Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-549/2021 27.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində 27 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Şəhadət kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 ilə 12 iyun 2009-cu il tarixdə el adətinə uyğun toy etməklə ailə qurmuş və əmlakı ilə birlikdə cavabdehin valideynlərinin Göyçay rayonunun Şəhadət kəndində yerləşən evinə gəlin köçmüşdür. Cavabdehlə 25 avqust 2010-cu il tarixdə nikah bağlamışlar. Cavabdehlə birgə nikahdan 28 sentyabr 2010-cu il tarixdə X4 və 12 dekabr 2014-cü il tarixdə X5 anadan olmuşdur. Cavabdehin adına olan təsərrüfatda 2011-2012-ci illərdə tikinti işləri apararaq 2 otaq, 1 zal və 1 mətbəxdən ibarət ümumi sahəsi 95 kvm, yaşayış sahəsi 44 kvm olan fərdi yaşayış evi inşa etdirmiş və 2012-ci ilin sonu 2013-cü ilin əvvəllərində həmin evə köçmüşlər. Cavabdehlə münasibətləri pozulduğundan, cavabdehin tələbinə əsasən Göyçay rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(046)-1031/2019 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmışdır. Cavabdehlə faktiki ayrıldıqdan sonra iki azyaşlı uşağı ilə birlikdə valideynlərinin evində yaşayır, mübahisəli ev cavabdehlə onun birgə nikahda olduqları dövrdə, yəni 2011-2012- ci illərdə tikinti işləri aparılaraq inşa edilmiş və onlar 2012-ci ilin sonu 2013-cü ilin əvvəllərində həmin evə köçərək 2017-ci ilin yayına kimi həmin evdə yaşamışlar. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı ilə 2009-cu il tarixdə faktiki ər-arvad münasibətlərində olmuşlar. 25.08.2010-cu il tarixdə nikah bağlamışlar. İddiaçı ilə birgə nikahdan iki uşaqları anadan olmuşdur. İddiaçı ilə birgə nikah dövründə mülkiyyətində olmuş torpaq sahəsində Göyçay rayonu Şəhadət kəndində fərdi yaşayış evi inşa etmişlər. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini qardaşı Cavabdeh2 notarial qaydada bağışlamışdır. Hazırda iddiaçının azyaşlı uşaqları ilə həmin evə köçüb yaşamasına etiraz etmir. İş üzrə Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı onun qardaşının keçmiş arvadıdır. Qardaşı inşa 2012-ci ildə inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini ona bağışlamışdır. Hazırda iddiaçının həmin evdə köçüb yaşamasına etiraz etmir. İddiaçının cehiz-əmlakıda həmin evdədir, onlar qardaşı ilə birlikdə yaşamışlar. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, 28 sentyabr 2010-cu il tarixdə X4 və 12 dekabr 2014-cü il tarixdə X1 Əfsanə Ələddin qızının himayəsində saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş 09.12.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.89 ha torpaq sahəsini qardaşı Cavabdeh2 bağışlamışdır. Məhkəməyə təqdim edilmiş RX ******* saylı 26.10.2017-ci il tarixli dövlət reyestrindən çıxarışdan görünür ki, iddia predmeti olan Göyçay rayonu Şəhadət kəndində yerləşən 0.89 torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsi tərəfoindən verilmiş 19.09.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh1 adına Göyçay rayon şəhadət kəndində 0.89 ha həyətyanı torpaq sahəsi 12.09.2017-ci il tarixdə Daşınmaz Əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi 09.10.2017-ci il tarixdə bağışlanma müqaviləsi əsasında Cavabdeh2 Abdurəhman oğluna bağışlanmışdır. Cavabdehlərin atası X2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə tərəfləri dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən və işin faktiki hallarından göründüyü kimi İddiaçı ilə cavabdehlər arasında mübahisəli fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 28.09.2010-cu ildə yaranmışdır. İddiaçı Cavabdeh1 arvadı, Cavabdeh2 qardaşının arvadıdır. İddiaçı Göyçay rayonu Şəhadət kəndində yerləşən cavabdehlərin valideyinlərinə məxsus fərdi yaşayış evinə gəlin köçmüş, 2011-2012-ci illərdə iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə cavabdehin mülkiyyətində olan 0.89 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində 3 otaqlı bir mətbəxdən ibarət bir mərtəbəli fərdi yaşayış evi inşa etmişlər. Cavabdehlə birlikdə təsərrüfat aparmış, azyaşlı uşaqları həmin evdə yaşadıqları müddətdə doğulmuşdur. Qeyd edilən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilr (qanunun analogiyası). Qeyd edilən maddi hüquq normalarını hazırkı iddia tələbi üzrə mübahisəli evin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar tətbiq edərək müəyyən etmişdir ki, mübahisəli ev mülkiyyət hüququ əsasında qeydə alınmamışdır. Tərəflər arasında olan mübahisəli mülki hüquq münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyinə görə məhkəmə hesab edir ki, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları, yəni qanunun analogiyası tətbiq olunmalıdır. Tərəflər arasında hüquq münasibətlərinin 25.08.2010-cu ildə nikaha daxil olduqları vaxtın yaranmasını nəzərə alaraq, bu qənaətə gəlir ki, mülki mübahisə qanunun aralogiyası üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələblərinə uyğun şəkildə həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 68.3-cü maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu huquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yerinin olması təsbit olunmuşdur. İş materiallarından göründüyü kimi İddiaçı Cavabdeh1 arvadı kimi birgə nikah dövründə inşa etdirdikləri fərdi yaşayış evində 4 il müddət ərzində həmin evdə yaşamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evə azyaşlı uşaqları ilə birlikdə köçüb yaşamaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlara araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 Abdurəhman oğluna və Cavabdeh1 qarşı azyaşlı uşaqları ilə birlikdə Göyçay rayonu Şəhadət kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə tələbi təmin edilsin. İddiaçı azyaşlı uşaqları 28 sentyabr 2010-cu il tarixdə anadan olmuş X4 və 12 dekabr 2014-cü il tarixdə anadan olmuş X5 ilə birlikdə Cavabdeh2 Abdurəhman oğlunun xüsusi mülkiyyətində olan Göyçay rayonu Şəhadət kəndində 0.89 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən birgə nikah dövründə inşa edilmiş 3 otaqlı, 1 mətbəxdən ibarət fərdi yaşayış evinə köçürülsün. Qərarın İcrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-549/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-549/2021
27.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver