Məhkəmə qərarları › İş №2(046)-763/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-763/2025

29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-763/2025 29.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmməova Ayşən Valeh qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Göyçay rayon İcra və Probasiya şöbəsinin Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Göyçay rayon İcra və Probasiya şöbəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək elektron nəzarət vasitəsinin dəyəri olan 2277 manat 40 qəpik vəsaitin Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki müvafiq hesabına ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin 1(046)- 68/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2 və və 177.2.3-cü maddələri ilə (özgənin əmlakını gizli yolla talama) təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur. Hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Göyçay rayon icra və probasiya şöbəsinə daxil olmuş (sabiq böyük icra məmuru Anar Zeynalov), məhkum Fuad Məmmədova xx.xx.2023cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, bu məqsədlə “Attenti” markalı bir ədəd 35630397 nömrəli mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq ona işlək vəziyyətdə təhvil verilmiş, habelə məhkuma cəza çəkdiyi müddət ərzində həmin vasitədən istifadə qaydaları, o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan (məhkum Cavabdeh) tutulacağı barədə xəbərdarlıq olunmuş, bu barədə sabiq böyük icra məmuru Anar Zeynalov tərəfindən müvafiq protokol tərtib edilmişdir. Buna baxmayaraq sözügedən elektron nəzarət vasitələri (mobil nəzarət qurğusu) yararsız vəziyyətdə məhkum Cavabdeh təhvil alınmışdır (və ya itirmişdir). Bundan sonra həmin elektron nəzarət vasitələrinin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin Rəqəmsal monitorinq idarəsinə göndərilmiş, texniki rəyin nəticəsinə əsasən mobil nəzarət qurğusundan düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlərin sıradan çıxması və istifadəyə tam yararsız olması qeyd edilmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277 manat 40 qəpik təşkil etdiyi bildirilmişdir. Bundan sonra məhkum Cavabdeh bildiriş göndərilərək elektron nəzarət vasitəsinin dəyərinin 2277 manat 40 qəpik məbləğində pulun müvafiq bank hesabına ödənilməsi təklif olunsa da, hazıradək vurulmuş zərərin əvəzi ödənilməmişdir. Cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətli yanaşmaması nəticəsində elektron nəzarət vasitəsini zədələmiş (və ya itirilmiş) və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia ərizəsində bir ədəd nömrəli mobil nəzarət qurğusunun səhv olaraq 35630397 nömrəli göstərilməsini nəzərə alıb, “Attenti” markalı bir ədəd nömrəli mobil nəzarət qurğusunun ******* nömrəli olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, elektron nəzarət vasitəsi işləməyəndə probasiya şöbəsinə gedib icra məmuruna təhvil vermiş və icra məmuru onu yenidən dəvət edəcəyini və yeni qolbağ tədbiq edəcəyini bildirmişdir. O, cəzasını cəkib qurtarmış və 01 il müddəti keçdikdən sonra ünvanına məktub gəlmiş və dəymiş ziyan tələb edilmişdir. Elektron nəzarət vasitəsinə onun tərəfindən müdaxilə edilməmiş, qurğuda texniki nasazlıq olmuşdur.İddianın təmin edilməməsini xahiş etdi. İş üzrə tərəfləri dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş qanuni qüvvədə olan Göyçay Rayon Məhkəməsinin 1(046)- 68/2022 saylı, 30 noyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Cavabdeh cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitələrindən istifadə qaydaları izah edilərək ona 01 ədəd mobil nəzarət qurğusu, 01 ədəd mobil qurğunun enerji adapteri, 01 bir ədəd elektron qolbaq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarından istifadə qaydaları cavabdehə izah edilmiş və üzərində gəzdirdiyi, istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında 03 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qolbağ ilə əlaqə saxlayan antena pinləri qoparılıb istifadə qaydalrına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyil və istifadəyə tam yararsız olması göstərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2025-ciil tarixli, 3/513 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş elektron nəzarət qurğusu istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş elektron nəzarət qurğusunun yan səthlərində rəyin tədqiqi hissəsində təsvir edilən qırılma zədələri vardır. Elektron nəzarət qurğusunun yan səthləri fiziki qüvvənin təsiri nəticəsində bağlama yerlərindən qırılmışdır. Ekspertiza tədqiqatının dəyəri 64 manatdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu» haqqında Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, qanuni qüvvədə olan Göyçay Rayon Məhkəməsinin 1(046)-68/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmə əsasən onun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Cavabdeh ona tətbiq olunmuş 2277 manat 40 qəpik dəyərində olan elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlanılması üçün ona lazımi qaydada xidmət etmədiyindən, elektron nəzarət vasitəsi istifadəyə tam yararsız vəziyyətə düşmüş, nəticədə mülkiyyətçi Azərbaycan Respublikası Ədliyyə nazirliyinə maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçı Azərbaycan Respublikası Ədliyyə nazirliyinə maddi zərərin vurulması müəyyən edildiyindən, zərərvuran Cavabdeh iddiaçı Azərbaycan Respublikası Ədliyyə nazirliyinə dəymiş maddi zərərin əvəzi olaraq 2277 manat 40 qəpik məbləğində pul ödəməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinin həll edilməsinə gəldikdə, məhkəmə nəzərə alır ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə nazirliyi dövlət rüsumunu ödəməkdən azad edilmiş, iddiası təmin edilmişdir. Belə olan halda ödənilməli olan dövlət rüsumu və ekspertiza xərci cavabdehdən dövlət gəlirlərinə alınmalıdır. İddianın qiyməti 2277 manat 40 qəpik olduğundan, tutulmalı olan dövlət rüsumu 42 manat 77 qəpik məbləğində müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 2277 manat 40 qəpik məbləğində pul alınaraq iddiaçı Azərbaycan Respublikası Ədliyyə nazirliyinin X1 hesabına ödənilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 42 manat 77 qəpik və 64 manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar