Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-744/2024 05.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evə köçürmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların azyaşlı övladları X9, X10 və X11 ilə birlikdə Göyçay RİHB-nın Qarabaqqal İƏD üzrə nümayəndəliyinin 08 nömrəli təsərrüfatbaşına qeydiyyat kitabının 87-ci səhifəsində 722 nömrə ilə qeydiyyata alınmış, qeydiyyatda olduqları fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən, uzun müddət istifadə etdikləri bələdiyyə mülkiyyətinə məxsus 1,5 ha torpaq sahəsi üzərində 2009-cu ildə fərdi yaşayış evi inşa etdirmişlər. Həmin tarixdən 2023-cü ilin noyabr ayına kimi sözügedən fərdi yaşayış evində ailə olaraq, birgə yaşamışlar. İddiaçı2 ilə 2013-cü ildə rəsmi nikaha girərək, ailə həyatı qurduqdan sonra o da həmin evə köçüb, yaşamağa başlamışdır. Həmin evdə yaşadıqları müddətdə birgə nikahlarından X9, X10 və X11 adlı 3 övladları dünyaya gələrək, onlar ilə birlikdə həmin evdə yaşamışlar. Həmin fərdi yaşayış evinə verilmiş 27-6-34-84 telefon nömrəsi bugünədək onun adınadır və xidmət haqqını o ödəyir. 2022-ci ilin iyun ayında cavabdehlərlə aralarında münaqişə yarandığı üçün Polis tərəfindən saxlanılaraq, Göyçay rayon Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsindən çıxıb evə qayıtdıqda, arvadı İddiaçı2 və 3 azyaşlı övladının o polis şöbəsinə aparıldıqdan sonra evdən qovulduğunu görmüşdür. Onları həmin evə qaytarmaq istədikdə cavabdehlər yenidən münaqişə yaratdıqları üçün bir müddət gözləmək qərarına gəliblər. Arvadı İddiaçı2 və 3 azyaşlı övladı qaynatasının evində yaşadığı halda o onlardan ayrı mübahisəli evdə qalmaq məcburiyyətində qalmışdır. Çünki, başqa yaşayış yeri olmamaqla yanaşı qaynatasının da evində onların ailə kimi birgə yaşamaqlarına şərait yoxdur. 2023-cü ilin sonlarına yaxın ailəsini geri qaytarmaq istədikdə, yenidən cavabdehlər tərəfindən münaqişə yaradıldı və bu dəfə onu da evdən qovublar. Bütün əşyaları hazırda köçmək istədikləri fərdi yaşayış evindədir və cavabdehlər qanunsuz və əsassız olaraq onları yaşamaq üçün tək yaşayış yerləri olan evə buraxmırlar. Anası Cavabdeh1 isə onların evə köçəcəyi halda özünü yandırmaqla hədələyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi,əlavə olaraq izahat verərək bildirdi ki,təmsil etdiyi şəxs mübahisəli evin inşa edilməsində iştirak etmiş,həmin yaşayış sahəsində qeydiyyatdadır,27 6-34-84 telefon nömrəsi onun adınadır.İstifadəsində olan torpaq sahəsində təsərrüfatla məşğul olmuş,mal-qara saxlamışdır.Atasından miras qalmış Göyçay şhəri S.Vurğun küçəsi 23 saylı evi Cavabdeh3 bağışlamışdır.Aralarında olan razılaşmaya görə cavabdehlər ona Göyçay rayonu Qarabaqqal kəndində yerləşən həmin yaşayış evini ona bağışlamalı idilər.Lakin bağışlama müqaviləsi bağlanandan sonra cavabdehlər ona evi bağışlamayacağını bildirdilər və üstəlik onu evdən qovmuşlar.Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,28 ha torpaq sahəsinin həmçinin İddiaçı1 məxsus olmasını iddiaçı bilməmiş,çünki sənədlər anası Cavabdeh1 İsrafil qızında olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq İddiaçı2 məhkəməyə gəlməmiş,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, onun 3 övladı var. Elvin əvvəllər pis vərdişlərə içkiyə meyilli olub. Evə hər gün gələndə spirli içki icib gəlirdi. Evin bütün ehtiyaclarını o ödəmişdir. Həmin evi vəfat edən oğlu Ülvi tikmişdir. Elvinin həmin evin tikilməsindən xəbəri belə olmayıb. Onun həmin evdə heç bir payı yoxdur. Elvinin pis vərdişlərinə görə onu evdən çıxartmışdır. 2016-cı ildən 2022-ci ilə qədər Elvin orada yaşayıb,onu ancaq söyüb təhqir edib. 2022-ci ilin iyun ayında Elvin evə sərxoş vəziyyətdə gəldi evdə ucadan səs küy salaraq onu təhqir etmişdir. Elvinin elə vəziyyətdə olduğuna görə o kənddə utandığına görə çölə çıxa bilmirdi. Elvinin ona etdiklərinə görə xəstəlik tapmışdır. Göyçay rayonu Qarabaqqal kəndində 0,28 ha torpaq sahəsi onlara verilmişdir.Mübahisəli evin 2/3 hissəsi həmin torpaq sahəsi üzərində,qalan 1/3 hissəsi isə Qarabaqqal Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş,demək olar ki,evin bir otağı Bələdiyyə torpağı üzərinə düşür.Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı etiraf etmədi , izahat verərək bildirdi ki,İddiaçı1 qardaşı Ülvi 2016-cı ildə vəfat etmişdir. Elvin 2013-cü ildə ailə qurmuşdur və 2015-ci ilədək ona məxsus Xırdalan şəhərində yerləşən evində ailəsi ilə birlikdə yaşamışdır. 2016-cı ildən Elvin işi ilə əlaqədar olaraq Göyçay rayonuna gələrək Qarabaqqal kəndində yerləşən evdə yaşamışdır. Torpaq sahəsi Cavabdeh1dir. Həmin torpaqda yerləşən evi isə Cavabdeh3 ilə əri Ülvi birlikdə tikmişdir. Həyətdə olan mal qara Ülvidən qalmışdır. Anası onunla yaşadığı üçün şəhərdə yerləşən evi Elvinə, kənddə yerləşən evi isə ona verməli idi. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı1 2007-ci ildən 2016-cı ilə kimi ona məxsus olan Xırdalan şəhərində yerləşən evində yaşayıb. Sonradan Elvin işi ilə əlaqədar olaraq Göyçay rayonuna gəlmişdir. Ülvi vəfat edəndən sonra Elvin həmin həyətdə olan mal qaraya və təsərrüfata sahiblik etmək istədi. Elvin həmin evə ailəsi birlikdə gələndə onlar özləri ilə heçnə gətirməmişdir. Qarabaqqal kəndində yerləşən evi 2006-cı ildə Ülvi tikmişdir. Elvinin həmin evin tikilməsində heç bir əziyyəti olmamışdır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddianı etiraf etmədi,izahat verərək bildirdi ki,İddiaçı2 qardaşı X13 bələdiyyəsinin sədridir.Bütün bu işlərin başında o durur.Belə ki,məhkəməyə təqdim edilmiş sənədlər saxtalaşdırılmış və iddiaçıların mənafeyinə uyğun olaraq verilmişdir.İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh2 məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 göstərdi ki,İddiaçı1 onun həm qonşusudur həm də qohumudur. Elvin təxminən 3 il bundan əvvəl ailəsi ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən evdə yaşayıb və orada təsərrüfatı olub. Həmin evdə mal qara saxlayıb. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 göstərdi ki, Elvin onun qonşusudur, həmdə dostluq münasibətləri var. Elvin təxminən 3 il bundan əvvəl ailəsi ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən evdə yaşayıb və orada təsərrüfatı olub. Mal qara saxlayıb. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 İddiaçı2 ilə nikahı Göyçay rayon RİHB-nın Qarabaqqal kən inzibati ərazi nümayədəliyində 06 fevral 2013-cü ildə 04 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü ildə X9,xx.xx.2016-cı ildə X10, xx.xx.2022-ci il tarixdə X11 adlı uşaqları anadan olmuşdur. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Qarabaqqal kənd inzibati ərazi nümayəndəliyinin 16 yanvar 2024-cü il tarixli arayışından görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı1, nümayəndəliyin Qarabaqqal kəndi ərazisində yerləşən onun və ailə üzvlərinin yaşadığı 2009-cu ildə inşa olunmuş 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evində Göyçay RİHB-nın Qarabaqqal İƏD-si üzrə nümayəndəliyin 08 nömrəli təsərrüfatbaşına qeydiyyat kitabının 87 səhifəsində 722 nömrəli təsərüffat üzrə Cavabdeh1 (qeyd olunan ünvanda), İddiaçı1 (qeyd olunan ünvanda), Cavabdeh2 (digər ünvanda), X14 (digər ünvanda), Cavabdeh3 (digər ünvanda), Cavabdeh4 (digər ünvanda), X7 (digər ünvanda), İddiaçı2 (qeyd olunan ünvanda), X9 (qeyd olunan ünvanda), Cavabdeh5 (digər ünvanda), X10 (qeyd olunan ünvanda) və X11 (qeyd olunan ünvanda) qeydiyyatları var. İddiaçı1 2023-cü ilin noyabr ayınadək həmin təsərrüfatda yaşamış və həmin təsərrüfatın istifadəsində olan təqribi 1,5 ha torpaq sahəsindən istifadə edərək kənd təsərrüfatı ilə məşğul olmuşdur. 2015-ci il tarixindən 2021-ci il tarixinədək İddiaçı1 həmin təsərrüfatda iri buynuzlu malqarada saxlamışdır. İşə əlavə edilmiş Göyçay rayon Qarabaqqal Bələdiyyəsiyinin 16 yanvar 2024-cü il tarixli arayışından görünür ki,Göyçay rayonu Qarabaqqal kənd sakini 1981-ci il təvəllüdlü İddiaçı1 və onun ailə üzvlərinin zəbt edilmiş 1,5 ha torpaq sahəsi vardır.Həmin torpaq sahəsi Qarabaqqal Bələdiyyəsinin kəndin perspektiv inkişaf torpağıdır. 2015-ci il tarixdən İddiaçı1 kənd təsərrüfatı məqsədi ilə həmin torpaq sahəsindən əkinçilik və bağçılıq kimi istifadə etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Aran Regional filialının Göyçay şöbəsinin 12 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Göyçay rayonu Qarabaqqal kənd sakini İddiaçı1nin həqiqətən istifadəsində ******* saylı telefon vardır və göstərilən xidmətlərin haqqı onun tərəfindən vaxtında ödənilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Göyçay X17 Mərkəzinin 09 aprel 2024-cü il tarixli arayışından görünür ki,Göyçay rayonu Qarabaqqal kənd sakini İddiaçı1 2019-2020-ci ilin əkin bəyanı zamanı ailəsinə məxsus Qarabaqqal kəndində yerləşən 309 nömrəli (kod ********) Dövlət aktı ilə verilmiş pay torpağında əkdiyi bağlar barədə bəyan vermişdir.Pay torpağı üç konturdan ibarətdir.309 D,309 Z və 0309 nömrəli konturlar.309D nömrəli konturda 0,2585 ha sahədə ənənəvi alça bağını,309Z nömrəli konturda 0,5173 ha sahədə ənənəvi xurma bağı saldığını bəyan etmişdir.0309 nömrəli konturda (0,2775 ha sahə) əkin barədə heç bir bəyan olmamışdır.2020-2021-ci əkin ilində də 2019-2020-ci əkin ilində etdiyi bəyanı təkrar etmişdir.Bu fermerin 2021-ci ildən 2024-cü ili naprel ayınadək əkin bəyanı barədə «X6 İnformasiya Sistemin»də məlumat yoxdur. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair KOD 40806018, JN-303 F saylı şəhadətnamənin surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 17 sentyabr tarixli 42 nömrəli qərarı ilə Cavabdeh1 İsrafil qızına, X8, İddiaçı1 və X3 Göyçay raonu Qarabaqqal kəndində 0,28 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı1 dövlət rüsumu üçün 100 manat məbləğində pul ödəmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 27.1,27.2,27.3-cü maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ və servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.4-ci maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Müəyyən edilmişdir ki,Göyçay rayonu Qarabaqqal kəndində 0,28 ha torpaq sahəsi JN-303F (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli qərarı ilə Cavabdeh1 İsrafil qızı,X12,İddiaçı1 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir.Cavabdeh1 İsrafil qızının izahatına görə həmin evin çox hissəsi (2/3 hissəsi) ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində ,qalan (1/3) hissəsi isə Qarabaqqal Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.X17 Mərkəzinin 09 aprel 2024-cü il tarixli arayışına görə İddiaçı1 təxminən 1,06 ha sahədə (0,2585 ha+0,5173ha+0,2775 ha) alça,xurma bağları salmış,əkin barədə 2019-2021-ci illər ərzində bəyan etmişdir.Qarabaqqal Bələdiyyəsinin arayışına görə təxminən 1,5 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin qanunsuz istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən etmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və sair əsas kimi göstərilmişdir. Məhkəmə nəzərə alır ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,28 ha torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə 06 iyul 2006-cı ilədək (06 iyun 2004-cü ildə) verilmiş,İddiaçı1 həmin torpağın həmmülkiyyətçisidir,həmin torpaq sahəsinin üstündə olan hər şeydən,həmçinin inşa edilmiş evdən istifadə edə bilər (Mülki Məcəllənin 238.3-cü maddəsi.), həmin ev barəsində onun mülkiyyət hüquqlarının real gözləntisi vardır. Məhkəmə hesab edir ki,İddiaçı1 torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına haqq qazandıran qanuni əsaslar olmadığından,pozulmuş hüquqları bərpa edilməli,onun mübahisəli evə köçürülməsi tələbi təmin edilməlidir. Digər İddiaçı2 münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası),Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə evdən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətlərinin 2016-cı ildə yarandığı zamanı xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin müddəalarına əsasən mübahisə həll edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki,iddiaçılar etibarlı nikah münasibətlərində olduğundan,İddiaçı2 əri torpaq sahəsinin mülkiyyətçisi İddiaçı1 ailə üzvü olaraq həmin torpaq sahəsinin üzərində olan yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olmuşdur. Elektron məhkəmə informasiya sistemindən əldə əlunmuş məlumat əsasında müəyyən edilir ki, iddiaçıların özlərinə məxsus ayrıca yaşayış evləri (mənzilləri) yoxdur. Məhkəmə bu halı nəzərə alaraq qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iddiaçıların reyestrdə qeydiyyata alınmayan (onların reyestrdə qeydə alınmayan başqa yaşayış yerlərinin olması iş materialları ilə də müəyyən olunmur) yaşayış yerlərinin olmamasını, habelə iddiaçıların köçürülməsi barədə gəldiyi nəticəyə əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçıların yetkinlik yaşına çatmayan uşaqları da mübahisəli fərdi yaşayış evinə köürülməlidir Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 100 manat məbləğində pul alınaraq İddiaçı1 qaytarılmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 övladları ilə birlikdə Göyçay RİHB-nın Qarabaqqal İƏD üzrə nümayəndəliyinin 08 nömrəli təsərrüfatbaşına qeydiyyat kitabının 87-ci səhifəsində 722 nömrə ilə qeydiyyata alınmış fərdi yaşayış evinə köçürülsünlər. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-744/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-744/2024
05.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver