Məhkəmə qərarları › İş №2(103)-207/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-207/2024

19.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-207/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 Əlizaman oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz hörülmüş pəncərələrin açılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1433/2020 nömrəli xx.xx.2020ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Nümayəndə qarşı ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzildən istifadə hüququnun tanınması barədə iddiasının rədd edilməsi qət edilmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-679/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 13 nömrəli ümumi sahəsi 32.34 kv.m olan mənzildən məcburi qaydada çıxarılması və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5384/2021 nömrəli xx.xx.2021ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayətinin təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-679/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsində yerləşən ümumi sahəsi 32.34 kv.m olan 6 nömrəli evin 13 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir.

5. 147 saylı MKİS tərəfindən verilmiş 378 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi 6 saylı evin 13 saylı mənzilinin ümumi sahəsi 33.31 kv.metrdir. Həmin mənzil 147 saylı MKİS-də lan layihə sənədinə əsasən 1 otaq, 1 mətbəx və açıq eyvandan ibarətdir. Otaq 2 pəncərə, mətbəx, 1 pəncərədən ibarətdir. Həmin mənzilin əlavə tikintisi barədə 147 saylı MKİS-də heç bir sənəd yoxdur.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsində yerləşən və onun mülkiyyətində olan bina 6, 13 nömrəli mənzilin balkon hissəsindən çıxarılması, həmin mənzilin cavabdeh tərəfindən sökülərək bağlanmış qapı və pəncərələrinin cavabdeh tərəfindən açılaraq bərpa edilməsi, cavabdehin zəbt etdiyi və bina 6, 13 nömrəli mənzilin pəncərələrinə bitişik qeyri-qanuni tikilinin (10 kv.m-dən ibarət olan) sökülməsi, onun mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilə (yaşayış və ya qeyri-yaşayış sahəsinə) maneəsiz daxil olması və həmin mənzildən maneəsiz istifadə etməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, bina 6, 13 nömrəli mənzilin cavabdeh tərəfindən qanunsuz hörülmüş qapı və pəncərələrinin sökülməsi, cavabdehin həmin qapı-pəncərələrə bitişik mənzilə aid olan balkondan çıxarılması və qeyri-qanuni tikilmiş balkonun sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-679/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi bina 6, ümumi sahəsi 32.34 kv.m olan 13 nömrəli mənzildən məcburi qaydada çıxarılmalı və o, həmin mənzilə köçürülməli idi. Cavabdeh icraçıları aldadaraq, onlardan evi boşaltmaq üçün vaxt istəmişdir. Həmin vaxtdan istifadə edərək ona məxsus mənzilin daxilində qanunsuz söküntü-tikinti işləri aparmışdır. Mənzilinin daxilindən mənzilin yeganə giriş-çıxış hissəsi olan balkonuna açılan və texniki pasportda öz əksini tapan pəncərələrini söküb, sındırıb və hörüb. O, uzun müddət (22 il) həmin balkondan mətbəx kimi istifadə etmişdir, eyni zamanda mənzilin həyətə çıxışı həmin balkon-mətbəxdəndir. Mənzilin pəncərələri də həmin balkona açılır. Cavabdeh balkonu qeyri-qanuni tikinti adlandıraraq həmin mənzilin pəncərələrini və qapısını mişar daşı ilə hördürmüşdür. Bu hərəkətləri ilə cavabdeh onun mənzilinin bir hissəsi olan və mətbəx kimi istifadə etdiyi balkonu zəbt etmiş və ora yığışmışdır. Beləliklə, cavabdeh məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsində və qeyd olunan icra vərəqəsində cavabdehin həmin mənzilin balkonuna yığışması nəzərdə tutulmamışdır. Mənzilin əsas girişi uzun müddət bundan qabaq mənzilin ondan əvvəlki sahibi tərəfindən, yəni 2005-ci ildə öz razılığı ilə bağlanmış, balkon qəzalı vəziyyətdə olduğu üçün təmir işləri aparmış, balkonu mətbəx halına salmış və küçəyə balkondan qapı açmışdır. Onun qonşuları həmin mənzili balkonu ilə birlikdə 2005-ci ildə aldığını bildirmişlər. O, həmin balkondan uzun müddət mətbəx kimi istifadə etmişdir. Qeyd olunduğu kimi məhkəmə qətnaməsində cavabdehin onun mənzilinin balkonuna (hal-hazırda mətbəx kimi istifadə etdiyi balkona) yığışması nəzərdə tutulmamışdır. O, alfa-talasemiyya xəstəsidir, eyni zamanda, ikinci qrup əlil və şəkər xəstəsidir. O, hal-hazırda nə mənzilinə daxil ola bilir, nə də ondan istifadə edə bilir. Çünki qapı və pəncərələr bağlandığından mənzilə girmək, pəncərələrdən istifadə etmək mümkün deyil. Onun mülkiyyət hüquqları Cavabdeh tərəfindən kobudcasına pozulur, cavabdeh onu təhqir edir, hədələyir və insana yaraşmayan hərəkətlər edir. Öz qanunsuz hərəkətləri ilə cavabdeh ona həm də maddi ziyan vurmuşdur. Belə ki cavabdehin qanunsuz hərəkətləri nəticəsində, yəni onun DƏDRX-nin ona verdiyi çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi bina 6, 13 nömrəli mənzilin qapı və pəncərələrinin sökülməsi və mişar daşı ilə hörülməsi, mənzilin balkonunun cavabdeh tərəfindən zəbt edilməsi nəticəsində o, maddi ziyan çəkmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi bina 6, 13 nömrəli mənzilin qapı və pəncərələrini öz vəsaiti hesabına açmalı, bərpa edərək əvvəlki vəziyyətinə gətirməli və həmin mənzilin zəbt etdiyi balkon hissəsindən çıxmalı və balkon sökülməlidir. Çünki cavabdeh həmin balkonu qeyri-qanuni tikinti adlandırır. Bir daha qeyd edir ki, məhkəmə qətnaməsində cavabdehin həmin balkona köçürülməsi nəzərdə tutulmamışdır, ondan əvvəlki mülkiyyətçi mənzilini genişləndirmək məqsədilə mətbəxi balkona keçirmişdir. O isə həmin mənzili 2005-ci ildə mənzili hazırkı vəziyyətdə, yəni balkonu ilə birlikdə almışdır.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023 saylı 09 fevral 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi 6 saylı evin 13 saylı mənzilinə dair mülkiyyət hüquqlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə Cavabdeh mənzilə aid balkon sahəsindən çıxmaması maneçilik törədir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023 saylı 09 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməkdə düzgün olmayıb. Belə ki, əvvəla iddiaçı tərəfin sökülməsini tələb etdiyi ərazinin onun mülkiyyətinin giriş hissəsinə heç bir aidiyyəti yoxdur və iddiaçının belə bir tələbə heç subyektiv hüququ da yoxdur. Eləcə də yaşadığı tikili iddiaçının mülkiyyətinə keçmiş mənzilin daha əvvəlki mülkiyyətçisinin dövründən mövcuddur. Yaşadığı tikilinin iddiaçının mülkiyyətinə mane olmadığı, onun mənzilinin girişinin qarşısında olmadığını təsdiq edən ekspert rəyi mövcuddur və mənzilin texniki pasportundan da bunu görmək olar. İşin halları onu göstərir ki, birinci instansiya iş üzrə əsaslı araşdırma aparmamış, təqdim edilmiş sübutları düzgün tətdqiq etmədən iddianın təmin edilməsi qərarını vermişdir. Məhkəmə iddiaçının mənzilinin vaxtı ilə yataqxana olmasını və həqiqi ərazisinin 18 kvadrat metr olmasını, girişin əks tərəfdən olmasını araşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, mülkiyyətində olan mənzil bir otaqlıdır, iki pəncərə və açıq balkondan ibarətdir. İki pəncərəsi və açıq balkonun qapısını hörərək mətbəx halına salınmış açıq balkonda məskunlaşıb. Bundan böyük maneəçilik yoxdur. Belə olan halda mənzil hüquqları kobudcasına pozulur. Cavabdeh onun mülkiyyət hüquqlarına maneə olmaqla bərabər öz mənzilində yaşamaq hüququndan da məhrum edib. Pəncərəsiz, qapısız və balkonsuz mənzildə yaşamaq olarmı?...Cavabdeh onun mülkiyyətində olan mənzilin 18 kv.m. olmasını qeyd edir. Onun mülkiyyətində olan mənzil texniki pasportda və çıxarışda göstərildiyi kimi 32,34 kv.m-dir. Texniki pasport və çıxarış təqdim edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 2019-cu ildən onlar bu məhkəmələrdədir. Məhkəmələr davam edə-edə iddiaçı evi qardaşının adına keçirdi. Onlar Malikə aid olan evi qarşı tərəfə təhvil veriblər. Mübahisəli ərazi çox balaca yerdir, balkon deyil. Nəvələri həmin balaca yerdə yaşayır. Təmin tikilini o, qızının cehizi əvəzində tikdirmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, həmin artırma qeyri-qanuni olsa icra hakimiyyətinin, mənzil-istismar idarəsinin razılığı ilə tikilmiş yerdir. Qətnamə ilə cavabdehlərin mənzildən çıxarılma məsələsi həll edilmişdir, 32 kv.m sahənin bu məsələyə aidiyyəti yoxdur. İddiaçı texnikipasport alan zaman hörülmüş pəncərələr orada nəzərdə tutulmuşdu. Mənzilən çıxarılma ilə bağlı icra icraatına xitam verilmişdir. Bina əvvəldən tikilən zaman qarşısında qapısı və pəncərələri də olmuşdur, hansıkı iddiaçı tərəfindən hörülmüşdür. Əgər qapı və pəncərə açmaq lazımdırsa özü hördüyü qapı və pəncərəni açsın. Balkonun iddiaçıya aidiyyəti yoxdur. İş materiallarında mövcuddur ki, həmin yataqxana əvvəlcə 16 kv.m sahə olmuşdur, daha sonra cavabdeh tərəf gəlin köçən zaman orada genişləndirmə işləri aparılmışdır, bütün xərclər cavabdehin valideynləri tərəfindən çəkilmişdir. Hazırda həmin sahə ayrıca tikilini çıxmaqla 40 kv.m sahədir, onun 32 kv.m-i 2021-ci ildə çıxarışa salınmışdır. Eyni zamanda həmin mənzilə paralel olaraq pəncərənin arxa hissəsi də tikilmişdir, oranın sahəsi təqribi 20 kv.m sahədir. Yəni onlar 16 kv.m-lik mənzilə köçən zaman cavabdeh tərəf genişləndirmə işləri aparmışdır. Tikilinin əvvəlcədən tikildiyi mənzi-istismar idarəsinin arayışı ilə sübut olunur. Pəncərədən sonra daha iki otaq vardır, pəncərə açılsa belə ora gün işığı düşməyəcəkdir. Daha sonra həmin evin məhkəmə qətnaməsi ilə boşaldılması ilə bağlı qətnamənin icrası ilə əlaqədar icra tərəfindən cavabdeh həmin mübahisəli sahəyə köçürülmüşdür. İddiaçının mənzilinə gün işığının düşməsi üçün o tikili tamamilə sökülməlidir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Onlar evi alanda balkonu var idi. Balkon hazırda cavabdehin istifadəsindədir. O, evi alan zaman balkondan istifadə edirdi. Evdən çıxarılma ilə bağlı qətnamənin icrası zamanı cavabdeh tərəf vaxt istədi, bu müddət ərzində cavabdeh balkonla evin arasındakı pəncərə və nəfəslikləri hördülər və bu əraziyə yığışdılar. Balkon qeyri-qanuni tikilidir. Onun evinin pəncərələri hörülübdür, orada hava yoxdur. Onlar mənzildən çıxarılma ilə bağlı iddianı qaldırarkən cavabdehin balkona yığışacağını düşünmədi. Əgər pəncərə hörülübsə və ona görə də evinə işıq, hava daxil olmursa bu ona maneəçilik törətmirmi? Mənzilən çıxarılma ilə bağlı icra icaatı zamanı tərtib olunmuş akt ona təhvil verilməmişdir, o, akta imza çəkməmişdir. Cavabdeh tərəf bildirir ki, pəncərənin qabağında daha iki otaq vardır, halbuki bu düzgün deyildir. Ondan əvvəlki mülkiyyətçi 1.80 sm enində yuxarıya doğru hörmüş və ortada 3 pəncərə yeri qoymuşdur. O, alandan sonra pəncərə və qapıları qoyub. Hörülmüş pəncərə və qapı açılsa otağın içinə açılacaqdır. Balkon texniki pasportda nəzərdə tutulmamışdır. Cavabdehlərin mənzildən çıxarılma ilə bağlı məhkəmə qətnaməsində həmin balkon nəzərdə tutulamışdır. Pəncərə və qapı 2020-ci ilin mart ayının 2-də hörülmüşdür. Oğlu ilə cavabdeh birgə yaşadıqları dövrdə 18 kv.m yaşayış və qalan yardımçı sahədə yaşayırdılar. Videoçəkilişdə göstərilən otaqda cavabdehlə oğlu yaşayırdı. Cavabdeh tərəfin zəbt etdiyi sahə qanunsuz tikili olduğuna görə o, çıxarılma ilə bağlı tələb irli sürə bilmir, ona görə də tikilinin sökülməsi ilə bağlı tələb irəli sürüb.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 23.11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 24.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 25.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 26.180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 27.180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

28.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Beləliklə iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-679/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ünvan 1 ünvanında yerləşən 13 nömrəli ümumi sahəsi 32.34 kv.m olan mənzildən məcburi qaydada çıxarılması və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ tərəfindən xx.xx.2020-ci il tarixində tərtib edilmiş inventar nömrəsi 04/3908 olan texniki pasport sənədində öz əksini tapmadığından mübahisəli balkon tikilisinin iddiaçının mülkiyyətində olan 13 nömrəli mənzilə aid olmadığı müəyyən edilir. Beləliklə də hazırki mülki işin predmeti Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-679/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə çıxarılması qət edilən sahə ilə əhatə olunmur. Cavabdehin yaşadığı və iddiaçının mülkiyyətində olan mənzildən istifadəsinin məhdudlaşdırılmasına səbəb olduğu yaşayış sahəsi hüquqi rejiminə görə özbaşına tikilidir.

31. Həmin rejimin hüquqi əsasını tənzimləyən maddələrin məzmunundan isə görünür ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

32. İstinad edilən maddələrin məzmunundan göründüyü kimi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir. Bununla belə, həmin tikilinin sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmə ilk öncə “subyektiv hüquq”a malik olma kontekstində aparılmalıdır. Bu həm də özbaşına tikinti və onun nəticələrini müəyyən edən müvafiq qanunun müddəalarından irəli gəlir, çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə bu cür tələbi irəli sürmək hüququna malik olan subyektlərin dairəsi müvafiq icra hakimiyyəti orqanı və ya “maraqlı tərəf”lə məhdudlaşdırılmışdır

33. Beləliklə, məhkəməyə göstərilən məzmunlu iddia ərizəsi ilə müraciət edən şəxsin “maraqlı tərəf” sayılması qanunvericilikdə məhz tikilinin onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasının təsdiq edilməsi ilə şərtləndirilməlidir, tikili qanunvericiliyin tələblərinə cavab verməsə belə, şəxs yalnız bu zaman həmin tikilinin sökülməsini tələb etmək hüququ qazanır. Beləliklə iddiaçının “maraqlı şəxs” sayılması üçün mübahisələndirilən tikilinin mövcudluğu onun hər hansı hüququnun, azadlığının və ya qanuni marağının pozulması ilə nəticələnib-nəticələnmədiyi müəyyən edilməlidir.

34. Apellyasiya şikayətində göstərilən dəlillər üzrə mübahisəli məsələlərin araşdırılması məqsədilə məhkəmə kollgiyası tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4462 saylı və xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9959 saylı rəylərinə əsasən aşağıdakılar müəyyən edilmişdir.

35. Hörülmüş vəziyyətdə olan pəncərələrin və qapıların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 04/3908 olan Texniki Pasport sənədində öz əksini tapdığı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq İcra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1,4.2. bəndinin tələblərinə uyğun quraşdırıldığı müəyyən edilir.

36. Hazırda hörülmüş vəziyyətdə olan pəncərələr, qapı və həmin tərəfdən tikili (balkon) Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 04/3908 olan Texniki Pasport sənədində göstərilən 1 və 3 saylı tikililərin qarşısında olduğu müəyyən edilir. Cavabdehin çıxarılması tələb olunan tikili (balkon) iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aki Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 04/3908 olan Texniki Pasport sənədində öz əksini tapmadığından, həmin balkon tikilisinin iddiaçının mülkiyyətində olan 13 nömrəli mənzilə aid olmadığı müəyyən edilir. Həmin balkonun inşa edilməsinə dair müvafiq qurumlar tərəfindən icazəverici sənədləri mövcud deyildir, həmin tikilinin tikintisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1, 4.2. bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir.

37. Pəncərələr (qapı) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilinə dair tərtib olunmuş layihədə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 04/3908 olan Texniki Pasport sənədində nəzərdə tutulduğu müəyyən edilir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilə dair tərtib edilmiş Texniki Pasport sənədi ilə mövcud vəziyyət arasında müqayisəli tədqiqat aparılan zaman, Texniki Pasportda göstərilən 1 saylı yaşayış otağı tikilisinin pəncərə boşluqlarının kərpic vasitəsilə hörüldüyü müşahidə edilir. Həmin pəncərələrin və qapıların bağlanması və başqa bir yerdən açılması texniki cəhətdən mümkün deyildir.

38. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 04/3908 olan texniki Pasport sənədində göstərilən 1 saylı yaşayış otağından həyətə tərəf açılan pəncərənin qarşısında inşa edilmiş hasar həmin yaşayış otağına düşən təbii işığın qarşısını tamamilə kəsir ki, bu da Tikinti Norma və Qaydaları 2.08.01.89*-un bəndinin tələblərinə zidd olduğu müəyyən olunur.

39. Beləliklə mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının nəticələrinə görə müəyyən edildiyi kimi mübahisə predmeti olan özbaşına tikili iddiaçının qanunla qorunan maraqları və hüquqlarının pozulmasına səbəb olur. Çünki inventar nömrəsi 04/3908 olan Texniki Pasportda pəncərə kimi göstərilmiş boşluqlar hazırda kərpic vasitəsilə hörülmüş vəziyyətdədir və mübahisəli tikilinin (balkonun) Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilin qarşısında olduğu müəyyən edilir. Həmin pəncərələrin və qapıların bağlanması və başqa bir yerdən açılması texniki cəhətdən mümkün deyildir. Belə vəziyyətdə də yaşayış otağından həyətə tərəf açılan pəncərələrin qarşısında inşa edilmiş tikili, həmçinin bu pəncərələrin hörülmüş vəziyyətdə olması həmin yaşayış otağına düşən təbii işığın qarşısını tamamilə kəsir ki, bu da Tikinti Norma və Qaydaları 2.08.01.89*-un bəndinin tələblərinə ziddir.

40. Belə olan halda kollegiya işin hallarına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlir ki, iddiaçının “maraqlı şəxs” sayılmasını, mübahisəli tikilinin sökülməsini tələb etmək hüququnu qazanmasını şərtləndirən müvafiq əsaslar mövcuddur, hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları və hüquqları pozulmuşdur, beləliklə də cavabdehin əmlak və mənzil hüquqlarına dövlət tərəfindən müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır və müdaxilənin mütənasibliyi baxımından mümkündür.

41. İddiaçının da mülkiyyətçi olaraq məqsədi, əmlakdan istifadə səlahiyyətlərinin həyata keçirilməsində maneələrin aradan qaldırılması haqqında cavabdehə qarşı yönəlmiş iddia ilə cavabdehin hüquqa zidd davranışına son qoyulmasından, pozulmuş hüquqlarının bərpa edilməsindən ibarətdir. Bu iddianın verilməsi ilə üç məqsəd güdülür: birincisi, hüququ pozan hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Belə ki, neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini sərbəst həyata keçirmək imkanı əldə edir.

42. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

43. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023 saylı 09 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar