Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-575/2020 31.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə1 və cavabdeh Göyçay 5 saylı tam orta məktəbin direktoru Nümayəndə2 iştirakı ilə, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktoru Nümayəndə2 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli onun məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsinə dair 31 №-li əmrinin ləğv edilməsi, həmin vəzifəyə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün xx.xx.2020-ci il tarixdən əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Təhsil Şöbəsinin müdiri E. İsmayılovla bağlanmış xx.xx.2006-cı il tarixli müddətsiz əmək müqaviləsinə əsasən Göyçay şəhər 5 saylı tam orta məktəbdə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdən Göyçay şəhər 5 saylı tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor əvəzi X3 tərəfindən xx.xx.2019-cu il tarixli, 12 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Həmin əmri qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etmiş, məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsindən azad edilməyinə dair xx.xx.2019-cu il tarixli 12 nömrəli əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(046)- 694/2019 nömrəli qətnaməsi ilə iddiası təmin edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Göyçay şəhər 5 saylı tam orta məktəbin xx.xx.2019cu il tarixli 12 nömrəli əmrin ləğv edilməsi, onun Göyçay şəhər 5 saylı tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor əvəzi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(046)-694/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor əvəzi X3 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(046)-694/2019 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və qətnamə icraya yönəldilmişdir. Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru Nümayəndə2 ilə xx xxxxxx 2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlamış, Göyçay şəhər 5 saylı tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru Nümayəndə2 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 31 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “e” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Vəzifədən azad edilməyinə dair Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru Nümayəndə2 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 31 nömrəli əmri əsassız və qanunsuz hesab edir. Həmin əmrdən görünür ki, cavabdeh Nümayəndə2 Göyçay rayon Pokurorluğunun xx xxxxxx 2019-cu il tarixli təqdimatına, Göyçay şəhər 5 saylı tam orta məktəbin Pedoqoji Şurasının xx xxxxxx 2020-ci il tarixli 04 nömrəli qərarına, Təhsil işçilərinin Azad Həmkarlar təşkilatı rayon təşkilatının xx xxxxxx 2020-ci il tarixli qərarına, Azərbaycan Təhsil işçilərinin X1 rayon komitəsinin xx xxxxxx 2020-ci il tarixli məktubuna əsaslanmışdır. Əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edə bilər. Əmrdə qeyd edilən nöqsanlara yol verməmiş və hesab edir ki, cavabdeh 2017-2018-ci dərs ilində yol verdiyi nöqsanlara istinad edərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “e” bəndini rəhbər tutaraq onun işdən azad olunması barədə əmr verməkdə haqlı olmamışdır. Barəsində tərtib edilmiş işdən azadolunma haqqında xx.xx.2020-ci il tarixli 31 saylı əmrdən açıq-aşkar görünür ki, onun işdən azad olunmasının əsasları Göyçay rayon Prokurorluğu tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair verilmiş təqdimat olmuşdur. Həmin təqdimatda onun 2017-2018-ci tədris ilində yol verdiyi nöqsanların müzakirəsi Göyçay rayon Təhsil Şöbəsinə tapışırılmışdır. Hesab edir ki, həmin müddətdən iki ildən artıq vaxt keçdiyindən qeyd edilən xüsusatlara əsasən onun işdən azad olunması qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Buna görə də tələbin təmin edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 iddiaçının göstərdiyi xüsusatları müdafiə etmiş, tələbi təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Göyçay 5 saylı tam orta məktəbinin direktoru Nümayəndə2 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı xx xxxx 2006-cı il tarixindən məktəb direktorunun 22 nömrəli əmri ilə məktəbə texniki işçi olaraq ocaqçı vəzifəsinə qəbul edilmişdir. Halbuki, İddiaçı həmin tarixdən müəllim vəzifəsində işlədiyini qeyd edir. Lakin Göyçay RİHB-nın Göyçay şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən və Göyçay RTŞ-nin mühasibatlığından verilmiş İddiaçı işlədiyi müddət ərzində aldığı əmək haqqı cədvəllərindən sübut olunur ki, 2006-cı il tarixdən 2012-ci il tarixə qədər məktəbdə texniki işçi kimi fəaliyyət göstərmişdir. İddiaçı 2016-cı ildən məktəbdə müəllim kimi fəaliyyət göstərməsinə baxmayaraq bu barədə məktəbin əmr kitabında rəsmiləşdirmə aparılmamış və məktəb Pedaqoji Şürasının protokol kitabında dərs bölgüsü qeyd olunarkən sözü gedən şəxsin adı müəllim kimi qeyd edilməmişdir. İddiaçının ali təhsili bitirməsi haqqında “ Təfəkkür “ universitetindən aldığı ali təhsil haqqında diplomunda təhsilini 2008-ci ildə bitirməsi qeyd edilmişdir. Odur ki, onun 2006-cı il tarixdən Göyçay şəhər 5 saylı tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərməsi həqiqətə uyğun deyil. İddiaçı müəllimlərin işə qəbulu (MİQ) imtahanından keçməmiş və bu barədə hər hansı bir təsdiqləyici sənəd yoxdur. Bu da onu göstərir ki, İddiaçı məktəbdə müəllim kimi fəaliyyəti qanuna uyğun deyildir. İddiaçı xx xxxxx 2017-ci il tarixdə məktəb direktorunun 29 nömrəli əmri ilə məktəbə sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx xxxxx 1997-ci il tarixdə qeydə alınmış, Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin xx xxxx 1997ci il tarixli 16- 4/3 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş, Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif- İxtisas sorğu kitabçasında sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinin ödəniş dərəcələrinə ixtisas tələblərinə əsasən bu vəzifəyə təyin olunan işçinin ali təhsilli olması və təlim-tərbiyə sahəsində ən azı 3 (üç) il pedaqoji stajının olması qeyd edilmişdir. İddiaçı Göyçay RTŞ-nin mühasibatlığından verilmiş 132 nömrəli xx xxxx 2020-ci il tarixli əmək haqqı barədə arayışından məlum olur ki, sözü gedən şəxs xx xxxxx 2017-ci il tarixdə direktor müavini vəzifəsinə təyin olunarkən təlim-tərbiyə sahəsində 2 (iki) il pedaqoji stajı olmuşdur. Bu da onu sübut edir ki, İddiaçı sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsinə təyinatı qanunauyğun deyil. İddiaçı direktor müavini işlədiyi müddətdə vəzifə səlahiyyətlərini aşaraq ciddi nöqsanlara yol vermiş, müəssisənin və işəgötürənin nüfuzuna ciddi xələl gətirmişdir. Bu barədə məktəbin direktor vəzifəsini müvəqqəti icra edən təlim-tərbiyə işləri üzrə direktor müavini X3 tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edilmişdir. Təhsil Nazirliyi tərəfindən məktəbdə aparılan araşdırma zamanı məlum olmuşdur ki, təşkilati işlər üzrə direktor müavini İddiaçı dərs ilinin əvvəlində məktəbin təmiri və fond pulu adı ilə müəllimlərdən pul yığması, 2017- 2018-ci dərs ilində ibtidai sinif müəllimlərindən dərs bölgüsü və çalışmanın yaş həddinə çatmış müəllimlə bağlanmış əmək müqaviləsinin növbəti ildə də uzadılması üçün pul alması, eyni zamanda məktəb rəhbərinin icazəsi olmadan məktəbdə şagirdlər üçün müxtəlif vaxtlarda qazanc məqsədi ilə ödənişli sınaq imtahanları keçirməsi, məktəb invertarının (soyuducunun) mənimsənilməsi, tədris pedaqoji sənədlərdə düzəlişlər aparılması təsdiqini tapmışdır. Qeyd olunanaları nəzərə alaraq Təhsil Nazirliyi İddiaçı ixtisası üzrə müəllim saxlanılmaqla tutduğu vəzifədən azad edilməsi barədə RTŞ-yə xx xxxxxx 2018-ci il tarixli, xx-xx-2124/13 nömrəli məktub göndərmişdir. Təhsil Nazirliyi tərəfindən toplanmış materiallar Respublika Prokurorluğuna göndərilmiş və Göyçay rayon Prokurorluğunda İddiaçı barəsində cinayət işi açılmışdır. ********* nömrəli cinayət işinin istintaqı zamanı məktəbdə yol verilmiş qanun pozuntuları barədə xx xxxxxx 2019-cu il tarixdə Göyçay rayon Prokurorluğu tərəfindən RTŞ-yə təqdimat göndərilmişdir. Təqdimatı geniş müzakirə edərək qeyd olunan hallara gələcəkdə bir daha yol verilməməsi üçün ciddi tədbirlər görülməsi və görülmüş tədbirlər barədə bir ay müddətində Göyçay rayon Prokurorluğuna məlumat verilməsi tapşırılmışdır. İşçi İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər Bələdiyyə və Milli Məclisə deputat seçkilərində məntəqə seçki komissiyasının üzvü olduğu üçün onun barəsində Seçki Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən əmək haqqı saxlanılmaqla müvəqqəti işdən azad edildiyi üçün Göyçay rayon Prokurorluğunun təqdimatını müzakirə etmək mümkün olmamışdır. Odur ki, Göyçay rayon Prokurorluğunun təqdimatı xx.xx.2020-ci il tarixdə məktəbin Pedaqoji Şürasmda müzakirə edilmiş və İddiaçı direktor müavini vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərardan həmin tarixdə məktəbin Həmkarlar Təşkilatına və Azərbaycan Təhsil İşçiləri X5 Göyçay Rayon Komitəsinə təqdimat verilmiş hər iki təşkilatın razılığı alınmışdır. İddiaçı iddia edir ki, məktəb Həmkarlar Təşkilatının sədri vəzifəli şəxs (təlim-tərbiyə işləri üzrə direktor müavini) olduğu üçün onun Həmkarlar Təşkilatına sədrlik etməsi qanunauyğun deyil. Belə olduğu halda Azərbaycan Təhsil İşçiləri X5 Göyçay Rayon Komitəsinin xx xxxxxx 2020-ci il tarixli, 02 nömrəli razılıq məktubu İddiaçı direktor müavini vəzifəsindən azad edilməsinə əsas verir. İddiaçı iddia edir ki, əvvəlki məhkəmə prosseslərində onun vaxtilə direktor müavini işləyərkən əməllərində heç bir qanunsuzluq olmadığı üçün yenidən vəzifəyə bərpa edilməsi barədə qərar qəbul edilmişdir. Əvvəlki məhkəmə qətnamələrində İddiaçı vaxtilə direktor müavini işlədiyi müddətdə yol verdiyi nöqsanlara və qanun pozuntularına hüquqi qiymət verilməmişdir. Qətnamələrdə İddiaçı vəzifədən azad edilərkən əmək qanunvericiliyinin tələbləri gözlənilmədiyi üçün direktor əvəzi Nüşabə Kazımovanın verdiyi əmr ləğv edilmişdir. Yuxarıda qeyd edilmiş sübut və dəlilləri nəzərə alaraq qeyd edir ki, İddiaçı sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 31 nömrəli əmr verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli Əmək Müqaviləsindən görünür ki, İddiaçı Göyçay 5 saylı tam orta məktəbin direktoru Nümayəndə2 ilə bağlanmış müddətsiz müqavilə əsasında Göyçay şəhəri 5 saylı tam orta məktəbə sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsinə işə bərpa edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 04 saylı Göyçay şəhəri 5 saylı tam orta məktəbin pedaqoji şurasının iclas protokolundan görünür ki, Göyçay rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli təqdimatı müzakirə edilmiş, məktəbin direktor müavini İddiaçı məktəbdə müəllim saxlanmaqla direktor müavini vəzifəsindən azad edilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Təhsil işçiləri Həmkarlar İttifaqı Göyçay şəhəri 5 saylı tam orta məktəbin ilk həmkarlar təşkilatının xx.xx.2020-ci il tarixli 03 saylı iclas protokolundan görünür ki, Nüşabə Kazımovanın sədrliyi ilə keçirilən iclasda İddiaçı məktəbdə ixtisası üzrə müəllim saxlanmaqla tutduğu vəzifədən azad edilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Təhsil işçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin xx.xx.2020-ci il tarixli 02 saylı məktubunun surətindən görünür ki, İddiaçı məktəbdə müəllim saxlanmaqla direktor müavini vəzifəsindən azad edilməsi barədə Həmkarlar Təşkilatının xx.xx.2020-ci il tarixli qərarı və Pedaqoji Şura iclasının xx.xx.2020-ci il tarixli qərarı ATİHİ Göyçay RK-nin sədri tərəfindən təsdiqlənmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay 5 saylı tam orta məktəbinin direktoru Nümayəndə2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 31 nömrəli əmrdən görünür ki, İddiaçı ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, İddiaçı müəllimlik vəzifəsində saxlanmaqla, Göyçay şəhəri 5 saylı tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə və 72-ci maddəsinin E bəndinə əsasən azad edilmişdir. İddiaçı işdən azad edilməsinin əsası kimi Göyçay rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli təqdimatında qeyd edilmiş İddiaçı 2017-2018-ci illərdə yol verdiyi nöqsanlar olmuşdur. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Göyçay 5 saylı tam orta məktəbinə qarşı 5 saylı tam orta məktəbin direktoru X3 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli onun məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsinə dair 12 №-li əmrinin ləğv edilməsi, həmin vəzifəyə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi təmin edilmişdir. Həmin qətnamə apelyasiya və kasasiya instansiyasında qüvvəsində saxlanılmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı Göyçay rayon Təhsil Şöbəsinin müdiri E.İsmayılovla bağlanmış xx.xx.2006-cı il tarixli müddətsiz əmək müqaviləsinə əsasən Göyçay şəhəri 5 saylı tam orta məktəbdə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdən Göyçay 5 saylı tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı Göyçay 5 saylı tam orta məktəbinin direktor əvəzi X3 tərəfindən xx.xx.2019-cu il tarixdə tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən azad edilmişdir. Bundan sonra İddiaçı Göyçay 5 saylı tam orta məktəbinə qarşı 5 saylı tam orta məktəbinə qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilmişdir. Qətnamənin icrası ilə əlaqədar İddiaçı ilə Göyçay 5 saylı tam orta məktəbin direktoru Nümayəndə2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında Göyçay şəhəri 5 saylı tam orta məktəbə sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə və 72-ci maddəsinin E bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmiş və tutduğu vəzifədən azad edilmişdir. İddiaçı işdən azad edilməsinin əsası kimi onun 2017-2018-ci illərdə işlədiyi dövrdə “X2” reklamını etmək məqsədi daşıyan üçüncü şəxslər üçün üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq hər hansı rəsmiləşdirmə olmadan həmin Mərkəz tərəfindən məktəbdə ödənişsiz sınaq imtahanlarının keçirilməsi, eləcə də Mərkəzin binasında ödənişli sınaq imtahanlarının elanının verilməsi işi təşkil edilmiş, məktəbin inventarı olan soyuducunu şəxsi məqsədləri üçün istifadə etməsi, İddiaçı tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilərək, hər hansı rəsmiləşdirmə olmadan məktəbin təmir edilməsi məqsədilə pul yığılaraq həyat yoldaşı Famil Bəkirov vasitəsi ilə məktəbdə təmir işləri aparılmış, həmçinin məktəbin müəyyən təmizlik vasitələri və s. bu kimi ehtiyaclar üçün “fond pulu” adı altında pul yığılaraq məktəbin müəyyən ehtiyacları üçün xərclənməsi qeyd edilmişdir. Göründüyü kimi İddiaçı qeyd edilən tədris illərində yol verdiyi nöqsanlara görə ona inzibati qaydada işdən azadolunma tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəllləsinin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəllləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. İddiaçı tərəfindən intizam xətasının törədildiyi gündən, yəni 2017-ci ilin noyabr ayının əvvəllərində məktəbin inventarında qeydiyyatda olan soyuducunun iddiaçı tərəfindən özəlləşdirilməsi və “X2” reklamını etmək məqsədi daşıyan üçüncü şəxslər üçün üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərində qulluq mənafeyinə zidd olaraq istifadə edərək hər hansı rəsmiləşdirilmə olmadan şifahi razılaşma əsasında “X6” tərəfindən Göyçay şəhəri 5 saylı tam orta məktəbdə ödənişsiz sınaq imtahanlarının keçirilməsi eləcə də Mərkəzin binasında keçiriləcək ödənişli sınaq imtahanlarının elanının verilməsini təşkil etməsi, həmçinin məktəbdə “fond pulu” altında məktəbin müəllimlərindən müəyyən vəsaitin yığmasına görə müvafiq olaraq məktəb tərəfindən tədbir görülmüş və İddiaçı Göyçay 5 saylı tam orta məktəbinin direktor əvəzi X3 tərəfindən xx.xx.2019-cu il tarixdə tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən azad edilərək iddiaçıya intizam tənbehi verilmişdir. Qanunun mənasından göründüyü kimi 2017-ci ildə İddiaçı tərəfindən törədilmiş intizam xətasından altı ay müddət keçmiş, buna görə də İddiaçı Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktoru Nümayəndə2 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 31 №-li əmri ilə onun məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsi kimi intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəllənin 83-cü maddəsinin 1. bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2. bənində əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1 bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 1. bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Həmin Məcəllənin Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallardan bəhs edən 79-cu maddəsinin 1. bəndinə əsasən İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; ; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 12-ci maddəsinin 1. bəndinə Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Həmin Məcəllənin 300-cü maddəsinin 1. bəndinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qanunun mənasından göründüyü kimi cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbinin direktor Nümayəndə2 tərəfindən İddiaçı həmin məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsi barədə xx.xx.2020-cu il tarixli 31 nömrəli əmri Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələbləri pozulmaqla qəbul edildiyindən həmin əmr qanunsuzdur. Məhkəmə hesab edir ki, İddiaçı Göyçay 5 saylı tam orta məktəbin direktor Nümayəndə2 imzaladığı 31 saylı xx.xx.2020-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsini, həmin vəzifəyə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsini tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi təmin edilməli, cavabdeh Göyçay 5 saylı tam orta məktəbin direktor Nümayəndə2 imzaladığı 31 saylı xx.xx.2020-ci il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməli, həmin vəzifəyə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün xx.xx.2020-ci il tarixdən əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 10 manat dövlət rüsumu cavabdeh Nümayəndə2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ :
İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Göyçay 5 saylı tam orta məktəbin direktor əvəzi Nümayəndə2 tərəfindən imzalanmış xx.xx.2020-cu il tarixli 31 saylı əmr ləğv edilsin. İddiaçı Göyçay 5 saylı tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsinə bərpa edilsin. xx.xx.2020-cu il tarixdən məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilsin. 10 manat dövlət rüsumu Nümayəndə2 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : İbrahimFəttahov