Məhkəmə qərarları › İş №2(046)-634/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-634/2021

30.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-634/2021 30.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində 30 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan azyaşlı uşağı 09 noyabr 2011-ci il təvəllüdlü X5 ilə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadıqları evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı X4 iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 ilə 02.11.2009-cu il tarixdə nikah bağlamış, Göyçay rayonunun Bəydövül kəndində cavabdehlərin yaşadıqları evə köçmüşdür. Cavabdeh1la birgə nikahlarından 09 noyabr 2011-ci il tarixdə Ayşən adlı qızları anadan olmuşdur. Göyçay rayon məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1la aralarındakı nikah pozulmuş, uşaq onun himayəsində saxlanılmışdır. Başqa yaşayış evi və mülkiyyətində torpaq sahəsi yoxdur. Bütün cehiz əşyaları hazırda həmin evdədir. 12 ildən artıq bir müddət ərzində cavabdehlərlə bir evdə yaşamış, həmin evdə yenidən qurma işləri aparaq əri Aqil ilə bir otaq inşa edərək cehiz əmlaklarını həmin otağa yerləşdirmişdir. Aqil ilə nikahları pozulduqdan sonra da həmin evdə yaşamışdır. Bir müddət əvvəl cavabdehlər cavabdehlər onu evdən qovmuşlar. Buna görə də 2018-ci il tarixdə Göyçay rayon məhkəməsində evə köçürülmə tələbi ilə iddia qaldırmış və məhkəmənin qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər həmin qətnamədən apelyasiya şikayəti vermiş, evdə yaşadığından Göyçay rayon məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Bundan sonra Cavabdeh2 ona qarşı evdən çıxarılma tələbi ilə məhkəmədə iddia qaldırmış, həmin evdə yaşamaq hüququ olduğu üçün Göyçay rayon məhkəməsinin 2(046)-750/2019 saylı qətnaməsi ilə iddiaçının iddiası rədd edilmişdir. Həmçinin Apellyasiya məhkəməsi də həmin qətnaməni qüvvədə saxlamışdır. 2020-ci ilin dekabr ayının sonlarında atası onkoloji xəstə olduğundan, atasının yanında qalmış, fevral ayının 1-də məktəb açıldığı üçün Bəydövül kəndinə evə qayıtmaq istədiyi vaxt cavabdehlər onu hədələyərək yenə evə qoymamışlar. Qızı Bəydövül kənd məktəbində 4-cü sinifdə təhsil alır, lakin qızı məktəbə gedə bilmir. Başqa yaşayış yeri yoxdur, nikahları pozulduqdan sonra qızı ilə qaldığı otağa cavabdehlərin təkidi ilə ayrıca işıq sayğacı da çəkdirmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişlər ki, iddiaçı əvvəllər onlarla birlikdə yaşamış, lakin sonradan ailə münasibətləri pozulduğundan, evdən çıxıb getmişdir. İddiaçının onların yaşadığı evə köçərək yaşaması mümkün deyildir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli, 2(046)-2678/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh X4 arasında 02.11.2009-cu il tarixdə 19 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahdan anadan olmuş 09.11.2011-ci il təvəllüdlü X5 cavabdeh X2 yanında qalmışdır. Məhkəməyə təqdim edilmiş X1 surətindən görünür ki, tərəflərin birgə nikahdan 09 noyabr 2011-ci il tarixdə X5 anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli 2(046)- 864/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 himayəsində olan azyaşlı uşağı 09 noyabr 2011-ci il təvəllüdlü X5 ilə birlikdə Cavabdeh2 və Cavabdeh2 yaşadığı Göyçay rayonunun Bəydövül kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin 18.09.2018-ci il tarixli 2(107)- 2074/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 və azyaşlı uşağı mübahisə predmeti olan Göyçay rayon Bəydövül kəndində yerləşən cavabdehlərin məxsus olan fərdi yaşayış evində həmin dövrdə yaşadıqlarından, Göyçay Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli 2(046)-864/2018 saylı qətnaməsi ləğv edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli 2(046)- 750/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh X3 qarşı Göyçay rayonu Bəydövül kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair tələbi rədd edilmişdir. Məhkəməyə təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin 06.08.2019-cu il tarixli 2(107)- 2432/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Göyçay Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli 2(046)-750/2019 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Göyçay rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İHB-nın Bəydövül kənd inzibati ərazi nümayəndəliyinin 29 dekabr 2017-ci il tarixli 12 saylı arayışından görünür ki, Bəydövül kənd sakini Cavabdeh2 kənddə ümumi yaşayış sahəsi 84 kv.m, yaşayış sahəsi 48 kv.m olan yaşayış evi, 0,60 ha həyətyanı, 3,66 ha pay torpaq sahəsi vardır. Onun oğlu Cavabdeh1 atası ilə eyni təsərrüfatda yaşayır və həmin təsərrüfatda qeydiyyatdadır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 15 may 2018-ci il tarixli, **********61 saylı məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə tərəfləri dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən və işin faktiki hallarından göründüyü kimi iddiaçı X4 ilə cavabdehlər arasında mübahisəli fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 02 noyabr 2009-cu ildə yaranmışdır. İddiaçı X4 Cavabdeh1 arvadı kimi mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, orada cavabdehlərlə birlikdə təsərrüfat aparmış, azyaşlı uşağı həmin evdə yaşadıqları müddətdə doğulmuşdur. X4 ilə Cavabdeh1 arasında olan ailə münasibətləri pozulduğundan cavabdehlər iddiaçı X3 həmin fərdi yaşayış evində yaşamağa imkan verməmişlər. Mübahisəli ev üzərində cavabdehlərin mülkiyyət hüququ qeydə alınmamışdır. Tərəflər arasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evə köçürülmə ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilr (qanunun analogiyası). Qeyd edilən maddi hüquq normalarını hazırkı iddia tələbi üzrə mübahisəli evin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar tətbiq edərək müəyyən etmişdir ki, mübahisəli ev mülkiyyət hüququ əsasında qeydə alınmamışdır. Tərəflər arasında olan mübahisəli mülki hüquq münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyinə görə məhkəmə hesab edir ki, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları, yəni qanunun analogiyası tətbiq olunmalıdır. Tərəflər arasında hüquq münasibətlərinin 02 noyabr 2009-cu ildə yaranmasını nəzərə alaraq, bu qənaətə gəlir ki, mülki mübahisə qanunun analogiyası üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələblərinə uyğun şəkildə həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 68.3-cü maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin məcəllənin 68.4-cü maddəsinə əsasən Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu huquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yerinin olması təsbit olunmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı cavabdeh Aqil Hüseynovun arvadı kimi cavabdehlərin razılığı ilə mübahisəli evə gəlin köçmüş və cavabdehlərin ailə üzvü kimi 8 ildən artıq müddət ərzində həmin evdə yaşamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə uşağı ilə birlikdə həmin evə köçüb yaşamaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlara araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı 2009-cu ilin noyabr ayında cavabdehlərin razılığı ilə mübahisəli evə köçmüş və 2009-cu ildən iddiaçı mübahisəli evdə uşağı, əri ilə birlikdə yaşamışdır. İddiaçı məcburiyyət qarşısında mübahisəli evdən çıxıb getmişdir. Beləliklə, məhkəmə, iş üzrə məhkəmədə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçılara ödənilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı X4 himayəsində olan azyaşlı uşağı 09 noyabr 2011-ci il təvəllüdlü X5 ilə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadığı Göyçay rayonunun Bəydövül kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qərarın İcrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar