Məhkəmə qərarları › İş №2(046)-80/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-80/2021

27.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-80/2021 27.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, zəbt edilmiş torpaq sahəsindən çıxarılma və dövlət aktının qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində 27 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Xəlitli kəndində yerləşən mülkiyyətində olan 2.21 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin dövlət aktının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddia müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Göyçay rayonunun Xəlitli kəndində ona və ailə üzvlərinə 2,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüququ torpağın mülkiyyətə verilməsinə dair JN-298 saylı dövlət aktı(kod ********) təsdiq edir. X1 xaricdə işlədiyi üçün mərhum nənəsi X3 həmin torpaq sahəsini özü əkib-becərə bilməmiş və 2004-cü ildə torpaq sahəsini əkib becərmək üçün mərhum həmkəndliləri Əbülfət Məmmədovun istifadəsinə vermişdir. X4 torpaq sahəsində becərdiyi məhsuldan mərhum nənəsinə icarə haqqı kimi pay vermişdir. X5 01 aprel 2008-ci il tarixdə, bir müddət sonra isə Əbülfət Məmmədov vəfat etmişlər. Həmin vaxtdan torpaq sahəsindən cavabdeh istifadə edir, əkib-becərir, dövlət yardımını onun adına verilmiş kartla alır, lakin icarə haqqı vermir. Cavabdehdən torpaq sahəmizin qaytarılmasını tələb etsə də heç bir müsbət nəticəsi olmamış və mən bu məqsədlə müxtəlif orqanlara müraciət etmişdir. Müraciətləri araşdıran orqanlar ona mənə məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Bundan başqa həmin torpaq sahəsinə dair dövlət aktı da cavabdehdədir. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddiaçının göstərdiyi xüsusatları müdafiə etmiş, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini atası 20 il əvvəl almışdır. 20 ildir ki, həmin torpaq sahəsində taxıl bitkilərin əkibbecərirlər. Qeyd edilən torpaq sahəsinin dövlət aktı ondadır. Hesab edir ki, həmin torpaq sahəsi ona satıldığından dövlət aktıda onda qalmaldır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-298 saylı dövlət aktından görünür ki, Göyçay rayonu Xəlitli kəndində 2.21 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli rəydən və sxemdən görünür ki, JN-298 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.21 ha torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəylərinin verilməsi üçün xərci 128 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 2.21 ha torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 2.21 ha torpaq sahəsinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Xəlitli kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının qanuni sahibliyində olan 2.21 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı, JN- 298 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının əsli cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 128 manat məhkəmə xərci cavabdehdən tutularaq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Xəlitli kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-298 saylı Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2.21 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. JN-298 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının əsli cavabdehdən alınaraq İddiaçı verilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 128 manat məhkəmə xərci Cavabdeh alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar