı şifahi müraciət etmişdir. İcra hakimiyyətinin məsul işçiləri, yerli nümayəndə və bələdiyyə sədri ilə vətəndaşın həyətində hər iki qonşu ilə maarifləndirici söhbətlər edilsədə heç bir razılıq əldə edilməmişdir. İddiaçı şirə kanalını açılması ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İşə əlavə edilmiş 19 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Göyçay rayonu Mallı Şıxlı kəndində yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə Göyçay RPŞ-ya ərizə ilə müraciət edərək Sona, Dursun və Akif adlı şəxslərin küçədə su arxının qarşısını kəsmələri və nəticədə həyətini su basmasını bildirmişdir. Eyni zamanda Göyçay rayonu Mallı Şıxlı kəndində yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək yanında olan şəxslərin özlərini yandırmaq istəmələri barədə məlumat vermişdir. Həmin məlumat əsasında araşdırma aparılmış və toplanmış material aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Göyçay Rayon Prokurorluğuna göndərilmişdir. Həmin məlumat Göyçay Rayon Prokurorluğuna daxil olaraq araşdırılmış və müvafiq araşdırma aparılması və nəticəsindən asılı olaraq prosessual qərarın qəbul edilməsi üçün Göyçay Rayon Polis Şöbəsinə göndərilmişdir. Təhqiqat zamanı izahatı alınan İddiaçı öz izahatında göstərmişdir ki, özünə məxsus təsərrüfatı var və heyvanları həyətində saxlayır. Yağış yağan zaman həyətinə su dolur. Bu səbəbdən İcra Hakimiyyətinə müraciət etmiş və yaşadığı evin qarşısında dövlət nümayəndələrinin iştrakı ilə quyu qazmışdır. Həmin quyuda yığılan yağış sularının axması üçün yolun əks istiqamətində qonşusu Cavabdeh3 yaşadığı həyətyanı sahəsinin həmsərhəd yerindən xəndəyə boru çəkmişdir. Lakin qonşusu Cavabdeh3 həmin borunun ağzını kəsmişdir. Yağış suları həyətində yığıldığı üçün təsərrüfatına ziyan dəyir. O, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yağış yağmış və həyətinə yenidən su yığılmışdır. Kənd bələdiyəsi və icra nümayəndəsini çağırmışdır. Həmin zaman Cavabdeh3 xəndəyə axan suyun qarşısını kəsmiş və açmayacağını bildirmişdir. Bu səbəbdən münaqişə baş vermişdir. O, Cavabdeh3 həmin borunun açıldığı təqdirdə özünü yandıracağını bildirmişdir. Cavabdeh3 İntihar ilə bağlı heç bir real hərəkət etməmişdir. Tələbi həyətində yığılan yağış sularının xəndəyə ötürülməsində ona köməklik göstərilməsidir. Təhqiqat araşdırması zamanı bir neçə dəfə Cavabdeh3 yaşadığı ünvana gedilmiş, lakin Cavabdeh3 izahat verməkdən qəti şəkildə imtina etmişdir. Toplanmış materialdın göründüyü kimi xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Cavabdeh3 yağış sularının xəndəyə axıdılmasının qarşısını kəsdiyi üçün sonuncu ilə İddiaçı arasında sözlə münaqişə baş vermişdir. Belə ki, Cavabdeh3 özünü intahar etməsi faktı öz təsdiqini tapmamışdır. İddiaçı müraciətində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından material üzrə cinayət işi başlanılması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göyçay rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X12 idarəsi tərəfindən verilmiş 29 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, ərazidə olan kollektorlar X12 idarəsinin balansında deyil. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli 3-16-16/2-10/1230 nömrəli,məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, İddiaçı istifadəsində olan Göyçay rayonu,Mallı-Şıxlı kəndində yerləşən 0,25 ha həyətanı torpaq sahəsindən çıxan şirə kanalının bağlanması nəticəsində iddiaçıya ziyan dəyib-dəyməməsinin müəyyən edilməsi və həmin torpaq sahəsindən yağış sularının digər axıntı su yolu ilə çıxarılmasının mümkün variantlarının olması xüsusi bilik tələb etmir.Həmin məsələ müvafiq orqanların mütəxəssislərnin iştirakı ilə tədqiqat obyektinə baxış keçirməklə və ya məhkəmə tərəfindən aidiyyəti orqanlara sorğular verilməklə həll edilə bilər. İşə əlavə edilmiş Göyçay RİHB-ın ərazi idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Azər Sadıqovun, Göyçay RİHB-ın Mallı-Şıxlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamil Umarovun, Göyçay RİHB-ın Mallı-Şıxlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Vasif Seyidovun,Mallı-Şıxlı bələdiyyəsinin sədri Eldar Məhərrəmovun,Mallı-Şıxlı kənd sakini X3 iştirakı ilə tərtib edilmiş 15 aprel 2024-cü il tarixli aktın surətindən görünür ki,araşdırma zamanı İddiaçı bildirmişdir ki,fərdi yaşayış evinin qarşısından keçən şirə sularının axıdılması üçün nəzərdə tutulan bərənin qarşısını qardaşı oğlu Cavabdeh1 14 il bundan öncə öz həyətyanı sahəsinin hüdudlarına salaraq düzləmişdir.5 il sonra tərəflər öz aralarında razılığa gələrək şirə sularının axıdılması üçün nəzərdə tutulan bərənin alternativ olaraq yolun digər hissəsindən İddiaçı mərhum qardaşı X4 fərdi yaşayış evinin qarşısından keçən şirə sularının axıdılması üçün bərəyə qoşulmuşlar.2015-ci ildə tərəflər arasında mübahisə yarandığından İddiaçı mərhum qardaşının həyat yoldaşı Cavabdeh3 şirə kanalının axıdılması üçün bərədən istifadəyə İddiaçı icazə verməmiş və bərənin qarşısını kəsmişdir.İddiaçı təsərrüfatına hirə və yağış suları ziyan vurduğundan 2023-cü ildə məhkəmə orqanları qarşısında iddia qaldırmışdır. İşə əlavə edilmiş fotoşəkillərdən görünür ki, İddiaçı yaşadığı evin həyətinə yağış suları yığılmış,şirə kanalı daş hasarın altından keçərək yağış suları ümumi istifadədə olan yolda olan xəndəyə yığılır. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 100 manat,vəkilə göstərdiyi hüquqi yardıma görə 100 manat məbləğində pul ödəmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da,bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəsxə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şxs,o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə nəzərə alır ki,tərəflərin istifadəsində olan torpaq sahələrinə dair mülkiyyət hüquqlarını təsdiq edən hüquq müəyyənedici sənədlər təqdim olunmasa da,Milli Arxiv İdarəsi və müvafiq yerli icra hakimiyyəti orqanlarının rəsmi sənədləri əsasında torpaq sahələri müvafiq olaraq İddiaçı,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni istifadəsindədir, iddiaçının gözlənilən mülkiyyət hüququ vardır. Digər Cavabdeh3 istifadəsində olan torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyənedici sənədi təqdim etməmişdir. Mübahisə İddiaçı istifadəsində olan Göyçay rayonu Mallı-Şıxlı kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsindən yağış sularının çıxarılması üçün nəzərdə tutulmuş şirə kanalının (su yolunun) bağlanması ilə əlaqədardır. Tərəflərin izahatlarından və iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,mübahisəsi gedən şirə kanalının cavabdehlər tərəfindən bağlanması işin mübahisəsiz halıdır. Mülki qanunvericiliyinin tələbinə görə öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidir.(Mülki Məcəllənin 170.2-ci maddəsi.) Qonşuya gedən qazın,buxarın,qoxunun,hisin,tüstünün,səsküyün,istiliyin,titrəyişlərin və digər oxşar amillərin yaratdığı təsirlər aşağıdakı hallarda: 1)qonşuya öz sahəsindən istifadə etməyə maneçilik törətmədikdə,2)qonşunun hüququnu əhəmiyyətsiz dərəcədə pozduqda yolverilən hesab edilir.Göründüyü kimi bu iki halda qonşunun hüququnun əhəmiyyətsiz dərəcədə pozulmasına yol verilir. Məhkəmə nəzərə çatdırır ki, hazırki iş üzrə mübahisə edilən şirə kanalı ümumi istifadədə olan su yoluna aid edilmir, sonradan düzəldilmiş və yağış sularının həyətyanı sahədən çıxarılması üçün nəzərdə tutulmuşdur.Məhkəmə onu da nəzərə alır ki,həmin şirə kanalı ilə həyətyanı sahədən çıxarılan yağış suları məhz Mallı-Şıxlı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə-ümumi istifadədə olan yola axıdılır.İddiaçının sahibliyində olan həyətyanı sahədən çıxan yağış sularının cavabdehlərin istifadəsində olan torpaq sahələrinə təsirinin əhəmiyyətli və ya ziyanlı olmasını təsdiq edən hər hansı bir sübutu cavabdehlər məhkəməyə təqdim edə bilməmişlər və belə bir halın olması iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki,cavabdehlərin qonşu təsirinə dözmək vəzifəsi olduğundan,iddiaçının həyətindən axıdılan yağış sularının cavabdehlərin istifadəsində olan torpaq sahələrinə mümkün yaratdığı amillər yolveriləndir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı sahibliyində olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən şirə kanalı vasitəsilə yağış sularının axıdılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı,şirə kanalının açılması təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən,məhkəmə xərcləri cavabdehlərə aid edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dövlət rüsumu üçün ödənilmiş 100 manat və vəkilə göstərdiyi hüquqi yardıma görə 100 manat məbləğində pul alınaraq İddiaçı qaytarılmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı sahibliyində olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən çıxan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən bağlanmış şirə kanalı açılsın. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dövlət rüsumu üçün ödənilmiş 100 manat və vəkilin göstərdiyi hüquqi yardıma görə 100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-54/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-54/2024
02.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver