Məhkəmə qərarları › İş №2(046)-804/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-804/2020

25.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-804/2020 25.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili X1, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Çayarxı kəndində Cavabdeh yaşadığı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxxxx 1991-ci il tarixdə rəsmi nikah qeyd edirməklə ailə qurmuşdur. Birgə nikahlarından uşaqları olmamışdır. xx xxxxxx 2016-cı il tarixdə Göyçay rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahda olan vaxt, yəni 2005-ci il tarixdə Göyçay rayonu Çayarxı kəndindən torpaq sahəsi almışlar. Həmin torpaqda əvvəl balaca qarğıdan dam tikib yaşamış, sonradan cavabdehlə birgə ev tikmişlər. Həmin evin qapı və pəncərələrini qardaşı pay olaraq vermiş, eləcə də qardaşı usta və fəhlələrə pul verməmək üçün şəxsən həmin evin tikintisində işləmişlər. Lotareya oynayıb pul yığaraq taxta və daş almış, həmin həyətdə çolpa saxlayaraq satmış, həmin çolpaların satışından əldə etdiyi gəliri evin tikintisinə sərf etmişdir. 2005-ci ildən xx xxxxxx 2020-ci il tarixədək həmin evdə, yəni Çayarxı kəndində yerləşən, cavabdehlə birgə nikah dövründə inşa edilmiş evdə yaşamış və cavabdeh onu həmin evə qeydiyyata salmışdır. Həmin evdə cehiz əşyalarının, bundan əlavə bir çox əmlaklarının olduğunu, 4 aydır ki, həmin evdən çıxdığını və qardaşıgildə yaşadığını, 2016-cı il tarixdə cavabdehlə nikahları pozulsa da, cavabdeh ilə həmin evdə birlikdə yaşadığını, 2020-ci ilin fevral ayının 17-də cavabdehlə aralarında mübahisə olduğunu, qardaşının evinə məcbur olub gəldiyini qeyd etmişdir. Mübahisəli fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Cavabdeh əziyyəti ilə tikdirdiyi evə qayıdıb rahat yaşamağa imkan verməmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkil X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək göstərmişdir ki, İddiaçı ilə xx xxxxxxxx 1991-ci il tarixdə nikaha daxil olaraq ilə qurmuşlar. Birgə nikahlarından övladları olmamışdır. Toy mərasimi olduqdan sonra, cavabdeh ona məxsus olan və Ucar rayonu Bərgüşad kəndində yerləşən evinə gəlin gəlmiş, bir müddət orada yaşadıqdan sonra, Göyçay rayonuna daimi yaşamaq üçün köçmək qərarına gəlmişlər. Bu məqsədlə Göyçay rayon Çayarxı bələdiyyəsinə müraciət edərək Çayarxı kəndi ərazisindən ona fərdi yaşayış evi inşa etmək məqsədi ilə həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Göyçay rayon Çayarxı bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli qərarı ilə ona Çayarxı kəndi ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmış, sözügedən torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilmiş, eləcə də digər hüquqmüəyyənedici sənədlər verilmişdir. Sözügedən torpaq sahəsində ailənin ümumi gəlirləri hesabına fərdi yaşayış evi inşa edilərək, iddiaçı ilə həmin evdə yaşamağa başlamışlar. İddiaçı ilə bir müddət inşa etdikləri evdə mehriban yaşasalar da, sonradan araların mübahisə düşmüş, nəticədə iddiaçı ona qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göyçay rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra, iddiaçı bir neçə ay qohumlarının evində qalsa da, sonradan birgə nikah dövründə inşa etdikləri evdə yaşamağa başlamışdır. İddiaçı 2020-ci ilin fevral ayına kimi onunla birgə mübahisəli evdə yaşamışdır. İddiaçının birgə nikah dövründə inşa etdikləri evə köçüb yaşamasına razıdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək izah etmişdir ki, nümayəndəsi olduğu Cavabdehla iddiaçı arasında bağlanmış nikah xx.xx.2016-ci il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Həmin vaxtdan 4 il müddət keçməsinə baxmayaraq, iddiaçı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürüldüyü üçün, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Çayarxı Bələdiyyə iclasının xx xxxx 2005-ci il tarixli 09 nömrəli qərarının surətindən görünür ki, Göyçay rayonu Çayarxı kəndində yaşayan Cavabdeh Çayarxı kəndi ərazisindən həyətyanı məqsədi ilə 0.06 ha torpaq sahəsinin satılması qərarı alınmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Çayarxı Bələdiyyəsi, Cavabdeh və Azərbaycan Respublikası DT və XK-nın Göyçay rayon şöbəsi arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Göyçay rayonu Çayarxı kəndi ərazisindən 0.06 ha torpaq sahəsi 366000 manata Cavabdeh satılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2005-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh 0.06 ha torpaq sahəsini alınması məqsədi ilə 366000 AZM-i Göyçay rayon Çayarxı Bələdiyyəsinin “Kapital Bank”ın Göyçay Filialında olan hesabına ödəmişdir. Məhkəməyə təqdim edilmiş torpaq sahəsinin sxematik planında görünür ki, Göyçay rayonu Çayarxı kəndi ərazisindən Cavabdeh ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin sərhədləri, döngə nöqtələri müəyyən edilmiş, Göyçay rayon Çayarxı Bələdiyyəsi və Azərbaycan Respublikası DT və XK-nın Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı Cavabdehla xx xxxxxxxx 1991-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ilə həyatı qurmuş, birgə nikahlarından övladları olmamışdır. Ailə münasibətlərində gərginlik yaşandığı üçün, iddiaçının tələbi əsasında Göyçay rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı ilə cavabdeh ailə qurduqları ilk vaxtlarda Ucar rayonu Bərgüşad kəndində, 2005-ci ildən 2020-ci ilin fevral ayına kimi isə Göyçay rayonunda yaşamışlar. Cavabdeh iddiaçı ilə nikahda olarkən, Göyçay rayonu Çayarxı Bələdiyyəsindən xx xxxxxx 2005-ci il tarixli alqı-satqı aktı əsasında Göyçay rayonu Çayarxı kəndi ərazisindən fərdi yaşayış evi inşa etmək məqsədi ilə 0.06 ha həyətyanı torpaq sahəsi almış, ailənin ümumi gəlirləri hesabına sözügedən torpaq sahəsində 2006cı ilin əvvələrində bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi inşa etmişdir. Mübahisəli fərdi yaşayış evində iddiaçı 2006-cı ildən, 2020-ci ilin fevral ayına kimi yaşamışdır. İddiaçı yaşadığı evdə qeydiyyatda olmaqla, cehiz əmlakları da hazırda mübahisəli fərdi yaşayış evindədir. 2020-ci ilin fevral ayında Cavabdehla İddiaçı arasında baş vermiş mübahisə zamanı, cavabdeh onu yaşadığı evdən çıxarmış və evə buraxmamış, bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 32.1-ci mаddəsinə əsаsən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müddafiə edilir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evi Cavabdehla İddiaçı birgə nikahları dövründə bələdiyyədən alqı-satqı yolu ilə əldə olunmuş torpaq sahəsində, onların birgə vəsaiti hesabına inşa edilmiş evdir. Həmin torpaq sahəsi və fərdi yaşayış evi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməməsi, daşınmaz əmlaklara İddiaçı və Cavabdeh istifadə və sahiblik hüquqlarını istisna etmir. Sərəncam vermək hüquqları isə həmin əmlaklara dair mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçdiyi vaxtdan yaranacaqdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyin tələbi baxımından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması həmin daşınmaz əmlak üzərində sərəncam verilməsinə məhdudiyyət yaratsa da, bu daşınmaz əmlak üzərində sahiblik və istifadə hüquqlarının praktiki olaraq həyata keçirilməsinə hər hansı bir məhdudiyyət yaratmır. Məhkəmə hesab edir ki, yaşayış yeri, isti ocaq, hər bir insanın həyatda malik olmaq istədiyi ən zəruri maddi dəyərlərdəndir. İnsanların hər birinin yaşayış yeri ilə təmin edilməsi məsələsi nəinki onların özlərinin, həm də onların mənsub olduğu dövlətin əsas qayğılarından biri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməməsini, həmçinin dövlətin yaşayış binalarının və evlərin tikintisinə rəvac verməsini, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görülməsini təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşamışdırmı; 2) şəxs yaşadığı yerdən məhrum edilmişdirmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və s.) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdeh mübahisəli fərdi yaşayış evi üzərində hüquqlarının olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə Cavabdeh nümayəndəsi Vəkil hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri də nikahdır. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci maddəsi və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri). Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, ailə qanunvericiliyində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə xüsusi iddia müddətinin tətbiqinin nəzərdə tutulması vətəndaşları nikahları pozularkən ümumi əmlakdakı paylarını bölüşdürməyə təşviq etməklə mülki dövriyyənin sabitliyinin təmin edilməsinə, ər-arvadın ümumi əmlakı ilə bağlı gələcəkdə yarana biləcək çoxsaylı məhkəmə mübahisələrinin qarşısının alınmasına yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu sözügedən qərarında müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsini tövsiyə etmişdir. Şərh edilən normativ hüquqi aktların tələbindən görünür ki, Ailə Məcəlləsinin 36.9cu maddəsində göstərilən müddət yalnız tərəflərin birgə nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi tələbinə şamil edilir. İddiaçı iddia tələbi isə Göyçay rayonu Çayarxı kəndində Cavabdeh yaşadığı evə köçürülmə tələbidir. Evə köçürülmə tələbi şəxsin məhrum edildiyi evdən yaşayış hüququnun təmin edilməsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş iddia tələbi isə tərəflərin birgə nikah dövründə əldə etdikləri ümumi əmlakın bölünməsi tələbidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan iddia müddəti yalnız tərəflərin birgə nikah dövründə əldə etdikləri ümumi əmlakın bölünməsi tələbinə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı xx xxxxxx 2005-ci ildə Göyçay rayonu Çayarxı bələdiyyəsindən alqı-satqı müqaviləsi ilə Cavabdeh adına alınmış, Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar