Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-81/2021 28.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi (vəkili) Nümayəndə1 və Cavabdeh2 və nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, zəbt edilmiş torpaq sahəsindən çıxarılma və dövlət aktının qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində 28 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizə ilə məhkhəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları və torpağa mülkiyyət hüququna dair JN-263 saylı dövlət aktının Cavabdeh1 alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 iddia müdafiə edərək göstərmişlər ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə Göyçay rayonunun Mirzəhüseynli kəndində ümumi-birgə mülkiyyətlərinə 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN-263 saylı dövlət aktı(kod ********) təsdiq edir. Ümumi-birgə mülkiyyətlərində olan torpaq sahəsi islahatdan sonra naturada ölçülüb onlara verilmiş və 2002-ci ilə kimi həmin torpaq sahəsindən nar bağı kimi istifadə etmişlər. Ümumi birgə mülkiyyətçi İddiaçı1 2002-ci ildə həmin torpaq sahəsini və mərhum nənələri X1 torpaq sahəsini 10 il müddətinə həmkəndliləri Cavabdeh1 qabaqcadan 10 illik icarə haqqını, yəni ******* AZM (köhnə Azərbaycan manatı) ödəmək şərti ilə icarəyə vermişdir. Bu müddət ərzində Cavabdeh1 torpaq sahəsini əkib-becərdiyi üçün dövlətdən yardım almaq məqsəsi ilə hər iki torpaq sahələrinə dair dövlət aktlarını da onlardan almışdır. Lakin 10 il müddət tamam olduqdan sonra Cavabdeh1 nə əlavə icarə haqqı ödəmiş, nə də torpaq sahəsi ilə mülkiyyət sənədini onlara qaytarmamışdır. İstifadə etdiyi torpaq sahəsində əkilmiş nar ağaclarını çıxararaq orada taxıl əkməklə qazanc əldə etmişdir. Hazırda torpaq sahəsini qardaşı olan Cavabdeh2 ilə əkib-biçən Cavabdeh1 nə torpaq sahəsini, nə də dövlət aktını onlara qaytarmır, sənədi yandıracağını bildirir. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə1 iddiaçıların göstərdikləri xüsusatları müdafiə etmiş, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçılara məxsus torpaq sahəsini ******* AZM (köhnə Azərbaycan manata) almışdır. Həmin torpaq sahəsində 20 ildir ki, əkin işləri aparır. Qeyd edilən torpaq sahəsinin dövlət aktı ondadır. Hesab edir ki, həmin torpaq sahəsi ona satıldığından dövlət aktıda onda qalmaldır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə2 cavabdehin göstərdiyi xüsusatları müdafiə edərək iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-263 saylı dövlət aktından görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində 1.13 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli rəydən və sxemdən görünür ki, JN-263 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 Əliağa oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.13 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilibedilmədiyini müəyyən etmək mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəylərinin verilməsi üçün xərci 95 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların mülkiyyətində olan 1.13 ha torpaq sahəsi cavabdehlərin Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 1.13 ha torpaq sahəsinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiası təmin edilməli, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların qanuni mülkiyyətində olan 1.13 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı, JN-298 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının əsli Cavabdeh1 alınaraq iddiaçılara verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iş üzrə mübahisənin həllinə dair mütəxəssis rəyi verilmədiyindən, rəyin verilməsinə çəkilmiş kimi qeyd edilmiş 95 manat məhkəmə xərci Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-263 saylı Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan 1.13 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsın. JN-263 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının əsli Cavabdeh1 alınaraq iddiaçılara verilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat Cavabdeh1 alınaraq İddiaçı1 verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-81/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-81/2021
28.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver