Məhkəmə qərarları › İş №2(046)-639/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-639/2023

07.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-639/2023 07.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Aktına əsasən mülkiyyətdə olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.07 ha torpaq sahəsinin 0.25 ha hissəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Göyçay rayonunun Xəlitli kəndində ona və ailə üzvlərinə 1,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN- 193 saylı dövlət aktı(kod ********) islahatdan sonra təqdim edilmişdir. Mülkiyyətində olan torpaq sahəsinə hüququnu qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş və həmin idarənin əməkdaşları torpaq sahəsini ölçərkən müəyyən olunmuşdur ki, torpaq sahəsinin 0,25 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Mülkiyyətində olan 1,07 ha torpaq sahəsinin 0,25 ha hissəsi Cavabdeh qanunsuz istifadəsindədir. Cavabdeh onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə edir və bununla da mülkiyyət hüquqlarını pozur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İstifadə etdiyi torpaq sahəsini Göyçay rayonu Yeniarx Bələdiyyəsindən icarə götürmüşdür. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-193 nömrəli dövlət aktının surətindən görünür ki, Göyçay rayon Xəlitli kəndində yerləşən 1.07 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Elektron bazada mövcud olan, JN-193 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan, Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.07 ha torpaq sahəsinin 0.20 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Elektron baza məlumatlarında göstərilən TEKUİS məlumatlarında, JN-193 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin koordinatları Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyətinə **********57 reyestr nömrəii çıxarışla verilmiş 7.23 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Belə ki, Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyətinə **********57 reyestr nömrəli çıxarışla verilmiş 7.23 ha torpaq sahəsi kəndin islahat xəritəsində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq işlənsə də, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X1 X2nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq tərtib edilmiş “X1 X2” məlumatlarında ərazidə xüsusi mülkiyyıtə verilmiş torpaq sahələri, o cümlədən JN- 193 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” mövcuddur. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4722 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Elektron bazada mövcud olan, JN-193 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan, Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.07 ha torpaq sahəsinin 0.20 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Elektron baza məlumatlarında göstərilən TEKUİS məlumatlarında, JN-193 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin koordinatları Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyətinə **********57 reyestr nömrəii çıxarışla verilmiş 7.23 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Belə ki, Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyətinə **********57 reyestr nömrəli çıxarışla verilmiş 7.23 ha torpaq sahəsi kəndin islahat xəritəsində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq işlənsə də, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X1 X2nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq tərtib edilmiş “X1 X2” məlumatlarında ərazidə xüsusi mülkiyyıtə verilmiş torpaq sahələri, o cümlədən JN- 193 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” mövcuddur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna Mirmalikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonun Xəlitli kəndində yerləşən 1.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 ha hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini iddia edir və cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinə əsasən ekspertizası təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Göyçay rayonun Xəlitli kəndində yerləşən 1.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.20 ha hissəsi Cavabdeh qanunsuz istifadəsindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onların qanuni sahibliyində olan 1.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.20 ha hissəsini istifadə etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Göyçay rayonu Xəlitli kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-193 nömrəli dövlət aktına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 1.07 ha torpaq sahəsinin 0.20 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün İddiaçı tərəfindən ödənilmiş 95 manat pul cavabdeh alınaraq İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Göyçay rayonu Xəlitli kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-193 nömrəli dövlət aktın əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1.07 ha torpaq sahəsinin 0.20 ha hissəsindən Cavabdeh çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 manat və 95 manat məhkəmə xərci Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar