Məhkəmə qərarları › İş №2(046)-66/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-66/2023

06.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-66/2023 06.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı X1 Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayonu Şıxbəy kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 3.67 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsinin boşaldılması və Cavabdeh1 tərəfindən çəkilmiş daş hasar barının şökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli 35 saylı qərarı ilə ona və ailə üzvlərinə 3.67 ha həyətyanı torpaq sahəsi verilmişdir. X3 Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş JN-0054 dövlət aktına əsasən Göyçay rayon Şıxbəy kəndində yerləşən ümumibirgə mülkiyyətdə olan 3.67 ha torpaq sahəsinə gediş-gəlişi təmin edən yol cavabdehlər tərəfindən qanunsuz olaraq öz torpaq sahəsinə birləşdirməklə zəbt etmiş və Cavabdeh1 həmin zəbt etdiyi torpaq sahəsinin sağ-sol tərəfini daş-barı çəkməklə bağlamışdır. Bu barədə Məlikkənd kənd Bələdiyyəsinə müraciət olunmuş, bələdiyyənin sədri tərəfindən yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən Göyçay rayonu Şıxbəy kəndində kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan torpaq sahəsinə gediş-gəlişi təmin edən yol cavabdehlər tərəfindən qanunsuz tutularaq özlərinə məxsus torpaq sahəsinə birləşdirməklə zəbt edilmişdir. Bu barədə tərəfindən Məlikkənd Bələdiyyəsinə müracət olunmuş, bələdiyyənin cavabına əsasən məhkəmə müraciət olunmağı göstərilmişdir. Bununla da onun və ailə üzvülərinin həmin torpaq sahəsi üzərində mövcud olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında X2 iddianı müdafiə edərək göstərmişdir ki, mülkiyyətində olan torpaq sahəsinə gedən yolun və həmin yolun üzərində Cavabdeh1 tərəfindən inşa edilmiş daş hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi bəldiyyə tərəfindən ona verilmiş torpaq sahəsidir, həmin torpaq sahəsini daş hasar vasitəsi ilə bağlamışdır. Hesab edir ki, həmin torpaq sahəsi onun istifadəsində olduğundan iddia rədd edilməlidir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsini zəbt etməmiş, həmin torpaq sahəsindən istifadə etmir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia, Cavabdeh1 qarşı qaldırılan hissədə təmin, digər cavabdehlərə qarşı qaldırılan hissədə rədd təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0054 nömrəli dövlət aktının surətindən görünür ki, Göyçay rayon Şıxbəy kəndində yerləşən 3.67 ha torpaq sahəsi İddiaçı X1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Elektron bazada mövcud olan AzCad məlumatlarına əsasən JN-0054 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.67 ha torpaq sahəsinin 1.7188 ha (JN-54A) hissəsi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 0.18 ha hissəsi üst-üstə düşür. Elektron bazada mövcud olan AzCad məlumatlarına əsasən JN-0054 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.67 ha torpaq sahəsinin 1.7188 ha (JN- 54A) hissəsində cavabdehin faktiki istifadəsində olana fərdi yaşayış evi, günlük və daş hasarın yerləşdiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. Baxış zamanı iddiaçının naturada göstərdiyi 2.13 ha torpaq sahəsində baxış zamanı cavabdeh tərəfindən faktiki istifadə olunan günlük və daş hasarın yerləşdiyi müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Göyçay rayonu Şıxbəy kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində göstərilən, ’’Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.67 ha torpaq sahəsinin 1.7188 ha (JN- 54A) hissəsinin koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sahələrinin koordinatları arasında uyğunsuzluq, konfiqurasiya və bucaq fərqləri mövcud olduğu üçün islahat layihəsinə uyğun olaraq araşdırma aparılması mümkün olmamışdır. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/3671 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən JN-0054 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.67 ha torpaq sahəsinin 1.7188 ha (JN-54A) hissəsi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 0.18 ha hissəsi üst-üstə düşür. Elektron bazada mövcud olan AzCad məlumatlarına əsasən JN-0054 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.67 ha torpaq sahəsinin 1.7188 ha (JN- 54A) hissəsində cavabdehin faktiki istifadəsində olana fərdi yaşayış evi, günlük və daş hasarın yerləşdiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Dövlət X4 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı X2 xüsusi mülkiyyətində olan Göyçay rayonun Şıxbəy kəndində yerləşən 3.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini iddia edir və cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması və çəkilmiş daş hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinin verilməsi üçün ekspertizası təyin edərək, müvafiq rəy almış, həmin rəylərə əsasən müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonun Şıxbəy kəndində yerləşən 3.67 ha torpaq sahəsinin ( torpaq sahəsi iki hissədən ibarətdir 1.7188+1.9557) 1.7188 ha hissəsinin 0.18 ha ölçüdə hissəsi Cavabdeh1 qanunsuz istifadəsindədir və Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinə gedən yolun üzərində daş hasar inşa edilmişdir. Bundan başqa digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq qanuni sahibliyində olan 3.67 ha torpaq sahəsinin ( torpaq sahəsi iki hissədən ibarətdir 1.7188+1.9557) 1.7188 ha hissəsində 0.18 ha hissənin Cavabdeh1 zəbt etməsi və həmin torpaq sahəsinə gedən yolun üzərində qanunsuz olaraq daş hasar inşa etməsi, iddiaçının həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X1 iddiası qismən təmin edilməli, Göyçay rayonu Şıxbəy kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-0054 nömrəli dövlət aktına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 3.67 ha torpaq sahəsinin ( torpaq sahəsi iki hissədən ibarətdir 1.7188+1.9557) 1.7188 ha hissəsinin 0.18 ha hissəsindən Cavabdeh1 çıxarılmalı və Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinə gedən yolun üzərində inşa edilmiş daş hasar cavabdehin hesabına sökülməlidir. Bundan məhkəmə baxışı zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmədiyi müəyyən edildiyindən, iddia onlaraq qarşı qaldırılan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabın ödənilməli. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Göyçay rayonu Şıxbəy kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN- 0054 nömrəli dövlət aktına əsasən iddiaçı X1 xüsusi mülkiyyətində olan 3.67 ha torpaq sahəsinin ( torpaq sahəsi iki hissədən ibarətdir 1.7188+1.9557) 1.7188 ha hissəsinin 0.18 ha hissəsindən Cavabdeh1 çıxarılsın. Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinə gedən yolun üzərində inşa edilmiş daş hasar cavabdehin hesabına sökülsün. İş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. İddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar