Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-71/2023 12.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı oğlu ilə birlikdə cavabdehlər Cavabdeh1 və X3 yaşadığı Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlamışlar. Birgə nikahlarından 17 iyun 2009-cu il tarixdə Nihad adlı uşaqları anadan olmuşdur. Toy mərasimi olduqdan sonra, cavabdehin yaşadığı Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə cehiz əmlaklarımla birlikdə gəlin köçmüş və faktiki ayrılana kimi Cavabdeh1 ilə bir evdə yaşamaqla birgə təsərrüfatı idarə etmişdir. Cavabdeh1la münasibətləri normal olmuş, sonradan münasiblərində dəyişiklər baş vermişdir. Göyçay rayon Məhkəməsinin 20 fevral 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 aralarında bağlanmış bağlanmış nikah pozulmuş və 17 iyun 2009-cu il tarixdə anadan olmuş Nihad onun himayəsində saxlanılmışdır. Ər-arvad münasibətləri kəsildikdən sonra, cavabdeh onu azyaşlı uşağı ilə yaşadığı və cehiz əmlaklarının yerləşdiyi evə buraxmamışdır. Yaşadığı evdən çıxdıqdan sonra, bir müddət azyaşlı uşağı birlikdə valideynlərinə məxsus evdə yaşamışdır. Lakin valideynlərinə məxsus evdə atası, anası, eləcə də qardaşının ailəsi yaşadığından çox darısqal bir şərait yarandığı üçün onlarla birlikdə yaşamağı mümkün olmamışdır. Ona görə də, övladı ilə birlikdə valideyinlərinə məxsus evi tərk edərək kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Hazırda uşağın zəruri ehtiyaclarını və digər xərcələrini ödəməklə yanaşı kirayə ödənişinin olunmasında çətinlik çəkir, bundan sonra cavabdehlə arlarında danışıqlar apararaq mənzillə bağlı köməklik etməyini bildirmiş, cavabdeh dəfələrlə ona vədd verərək övladı ilə birlikdə yaşamağı üçün onları mənzil ilə təmin edəcəyini bildirmiş, lakin cavabdeh bu günə kimi öz üzrəni götürdüyü vəddi yerinə yetirməmiş və oğlunun zəruri ehtiyacı ilə, eləcə də mənzil şəraiti ilə maraqlanmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh X5 tərəfindən İddiaya etiraz: İddiaçı Cavabdeh1 ilə rəsmi nigah qeyd etdirməklə ailə qurmuş, ailə qurduqdan sonra uzun müddət kirayədə yaşamışlar. Mübahisəli ev 2018-ci il tarixdə tikilmişdir. Həmin tərixədək İddiaçı Cavabdeh1 ilə kirayədə yaşamışlar. İddiaçı 2015-ci il tarixdə Cavabdeh1 ilə boşanmış, bu günə qədər ötən 7 il müddət ərzində ona qarşı heç bir iddia qaldırmamış, bununla da iddia müddətini ötürmüş, ümumiyyətlə 2018-ci il tarixdə tikilmiş evə iddiaçının heç bir hüququ yoxdur. Çünki iddiaçı həmin evdə yaşamamış, evin tikiməsindən 3 il əvvəl cavabdehlə boşanmışdır, hesab edir ki, ev 2018-ci il tarixdə tikildikdən sonra, cavabdeh öz əmlakları ilə birlikdə iddiaçıya da məxsus bəzi cehiz əmlakları kirayədə qaldığı evdən həmin evə gətirməsi, iddiaçının həmin evə istifadə hüququnun yaranmasına səbəb ola bilməz. Etiraza əlavə etdiyi Göyçay rayonu, Potu Bələdiyyəsinin 205-nömrəli, 07 sentyabr 2022-ci il tarixli arayışından göründüyü kimi Göyçay rayonu Ulaşlı- Şıxlı kənd sakini X1- Şıxlı kəndində yerləşən və mərhum həyat yoldaşı X6 adına sənədləşdirilən 0,10 ha torpaq sahəsində 2018-ci il tarixdə 1 (bir) mərtəbəli, 4 (dörd) otaqlı, 1 (bir) mətbəxdən ibarət yaşayış evi tikdirmiş, hal-hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Mübahisəli ev 2018-ci il tarixdə inşa edildiyindən, hesab edir ki, tərəflər arasında hüquq münasibəti 2018ci il tarixdə yaranmışdır. Həmin evə dair tərəflər arasındakı hüquq münasibətləri 2018-ci ildə yarandığından hazırkı mübahisəli hüquq münasibətinə həmin tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Yeni tikilən yaşayış evi hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamasına baxmayaraq cavabdehin həmin yaşayış evinə gözlənilən mülkiyyət hüququ vardır. İddiaçı uşağı ilə birgə Göyçay rayonu, Ulaşlı-Şıxlı kəndində yerləşən yeni tikilən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamış evə köçürülməsi cavabdehin mülkiyyət hüququnun pozulması deməkdir. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlər ilə birgə yaşadığı müddət ərzində azyaşlı oğlu ilə köçürülməsini istədiyi fərdi yaşayış evi ilə bağlı notarial qaydada ərizə vermişdir. Lakin ərizənin həmin fərdi yaşayış evinin özgəninkiləşdirilməsi ilə bağlı olduğunu bilməmişdir. Hazırda azyaşlı oğlu ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülməsini xahiş edir. İş üzrə cavabdeh X5 iddia ərizəsinə etirazda göstərdiyi xüsusatları müdafiə edərək göstərmişdir ki, iddiaçının azyaşlı uşağı ilə köçürülməsini xahiş etdiyi fərdi yaşayış evi 2012-ci il tarixdə iddiaçının razılıq ərizəsinə əsasən Cavabdeh1 tərəfindən başqa şəxsə bağışlanmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MA ******* nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində 0.0778 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı tərəfindən Göyçay rayon Notariat Kontorun ünvanlanmış reyestrdə 7E/06-4564 nömrə qeydi ilə qeydiyyata alınmış xx.xx.2012-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı əri Cavabdeh1 məxsus Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən 0.0778 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə razılıq vermişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 4Ə-331 nömrə qeydi ilə qeydiyyata alınmış bağışlanma müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyəti olan Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən 0.0778 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini X8 bağışlamışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Potu Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən və mərhum əri X6 adına sənədləşdirilən 0.10 ha torpaq sahəsində 2018-ci il tarixdə birmərtəbəli, dörd otaq, bir mətbəxdən ibarət yaşayış evi tikdirmiş, hal-hazırda ailə üzvləri ilə həmin evdə yaşayır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Cavabdeh1 ilə xx.xx.2008-ci il tarixdə nikah bağlamış və cavabdehlər Cavabdeh1 və X3 yaşadığı Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah xx.xx.2015-ci il tarixdə pozulmuşdur. Hal-hazırda iddiaçı 2008-ci il tarixdə gəlin köçdüyü, cavabdehlərlə birgə təsərrüfat apardığı Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə azyaşlı uşağı ilə köçürülməsini xahiş edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisə predmenti olan Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyəti kimi xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatı alınmışdır. İddiaçı xx.xx.2012-ci il tarixdə Göyçay rayon Notariat Kontoruna ərizə ilə müraciət edərək Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən 0.0778 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə razılıq vermişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdə bağışlanma müqaviləsi bağlanmış, Cavabdeh1 Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən 0.0778 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini X8 bağışlamışdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı azyaşlı uşağı ilə birlikdə köçürülməsini tələb etdiyi fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə razılıq ərizəsi əsasında özgəninkiləşdirilməsinə etirazı olmadığını bildirmiş, mübahisəli fərdi yaşayış evi xx.xx.2012-ci il tarixli müqavilə əsasında Cavabdeh1 tərəfindən başqa şəxsə bağışlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilə bilməz. Məhkəmə baxışı zamanı İddiaçı azyaşlı uşağı ilə birlikdə cavabdehlərə məxsus fərdi yaşayış evinə köçürülməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X4 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh X4 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-71/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-71/2023
12.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver