Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-787/2022 31.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində 03 iyun 2021-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvləri olan xx.xx.2006-cı il təvvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, xx.xx.1965-ci ildə Göyçay şəhərində anadan olmuşdur, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyyatdadır. 2005-ci ildə ailə qurmuş, arvadı X2 şəxsi və cehiz əmlakı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçərək orada birgə yaşamışlar. Birgə nikahlarında iki uşaqları anadan olmuşdur. Bir neçə ay bundan öncəyədək cavabdehlərlə birgə mübahisəli fərdi yaşayış evində mehriban yaşasalar da, sonradan cavabdehlərin ona və ailə üzvlərinə qarşı münasibəti dəyişmiş aralarında mübahisələr baş vermişdir. Bu mübahisədən sonra qardaşı Cavabdeh2 və bacısı Cavabdeh3 onu və ailə üzvlərini qeyd edilən evdən çıxarmışlar. Həmin gündən sonra daimi yaşayış yeri olmamışdır. Qeyd edir ki, mübahisəli fərdi yaşayış evini mərhum atası inşa etmiş, həmin evdə doğulduğu vaxtdan cavabdehlərin onu evdən çıxardığı vaxtadək yaşamışdır. Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən həmin fərdi yaşayış evi Göyçay İHB-nın İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyinin təsərrüfatbaşına kitabında qeydiyyatda olsa da, xüsusi mülkiyyət kimi qeydiyyata alınmamışdır. Ailə üzvləri olan arvadı X2, oğlu X5 və oğlu X4 da mübahisəli fərdi yaşayış evində qeydiyyatdadılar. Dəfələrlə ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinə köçmək istəsə də cavabdehlər buna imkan verməmiş, nəticədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, mübahisəli fərdi yaşayış evi mərhum atası Rza Hacıyev tərəfindən inşa edilmiş, o, eləcə də digər bacı və qardaşları həmin evdə böyüyüb başa çatmışlar. Hazırda həmin evdə o, bacısı Cavabdeh3, anası Cavabdeh1 yaşayır. İddiaçı doğulduğu vaxtdan, ailə üzvləri isə 2005-ci ildən bir neçə ay öncəyədək mübahisəli evdə onlarla birlikdə yaşamış, təsərrüfatı idarə etmişlər. Lakin aralarında mübahisə olduğu üçün iddiaçını və ailə üzvlərini həmin fərdi yaşayış evindən çıxarmışlar. İş üzrə Cavabdeh3 iddianı qəbul etmədi və Cavabdeh2 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Cavabdeh1 əvvəlki məhkəmə iclasında iddianı qəbul edərək göstərmişdir ki, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onun övladlarıdır. Cavabdeh2 və Cavabdeh3 İddiaçı Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evində yaşamasına icazə vermirlər. İddiaçı, Cavabdeh2 və Cavabdeh3 anadan olduqları gündən həmin evdə yaşamışlar. İddiaçının mübahisəli fərdi yaşayış evinə köçərək yaşamasına etiraz etmir. Məhkəməyə təqdim edilmiş Göyçay İHB-nın İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini Cavabdeh1 nümayəndəliyin 16 nömrəli təsərrüfatbaşına kitabın 14-cü səhifəsində adına 0.11 ha həyətyanı torpaq sahəsi və həmin sahədə fərdi yaşayış evin olması qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2, İddiaçı, Cavabdeh3 və Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə tərəfləri dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum X9 Hacıyevanın birgə nikahından İddiaçı, Cavabdeh2 və Cavabdeh3 anadan olmuşdur. Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi Göyçay İHB-nın İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 nömrəli təsərrüfatbaşına kitabında Cavabdeh1 adına qeydə alınsa da, lakin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı anadan olduğu vaxtdan, ailə üzvləri isə 2005-ci il tarixdən mübahisəli fərdi yaşayış evində cavabdehlərlə aralarında yaşanmış mübahisəyədək, yəni hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildiyi günədək mübahisəli fərdi yaşayış evində yaşamışdır. Həmçinin İddiaçı, ailə üzvləri – arvadı X2, oğlu - X5 və qızı - X1 rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar. İddia tələbindən görünür ki, İddiaçı yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçmək istəyir. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında hüquq münasibətləri 1965-ci ildə yaranmışdır. Məhkəmə hesab edir ki, həmin dövrdə hazırki mənzil mübahisəsini nizama salan normativ hüquqi akt olmadığından, yaranmış mübahisə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). «R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı övladları ilə birlikdə köçmək istədiyi mübahisəli fərdi yaşayış evində cavabdehlər tərəfindən hüququ pozulduğu günədək yaşamış, sonuncuların qanunsuz hərəkətləri nəticəsində yaşadığı evdən məhrum edilmişdir. İddiaçının yaşayış hüququnun pozulması aşkardır, bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, övladları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ailə üzvləri olan xx.xx.2006-cı il təvvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid ediləmilidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ailə üzvləri olan xx.xx.2006-cı il təvvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qərarın İcrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-787/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-787/2022
31.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver